Kulevi terminalı genişləndirilir

post-img

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qara dəniz sahilində yerləşən Kulevi terminalının genişləndirilməsi ilə bağlı layihə sənədlərini Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyinin Ekoloji Nəzarət Departamentinə təqdim edib.

Layihədə hər birinin tutumu 20 min kubmetr olan 4 yeni silindrik polad çənin inşası nəzərdə tutulub ki, bu da terminalın yanacaq və neft məhsullarının yükləmə-boşaltma gücünü, ümumilikdə, 80 min kubmetrədək artırmağa imkan verəcək. Bundan əlavə, neft məhsullarının sistern tipli vaqonlardan effektiv boşaldılmasını təmin edən ikitərəfli dəmir yolu estakadası tikiləcək.

SOCAR Gürcüstan qanunvericiliyinə müvafiq olaraq layihə ilə yanaşı, ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında hesabat da təqdim edib. Ekoloji nəzarət departamenti sənədə baxacaq və daha sonra terminala yeni obyektlərin inşasına başlamaq üçün müvafiq icazə verəcək. Kulevi terminalının 6 rezervuar parkı var və genişləndirilmə şirkətin inkişaf strategiyasının bir hissəsidir.

Xatırladaq ki, Kulevi neft terminalı 2008-ci ildən fəaliyyət göstərir. Onun genişləndirilməsi ilə bağlı planlar bu ilin aprelində elan olunub.

XQ

İqtisadiyyat