“Azərbaycan ədəbiyyatında ulduzlu səma”

post-img

Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Azərbaycan ədəbiyyatında ulduzlu səma” mövzusunda elmi seminar keçirildi. Tədbiri muzeyin direktoru akademik Rafael Hüseynov açaraq bildirdi ki, bugünlərdə Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi keçirilir. Əlli il əvvəl də paytaxtımızda belə mötəbər məcils keçirilmişdi və bu heç də səbəbsiz deyil. Çünki hələ XII-XIII əsrlərdən başlayaraq Azərbaycan Yaxın və Orta Şərqdə astronomiyanın mərkəzlərindən birinə çevrilmişdi.

 

Akademik R.Hüseynov görkəmli mütəfəkkir, alim Nəsrəddin Tusinin astronomiya elminin inkişafında müstəsna rolunu diqqətə çatdırıb. Qeyd olunub ki, xüsusilə XII-XIII əsrlərdə Azərbaycanda astronomiya elminə maraq daha da artmağa başlayıb. Şairlərimiz və alimlərimiz öz əsərlərində astronomiya, ulduzlu səma haqqında fikir və düşüncələrini ifadə ediblər. Məsələn, Qətran Təbrizi, Xaqani Şirvani, Məshəti Gəncəvi və digər şairlərimizin yaradıcılığında planetlərin, ulduzların adlarına rast gəlirik. Həmin müəlliflər səma cisimlərinin adlarından simvolik mənada istifadə edirdilər. Lakin Nizami Gəncəvi artıq ulduzları, göy cisimlərini, ulduzlu səmanı sadəcə bir bədii obraz kimi istifadə eləmir, həm də bir ulduzşünas kimi onlardan yararlanırdı. Təsadüfü deyil ki, orta əsrlərin bir sıra qaynaqlarında, müəyyən təzkirələrdə Nizami Gəncəvi sadəcə şair, böyük hikmət sahibi deyil, həm də bir əxtərşünas, ulduzşünas kimi təqdim edilir.

Müzeyin direktorunun fikrincə N.Gəncəvinin əsərləri, faktiki olaraq, astronomiya nöqteyi-nəzərindən Azərbaycan ədəbiyyatı və bütövlükdə Yaxın və Orta Şərq ədəbiyyatında ilk qaynaqlardan biri sayılmalıdır. Şairin müxtəlif əsərlərində ulduzlu səmanın parlaq əksi var. “Leyli və Məcnun”da Məcnun Göylə danışır. Onun Göylə danışması səhnələrində Məcnunun yalnız ruhlar aləminə müraciəti, öz içərisi ilə danışması deyil, həm də səmanın xəritəsi canlanır.  Ona görə də Nizaminin əsərlərinə yalnız ədəbiyyatşünaslar deyil, eləcə də ulduzşünaslıq elmi üzrə mütəxəssislər artıq XIII-XIV əsrlərdən bu nöqteyi-nəzərdən diqqət yetirmişlər.

Nizaminin “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “İskəndərnamə”, “Yeddi gözəl” və digər əsərlərinin dibaçələri, məsnəvilərinin müqəddimələri əslində hər biri ayrıca müstəqil əsər kimi tədqiq edilməlidir. Ümumiyyətlə Nizaminin “Leyli və Məcnun” poeması ulduzların təsviri baxımından ən seçilən əsərlərindəndir. Çünki orta əsrlərdə ikinci elə bir şairə, ədibə rast gəlmirik ki, onun əsərlərində ulduzlu səma Nizamidəki qədər yerli-yataqlı təsvir olsun.

XII  yüzildə Azərbaycan həm şair, həm də astronomiya ilə məşğul olan Fələki Şirvani kimi böyük şəxsiyyət yetişmişdi. Onun astronomiyaya aid əsərinin mövcud olması haqqında məlumat olsa da, təssüf ki, bizim günümüzə gəlib çatmamışdı. XIII əsrdə Marağada Nəsrəddin Tusi Yaxın və Orta Şərqdə ilk rəsədxanalardan birini yaradır. 

Əssar Təbrizinin “Mehr və Müştəri”, Abbasqulu Ağa Bakıxanovun “Əsrarül məlakut”, Hüseyn Cavidin “Xəyyam” və digər şairlərimizin əsərlərində astronomiyaya aid bilgilər, ulduzlu səmanın təsviri verilib.

Sonra R.Hüseynov iştirakçıların suallarını cavablandırdı.

Qabil YUSİFOĞLU, 

XQ









Mədəniyyət