Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi artır

post-img

TAP “qoca qitə”yə 50 milyard kubmetrdən çox qaz çatdırıb

Trans-Adriatik boru kəməri Avropanın qaz təchizatında strateji rol oynayır. 878 kilometr uzunluğunda olan TAP 2020-ci ilin noyabrında istifadəyə verilib və Xəzər regionundan gələn təbii qazı TANAP-la birləşdirərək Yunanıstan, Albaniya və Adriatik dənizi üzərindən İtaliyanın enerji şəbəkəsinə daşıyır. Son 5 ildə bu magistral vasitəsilə Avropaya 50 milyard kubmetrdən çox təbii qaz çatdırılıb. Bu isə Avropanın ənənəvi qaz təchizatçılarından asılılığını azaltmaq və enerji təhlükəsizliyini gücləndirmək baxımından mühüm nailiyyətdir.

Xüsusilə, Azərbaycan – İtaliya iqtisadi tərəfdaşlığının müsbət dinamikası nəzərə alınaraq hazırda TAP çərçivəsində əhəmiyyətli inkişaf mövcuddur. Belə ki, Trans-Adriatik Qaz Kəmərinin (TAP) operatoru olan “TAP AG” şirkəti kəmərin ötürmə qabiliyyətinin genişləndirilməsi üçün 2023-cü il üzrə məcburi bazar testinə başlayıb. “TAP AG”nin idarəedici direktoru Luka Skiepatti İtaliya Enerji Sammitində çıxışı zamanı bildirib ki, 2023-cü il üzrə məcburi bazar testi mərhələsi başlayır, eyni zamanda, 2025-ci il üzrə məcburi olmayan bazar testi mərhələsi də açıqdır. Proseslər bazara əlavə güc tələb etməyə imkan verir ki, bu da qaz kəmərinin daha da genişləndirilməsinə yol aça bilər. Qeyd edək ki, 5 ildən az müddətdə TAP proaktiv kommersiya təklifi, etibarlı infrastruktur və əməliyyatlar, həmçinin Xəzər dənizindən sabit qaz tədarükü sayəsində Avropaya 50 milyard kubmetrdən çox qaz çatdırıb. Hazırda TAP-a 46 qeydiyyatdan keçmiş istifadəçi etibar edir.

Xatırladaq ki, bu yaxınlarda İtaliya Prezidenti Sercio Mattarella ölkəmizə səfəri çərçivəsində dövlət başçımız İlham Əliyevlə keçirilən mətbuata birgə bəyanat zamanı önəmli mesajlar verdi. Məlumdur ki, Azərbaycan iqtisadi sahədə İtaliya ilə əsas tərəfdaşdır. Bununla yanaşı, TAP-ın əsas seqmenti kimi İtaliyanın Avropadakı tərəfdaşlarımız arasında xüsusi rolu var.

TAP-ın istismara verildiyi 2020-ci il dekabrın 31-də Azərbaycan qazının Avropa bazarına daxil olması ölkəmizin enerji tarixində yeni bir mərhələnin başlanğıcı kimi yadda qaldı. Hazırda isə TAP layihəsində növbəti mühüm mərhələnin yekunlaşması gözlənilir. Genişləndirmənin birinci mərhələsi çərçivəsində kəmərin ötürmə qabiliyyəti 2026-cı ildən etibarən ildə əlavə 1,2 milyard kubmetr artırılacaq. Bu artımın 1 milyard kubmetri İtaliyaya, 200 milyon kubmetri isə Albaniyaya yönəldiləcək. Layihənin dəyəri, təxminən, 132 milyon avro təşkil edir və bu mərhələ tamamilə TAP-ın öz vəsaiti hesabına həyata keçirilir. Əsas işlər Kipoydakı kompressor stansiyasında aparılır – burada yeni aqreqatların quraşdırılması və avadanlıqların modernləşdirilməsi nəzərdə tutulur. Bu yeniliklər təkcə texniki gücü artırmaqla qalmır, həm də Avropanın enerji təchizatında dayanıqlılıq və çeviklik yaradır.

Layihənin strateji hədəfi yalnız qazın nəqli ilə məhdudlaşmır. Şirkət orta və uzunmüddətli perspektivdə əməliyyatların səmərəliliyini artırmaq, bazar üçün yeni enerji məhsulları hazırlamaq və innovativ texnologiyalar tətbiq etməklə enerji keçidini dəstəkləmək niyyətindədir. Bu yanaşma TAP-ı təkcə bu günün deyil, həm də gələcəyin enerji arteriyasına çevirir.

Azərbaycan və Avropa İttifaqı arasında əldə olunmuş razılaşmaya əsasən, 2027-ci ilə qədər ölkəmiz Avropaya qaz ixracını ildə ən azı 16 milyard kubmetrə çatdırmağı planlaşdırır. Bu hədəf Azərbaycanın enerji diplomatiyasının uğurlu nəticəsi, həm də regionda enerji balansının sabitliyinə yönəlmiş strateji addımdır. Bu gün TAP vasitəsilə Avropaya axan hər kubmetr qaz təkcə Azərbaycan iqtisadiyyatına gəlir gətirmir, eyni zamanda, Avropa qitəsinin enerji sabitliyini təmin edən, qitələrarası əməkdaşlığın simvoluna çevrilən bir körpü rolunu oynayır.

TAP layihəsi göstərdi ki, enerji siyasəti yalnız resursların ixracı deyil, həm də etimadın ixracıdır. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bu nəhəng infrastruktur layihəsi Xəzərin sahilindən Avropanın mərkəzinə uzanan dayanıqlılıq, əməkdaşlıq və inkişaf körpüsüdür.

Avropa üçün bu, enerji sabitliyinin, Azərbaycan üçün isə milli gücün təntənəsidir. TAP – sadəcə boru kəməri deyil, Azərbaycanın imzasını daşıyan strateji bir mesajdır: biz enerji ilə bərabər sabitlik ixrac edirik.

Vüqar BAYRAMOV,
Milli Məclisin deputatı

İtaliya Azərbaycanın vacib tərəfdaşlarından hesab olunur. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 11 milyard 390 milyon dollar olub. Azərbaycan və İtaliya arasında ən böyük ticarət dövriyyəsi isə 2022-ci ildə qeydə alınıb: 18 milyard 122 milyon dollar.

2024-cü ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 24 faizi İtaliyanın payına düşüb. Azərbaycan xüsusən də enerji məhsullarını Avropa bazarına İtaliya vasitəsilə ixrac edir. Bu baxımdan təbii ki, Azərbaycanla Avropa İttifaqı arasındakı ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İtaliyanın payına düşür. Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycanın İtaliya bazarına mavi qaz nəql etməsi ticarət dövriyyəsinin həcminə birbaşa təsir göstərib. Belə ki, Azərbaycanın Avropaya qaz ixracatı 2024-cü ildə 8,6 faiz artaraq 12,9 milyard kubmetrə çatıb. İkinci mərhələdə isə bu göstərici 20 milyard kubmetr olacaq. Nəql ediləcək mavi qazın əhəmiyyətli hissəsi məhz İtaliya bazarına ixrac edilir ki, bu da təbii ki, ölkələr arasındakı iqtisadi münasibətlərin növbəti dövrdə də inkişaf edəcəyindən xəbər verir.

İtaliya investisiyasının Azərbaycanın qeyri-neft sektoruna və eləcə də işğaldan azad olunan ərazilərimizə cəlb edilməsi də prioritet olaraq qalmaqdadır.

Nurlan ABDALOV
XQ



İqtisadiyyat