III MDB Oyunlarının gündəliyi

post-img

Çövkən millimiz finalda

Azərbaycanın çövkən yığması III MDB Oyunlarında finala yüksəlib.

Yarımfinalda milli komanda Qazaxıstanla üz-üzə gəlib. Şəki şəhər stadionunda baş tutan görüş Azərbaycanın 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Yığma qrupdakı ilk oyunda Qırğızıstan üzərində 4:0, Küveyt üzərində isə 5:0 hesabı ilə qələbə qazanmışdı.

Çövkən millimizin finaldakı rəqibi yarımfinalda Qırğızıstan komandasından üstün olan Özbəkistan komandası olacaq.

Qeyd edək ki, çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.

Cüdoçularımızın uğuru

Azərbaycan cüdoçuları III MDB Oyunlarında uğurla çıxış ediblər. Nərmin Ağamirzəzadə (52 kq), Könül Eyvazlı (48 kq), Fəxri Sahibzadə (66 kq), Zeyd Ələsgərov (60 kq) və Gülşən Hüseynova (44 kq) final görüşlərini qələbə ilə başa vuraraq qızıl medal qazanıblar.

Hüseyn Hüseynzadə (66 kq), Röyal Qayıbov, Məhəmmədəli Hüsiyev (55 kq), Sunay Salamova (40 kq), Nəzakət Vəliyeva (57 kq), Məhəmməd Ağakişiyev (81 kq) və Sübhan Axundov (+90 kq) gümüş, Aysun Məmmədova (52 kq), Xədicə Abdullayeva (44 kq), Anar Quliyev (50 kq), İbrahim Talıbov (55 kq), Fidan Cəlilli (70 kq), Zemfira Əliyeva (+70 kq), Sadiq Məmmədov (73 kq), Nurəddin Əliyev (90 kq), Tunar Fərzəliyev və Sübhan Axundov (hər ikisi +90 kq) isə bürünc medalla kifayətləniblər.

Ümumi hesabda Azərbaycan cüdoçuları Oyunların ilk yarış gününü 21 medalla başa vurublar. Onlardan 5-i qızıl, 7-si gümüş, 9-u isə bürünc olub.

Qılıncoynadanlarımızın 2 bürüncü

Azərbaycanın qızlardan ibarət şpaqa üzrə milli komandası III MDB Oyunlarında bürünc medal qazanıb. Yığmamız yarımfinalda Özbəkistan kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 45:37 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, Mirnuray Abasova, Aynur Quliyeva, Nəzrin Mehdiyeva və Xədicə Həsənlidən ibarət Azərbaycan komandası bürünc medal qazanıb.

Qılıncoynatmanın sablya növü üzrə oğlanlardan ibarət Azərbaycan millisi III MDB Oyunlarını bürünc medalla başa vurublar. Abbas Hüseynov, Nahid Məmmədli, Rəsul Əliyev və Timur Husnaddinovdan ibarət yığma 1/4 finalda Belarus yığmasına 45:40 hesabı ilə qalib gələrək yarımfinalda Rusiya komandası ilə qarşılaşıb. Sablyaçılarımız finala gedən yolda rəqibinə 32:45 hesabı ilə uduzaraq bürünc medalla kifayətlənib.

Atıcılıq yarışında gümüş

Gəncə İdman Sarayında təşkil olunan atıcılıq yarışlarında Azərbaycan təmsilçisi Xanna Əliyeva 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada ikinci nəticə göstərərək gümüş medal qazanıb.

Kişilər yarışında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş açmada qazaxıstanlı Dmitriy Kim qızıl, belaruslu Arseni Livantsou gümüş, digər qazaxıstanlı Nikita Şakhtorin bürünc medal qazanıblar.

Futbolçularımızın gümüşü

Rusiyanın 16 yaşadək futbolçulardan ibarət millisi III MDB Oyunlarının qalibi olub. Valentin Qavvanın baş məşqçisi olduğu yığma finalda Azərbaycan millisinə 3:2 hesabı ilə qalib gəlib.

Azərbaycan millisinin qollarını 46 və 67-ci dəqiqələrdə Əli Bəşirov vurub. Rusiya seçməsinin heyətində isə 73-cü dəqiqədə Klim Denisov, bir dəqiqə sonra İvan Kuzmin, 76-cı dəqiqədə isə Ratmir Lukianov fərqləniblər.

Bu nəticədən sonra Rusiya turniri qızıl, Azərbaycan isə gümüş medallarla başa vurub.

Boks yarışlarında 9 medal

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında boks yarışlarının final mərhələsi davam edir. Qadın boksçumuz Gülər Hüseynova 48 kiloqram çəki dərəcəsində final döyüşündə rusiyalı Daria Qavrina ilə qarşılaşıb.

Rəqibinə 4:1 hesabı ilə qalib gələn Azərbaycan təmsilçisi qızıl medala sahib çıxıb.

Onun komanda yoldaşları Aysel Fərəcova (46 kq), Əminə Tağı (50 kq), Cəmilə Muradlı (54 kq), Aynur İsmayılova (60 kq) və Fidan Bakarova (63 kq) isə final görüşlərində məğlub olduqları üçün gümüş medalla kifayətləniblər.

Bundan əlavə, Aylin Nəzərova (46 kq), Zəhra Məmmədova (52 kq) və Mirrüqeyya Azərpur (57 kq) bürünc medallar qazanıblar.

Beləliklə, Azərbaycanın qadın boksçuları turniri 1 qızıl, 5 gümüş və 3 bürünc medalla başa vurublar.

Qeyd edək ki, boks üzrə yarışlar oktyabrın 5-də yekunlaşacaq.

Güləşçilərimizin 1 qızılı, 2 gümüşü, 4 bürüncü

III MDB Oyunlarında güləş yarışlarının ikinci günü Azərbaycan təmsilçisi Rəvan Həsənzadə (48 kq) qızıl, Əli Hacıyev (80 kq), Hüseyn İsmayılov (65 kq) gümüş, Hakim Tağıyev (110 kq), İbrahim Süleymanov (55 kq), qadın güləşçilər Esra Məmmədli (57 kq), Xədicə Qurbanzadə (49 kq) isə bürünc medalın sahibi olublar.

Xəbər verdiyimiz kimi, oktyabrın 3-də də idmançılarımız sərbəst və qadın güləşçilərin mübarizəsində 7 medal qazanıblar.

Karateçilərimiz 16 medal qazandılar

Azərbaycanın karateçiləri III MDB Oyunlarını yüksək nəticələrlə başa vurublar.

Turqut Həsənov (84 kq) və İrina Zaretska (68 kq) turnirin qalibi olublar.

Hər iki idmançı qızıl mükafat əldə edib. Bu, Azərbaycan karateçilərinin sözügedən yarışda 5-ci qızıl medalıdır.

Asiman Qurbanlı (+84 kq) gümüş, Aysu Əliyeva (61 kq), Fərid Şahbazlı (84 kq) və Rəşid Süleymanov (75 kq) bürünc medallara sahib olublar.

Qeyd edək ki, daha əvvəl Mədinə Sadıqova (55 kq), Nuran Rzazadə (67 kq) və Roman Heydərov (fərdi kata yarışında) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Fərid Savadov (60 kq) və Nəzrin Piriyeva (55 kq) gümüş, İnci Əzizova (50 kq), Aslan Dostuyev (67 kq), Ramilə Heydərova, Rövşən Əliyev (hər ikisi fərdi kata yarışlarında) bürünc medallarla kifayətləniblər.

Beləliklə, karateçilərimiz yarışları 16 medalla başa vurublar. Onlardan 6-sı qızıl, 3-ü gümüş, 7-si bürüncdür.

Oxatanlarımız, yoxsa belaruslar?

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında kamandan oxatma yarışları davam edir. Xankəndi şəhər stadionunda qadınlar və kişilərdən ibarət komanda, həmçinin qarışıq komanda (1 qız və 1 oğlan) yarışları keçirilib. Azərbaycan yığma komandası yüksək əzmkarlıq nümayiş etdirərək, bütün qarşılaşmalarda sona qədər mübarizə aparıb.

Yarışların həlledici mərhələsi olacaq. Final günündə qadınlardan ibarət yığma komandamız bürünc medal uğrunda Belarus komandasına qarşı mübarizə aparacaq.

Y.QABİL
XQ

















İdman