“Özbək toydan– toya yaşayır”

post-img

Şərq xalqlarının adət-ənənələri arasında toy çox mühüm hadisədir. Özbəkistanda çox şən, səsli-küylü, çoxsaylı qonaqların iştirakı ilə keçən toy böyük bir bayramdır. Uşaq anadan olandan ailədə gələcək toya hazırlıq başlayır, arxaya pul atılır, cehiz alınmağa başlanır. Özbəklərdə belə bir məsəl var: “Özbək toydan-toya yaşayır”. 

Özbək toyu mürəkkəb bir proses­dir, bir neçə hissəyə ayrılır: fatihə-toy, non-sindiriş (çörək kəsmə), nikah-toy və “gəlin salam”. Harada keçirilməsindən asılı olmayaraq, istər kiçik kənddə, istər­sə də böyük şəhərdə, toy bir neçə gün davam edir və bütün toy ənənələrinə cid­di raiyət edilir. Onu da demək lazımdır ki, toy adət-ənənələri vilayətdən asılı olaraq fərqlənir. Bir vilayətdə keçirilən toyların digər vilayətdə baş tutan belə şənliklərlə oxşar və fərqli cəhətləri var. 

Müasir dövrdə əksər dövlətlərdə ol­duğu kimi, Özbəkistanda da oğlanlar evlənmək üçün qızı özləri seçirlər. Lakin çox vaxt qızı seçmək vəzifəsini oğlanın anası, xalası, bibisi və ya vasitəçi qadın­lar öz üzərinə götürür. 

Evlənmək yaşına çatan oğlanın sev­diyi qız yoxdursa, oğlan anası öz tanış­larına xəbər göndərib kimin evində ərə getməli qız olduğunu öyrənir. Elçi gəl­məzdən əvvəl oğlan anası qız anasına zəng edib gələcəkləri günü müəyyənləş­dirir. Qız evində mütləq gözəl bir süfrə açılır. Qadınlar görüşür, oğlanın və qı­zın ailəsi, təhsili, iş yeri və s. haqqında söhbət edirlər. Mərasimin sonunda qız qonaqlarla salamlaşmaq üçün otağa girir və tez də çıxır. Oğlan anası qızı ilk dəfə görür. Elçilər gedəndən sonra qız evi oğlanın ailəsi, nəsli-nəcabəti haqqında məlumat toplayır. Oğlanla qızın bir-birinə uyğun olduğu fikrinə gəlsələr, gənclər ta­nış edilir. 

Söhbətlərdə oğlan qızı, qız da oğlanı bəyənməsə, ana yenidən axtarışa çıxır. Bu proses münasib qız tapılana kimi da­vam edir. 

Oğlan qızı, qız isə oğlanı bəyəndisə, qızın anası oğlanın anasına ağ süfrə hə­diyyə edir ki, bu da razılıq əlaməti sayılır. Oğlanın elçiləri bir daha gəlir, razılıq əldə olunduqdan sonra nişan günü müəyyən edilir. Bu mərasim “fatihə-toy” adlanır. Ni­şan vaxtı qadınlar və kişilər ayrı oturur, bir-birilərinə hədiyyələr verir, toy haqda konkret məqamları müəyyənləşdirirlər. 

Ənənəyə görə iki çörək bölünür və bununla da gənclər nişanlanmış hesab olunur. Bəzi bölgələrdə oğlan evi qız evinə pul da verir. 

Bundan sonra toya hazırlıq prosesi başlanır. Milli adət-ənənəyə görə toyun bütün xərcini oğlan evi çəkir. Lakin müa­sir böyük şəhərlərdə, əsasən də Daş­kənddə xərc iki ailə arasında bölünür. 

Valideynləri gəlinə cehiz verir və ailə­də qız anadan olan gündən cehiz yığıl­mağa başlanır. Buraya müxtəlif paltar­lar, parçalar, xalçalar, dəsmallar, yataq dəstləri, məişət əşyaları, qab-qacaq və s. daxildir. 

Toya az qalmış qızın gedəcəyi evə rəfiqələri, qohumlar yığılır, stol açılır, mahnı oxunur, rəqs edilir, gəlinə hədiy­yələr verilir. 

Hər bir özbək toyu plovla başlanır. Ənənəyə görə toy plovu “nahar aşı” adlanır və qız evi tərəfindən hazırlanır. Ərzağı – düyü, ət, soğan və kökü oğlan evi qız evinə göndərir. Bütün gecə qız evində böyük qazanlarda plov bişirilir və bu mərasimdə aşpazlar bir qayda olaraq kişilər olur. 

Kənd yerlərində qonaqlar evlərdə, yay aylarında həyətlərdə qəbul olunur. Toy plovu toya bir-iki gün qalmış səhər tezdən verilir. Bəzən də elə olur ki, səhər toy plovu verilir, axşam isə toy keçirilir, bu eyni və ya fərqli məkanda ola bilər. Toy plovuna yalnız kişilər çağırılır, nəmər yı­ğılmır, toya isə ən yaxın adamlar, dost­lar dəvət alır. Toy plovu əvvəllər səhər saat 5-də başlanar, təxminən 7-də başa çatardı. Hazırda toy plovu səhər saat 6-da, 7-də, bəzən də daha gec başlanır. Özbəklər səhər plovuna mütləq gəlməli­dirlər, gecikmək toy yiyəsinə təhqir kimi qəbul edilir. Bəzən toy plovuna gənclərə xeyir-dua vermək üçün imam da dəvət olunur.

Bir məqamı da xatırlamaq mütləq la­zımdır. Toy plovu gündəlik bişirilən plov­lardan fərqlənir. Belə ki, bu plov bir qayda olaraq quyruq yağında bişirilir. Bu plovun dadından doymaq olmur, bir yeyən bir də yeyim deyir. 

Səhər tezdən plov yemək ənənəsi isə böyük sərkərdə Əmir Teymurun döv­ründən qalıb. Böyük sərkərdə yürüşlərə gedəndə aşpazlarına əmr edir ki, elə bir yemək hazırlasınlar ki, səhər tezdən ye­yilsin və axşama kimi əsgər və zabitləri tox saxlasın, nədən ki, gün ərzində ordu ya yol gedir, ya da döyüşür. Bir də qaran­lıq düşəndə yemək yada düşür. Beləcə, Əmir Teymura hörmət və ehtiram əlaməti olaraq özbək xalqı o ənənəni toy mərasi­minə gətirib. 

Toy günü qız evində günorta saat 1-2-də bəyin şərəfinə süfrə açılır. Buna “ku­yov-navkar” ( bəy-nökər) deyilir. Oğlan evlərindən çıxanda anası onu arxadan səsləyir. Oğlan başını çevirir və anasının yanına gəlir. Bu, “oğlum, məni heç vaxt unutma” deməkdir. Oğlan anasına hədiy­yə (qızıl, pul) verir, onu öpür və dostları, qohumları ilə karnay, surnay müşayiəti ilə qız evinə yollanır. Süfrə arxasında bəyə ballı şirniyyat təqdim olunur, o da öz növ­bəsində gəlini də şirniyyata qonaq edir. Bir adət də çox maraqlıdır. Bəylə gəlin təzə bir güzgüdə bir-birinə baxmalıdırlar. Yeməkdən sonra gənclər şəhərə çıxır, mənzərəli yerlərdə şəkil çəkdirirlər.

Toya 250-350 arası və daha çox qo­naq dəvət olunur. Toy zamanı özbəklər öz qonaqpərvərliklərini bir daha nüma­yiş etdirirlər. Toya təbii ki, müğənnilər və müxtəlif rəqs kollektivləri dəvət olunur.

Bəzi bölgələrdə bəy toy salonuna tək daxil olur, yaxın qohumlarla görüşür, öz yerində oturur və qucağına bir uşaq veri­lir. Sonra bəy bayıra çıxır və gəlinlə birgə salona təntənəli surətdə girir. Gəlin üç dəfə baş əyib qonaqları salamlayır. 

Toydan sonra öz evinə ayaq basan gəlini oğlanın ata-anası, qohumları qar­şılayır. Evin qarşısına ağ örpək sərilir. Özbəklər buna pəyandaz deyirlər. Gəlin örpəyin üstündən keçərkən onun başı­na xırda pul və şirniyyat səpilir. Bu da bərəkət rəmzinə işarədir, yəni evin hə­mişə bərəkətli olsun. 

Toyun səhərisi günü gəlin rəsmi ola­raq yeni ailəyə qəbul olunur. Bu mərasim “gəlin, salam” adlanır. Oğlanın qohumları bir-bir yaxınlaşıb gəlinə öz hədiyyələrini təqdim edirlər. Milli paltarda olan gəlin iki əli ilə başındakı örpəyi tutub hər qonağa üç dəfə baş əyir. Bu mərasim üçün gəlinə bir neçə dəst paltar alınır və ya tikilir. 

 

Qulu KƏNGƏRLİ, 

Daşkənd



Sosial həyat