“Xalqların rəssamı” Mikayıl Abdullayev

post-img

1990-cı ilin sonları idi. Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin 70 illiyi qeyd olunurdu. İlin, ayın çətin vaxtları olduğuna görə rəsmi və ya təntənəli tədbir keçirilməsə də, incəsənət adamları bu əlamətdar tarixə biganə qala bilmirdilər. Mənə bu yubileylə bağlı qəzet materialı hazırlamaq da məhz Xalq rəssamı, Əməkdar incəsənət xadimi, Rüstəm Mustafayev adına İncəsənət Muzeyinin direktoru Kazım Kazımzadənin baş redaktorumuz Nahid Hacıyevə zəng etməsindən sonra həvalə edilmişdi. Kazım müəllim redaktorumuza demişdi ki, müxbiriniz Mikayıl Abdullayevlə görüşsə, daha yaxşı faktlar öyrənə bilər: “Çünki mən Xalq rəssamıyam, Mikayıl isə “xalqların rəssamı”dır”. O, Mikayıl müəllimin Hindistanda da yüksək mükafatlara layiq görülməsini xatırladırdı. 

Mən Mikayıl Abdullayevə zəng elə­dim. Dedi: “Əlbəttə o barədə yazı ha­zırlamaq lazımdır. Mən istənilən suala cavab verməyə hazıram. Çünki o mək­təb bizim sənət məbədimizdir. Həm də məktəbimiz bir yaş məndən böyükdür. Sabah saat 11-də “Kukla teatrı”nın yanındakı “Lalə” kafesində görüşək”. Sonradan öyrəndim ki, o həndəvərdə yaşayan Mikayıl müəllim bütün mətbu­at təmsilçilərini məhz məni dəvət etdiyi yerdə qarşılayırmış. 

“Müxbir, çayı hansı mürəbbə ilə gətirsinlər?” 

Bu sualı SSRİ Xalq rəssamı cəmi bir il qabaq təsis edilmiş qəzetin sadə müxbirinə verdi. Mən bir az tutuldum. Bir də soruşdu ki, gilas mürəbbəsi gə­tirsinlər, yoxsa çiyələk? Dedim, gilas. Dünən mənə demişdi ki, vaxtım az­dır, amma, gəl, beş-on dəqiqə söhbət edək. İndi isə bir saatdan çox danışdı. Mat qalmışdım. İnsanda təhsil aldığı müəssisəyə nə qədər sevgi, məhəb­bət, ehtiram ola bilərmiş? 

Əzim Əzimzadədən danışdı, mək­təbin görkəmli müəllimləri və tanınmış məzunları haqqında söz açdı, Azər­baycanın kənd zəhmətkeşləri ilə gö­rüşlərini xatırladı, Hindistan səfərindən bəhs etdi. Həmin 60-70 dəqiqəlik söh­bətdə bəlkə də on dəfə “bizim sənəd məbədimiz” ifadəsini işlətdi. 

“Dehlinin meri camaatdan soruşdu ki…”

Görkəmli rəssam Hindistan səfə­ri barədə danışarkən öz əsərlərindən və ya qəhrəmanlarından əvvəl həmin ölkədə Rəşid Behbudova olan sevgi­dən söz açdı: “Mer bir gün əvvəl elan verdiribmiş ki, mənim SSRİ-dən qona­ğım gəlir, onun xalqla görüşünü təşkil edirik. Bəlkə də on minlərlə insanın toplaşdığı (Hindistanda 20-30 min adam toplamağa nə var ki?) böyük bir meydandakı tribunaya ikimiz birlikdə qalxdıq. Mer kütləyə səsləndi: – Ca­maat, mənim qonağım Azərbaycandan gəlib. 

Bəlkə də on dəqiqəyə qədər alqış səsləri kəsilmədi.

– Camaat, bilirsinizmi o mənə Bakı­dan nə gətirib? 

Meydan susdu. – O, mənə Bakıdan Rəşid Behbudovun salamlarını gətirib. 

Meydan sanki daha susmadı. Rəşi­di Hindistanda o qədər sevirlər”. 

Böyük rəssamlar həm də böyük insanlar idi 

Yuxarıda qeyd etdiyim kimi, mənim Mikayıl Abdullayevlə görüşməyimi təx­minən əlli il Milli İncəsənət Muzeyinin direktoru olmuş görkəmli rəssam Ka­zım Kazımzadə məsləhət görmüşdü. Mikayıl müəllim isə söhbətinin sonun­da tövsiyə etdi ki, mütləq Kazım Ka­zımzadə ilə də görüşmək lazımdır: “O, bizim sənət məbədimizin ən görkəmli məzunlarındandır”. 

Kazım müəllimlə də görüşdüm: “Bi­zim ata evimiz haqqında yazdığınıza görə çox sağ olun!” – deyə söhbətə başladı. 

Mən onların sənətkarlığı kimi insan­lıqlarının da bir-birindən üstün olduğu­nu gördüm. Ürək böyük olanda insan cəmiyyət qarşısında çox böyüyür. 

Böyük rəssamla söhbətimizin so­nunda xahiş etdim ki, öz sənəd mə­bədinizin yubileyini bir imzanızla təbrik edin, biz də o imzanı “Dalğa”nın oxucu­larına təqdim edək.

Üç-dörd sözlük təbrik yazdı və im­zalayandan sonra soruşdu: “Müxbir, mənim imzamı neçə il saxlaya bilər­sən?”

Cavab verə bilmədim. Elə indi, 32 il sonra, həmin imzanı “Xalq qəzeti”nin oxucularına təqdim edəndə də o sua­la cavab verə bilmirəm. Hər halda bu imzanı bir əsrin sonuncu onilliyində də qəzetdə vermişdim, o biri əsrin üçüncü onilliyinin əvvəlində də təqdim edirəm. 

Allah Nahid Hacızadəyə, Mikayıl Abdullayevə və Kazım Kazımzadəyə min dəfələrlə rəhmət eləsin!

 

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”,
Əməkdar jurnalist



Mədəniyyət