Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin birgə təşkilatçılığı ilə “Biomüxtəlifliyin qorunması və davamlı istifadəsi: idarəetmənin təkmilləşdirilməsi vasitəsilə Azərbaycanın xüsusi mühafizə olunan ərazilər sisteminin gücləndirilməsi” layihəsi çərçivəsində 29 sentyabr 2023-cü il tarixində seminar keçirilib.
Təbiəti Mühafizə Üzrə Milli Planın hazırlanması mövzusuna həsr olunan seminarın məqsədi Qafqaz ekoregionu üzrə daha böyük transsərhəd ekoloji şəbəkənin yaradılmasına və səmərəli idarə olunmasına dəstək göstərilməsi üçün milli səviyyədə tələb olunan tədbirlərin həyata keçirilməsinə yönəlib.
Milli Təbiəti Mühafizə Planının hazırlanması məqsədilə dövlət qurumları, qeyri-hökumət təşkilatları və digər maraqlı tərəflər bir araya gələrək, gündəlikdə duran məsələləri müzakirə ediblər.
Tədbirin sonunda Milli Təbiəti Mühafizə Planının hazırlanmasına nəzarət etmək üçün ETSN-nin rəhbərliyi ilə İdarələrarası Əlaqələndirmə Komitəsinin və sözügedən Planın işlənib hazırlanması prosesinə texniki rəhbərlik məqsədilə çoxtərəfli Ekspert İşçi Qrupunun yaradılması qərara alınıb.
Seminarda Azərbaycan Milli Elmlər Akademiyasını AMEA-nın vitse-prezidentlərinin xidmətinin elmi katibi, biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə ekspert qismində təmsil etmişdir.
XQ