Kəlbəcərdə yüksək hündürlükdə ilkin gücü 240 meqavat olacaq külək elektrik stansiyasının (KES) təməli qoyulub. Bununla da, rayonun külək potensialının ölçülməsi prosesi başlayıb.
Hazırda burada iki küləkölçmə dirəyi işləyir və məlumat toplayır. Qısa zamanda onlara sahənin potensialını daha dəqiq qiymətləndirməyə imkan verəcək lidar sistemi də əlavə olunacaq. Layihə “Kalbajar Energy” MMC birgə müəssisəsi tərəfindən həyata keçirilir.
Xatırladaq ki, ötən il noyabrın 20-də COP29 çərçivəsində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, “Clean Energy Invest” MMC və “Baltech Green” MMC arasında Kəlbəcər KES-in inkişafı ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Bu unikal layihə dəniz səviyyəsindən 3 min 100 metr yüksəklikdə həyata keçiriləcək və ən hündür külək elektrik stansiyası olacağı gözlənilir. “Clean Energy Invest” və “Baltech Green” layihə üçün birgə müəssisə yaradıblar. İlkin gücü 240 meqavat olacaq KES-in 2028-ci ilin əvvəlində kommersiya fəaliyyətinə başlayacağı gözlənilir. Layihə gələcəkdə 600 meqavat gücə çatmaq potensialına malikdir.
Azərbaycanın gözləntilərinə görə, 2027-ci ilə qədər ölkədə ümumi gücü təxminən 2 qiqavat olan 8 sənaye günəş və külək elektrik stansiyası tikiləcək. Layihələrə ümumi investisiyanın həcmi 2,8 milyard ABŞ dolları qiymətləndirilir və onlar xarici və yerli investisiyalar hesabına maliyyələşdiriləcək.
Bu planların həyata keçirilməsi hər il 5,3 milyard kilovat-saat “yaşıl” enerji istehsalına, elektrik şəbəkəsində bərpaolunan enerjinin payının 32,6 faizə çatdırılmasına, ildə 1,2 milyard kubmetr qaza qənaət edilməsinə, istixana qazlarının tullantılarının 2,5 milyon ton azaldılmasına imkan verəcək. 2030-cu ilə qədər ölkəmiz bərpaolunan enerjinin quraşdırılmış gücünü 6 qiqavata çatdırmaq niyyətindədir ki, bunun da 4 qiqavatının ixraca yönəldilməsi planlaşdırılır.
XQ