Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 23-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Məhkəmə prosesində dindirilən təqsirləndirilən şəxs Levon Mnatsakanyan Azərbaycanın suveren ərazilərinin işğalı prosesində iştirak etdiyini təsdiqləyib. O, müxtəlif illərdə keçmiş qondarma qurumda “tabor komandiri”, “diviziya komandiri” və “artilleriya rəisi” olduğunu bildirib.
Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran təqsirləndirilən şəxs Samvel Karapetyan rəhbərlik etdiyi hərbi hissənin tərkibində Azərbaycanın suveren ərazilərinin işğalında iştirakını etiraf edərək deyib: “Ağdamda, Cəbrayılda, Ağdərədə, Füzulidə və digər ərazilərdə aparılan döyüş əməliyyatlarında iştirak etmişəm”.
Məhkəmə prosesində daha sonra Azərbaycan ərazilərinin işğalı zamanı Ermənistanın təşəbbüsü ilə yaradılan “Şuşa əlahiddə taboru”nun tərkibində xarici ölkələrdən gələn şəxslərin iştirakını ifşa edən videomaterial tədqiq olunub.
Kadrlarda bildirilir ki, Ermənistandan və dünyanın müxtəlif yerlərindən, o cümlədən ABŞ-dan, Kanadadan, Suriyadan gələn 210-dan artıq daşnak və könüllü tərəfindən 1991-ci il noyabrın 5-də “Şuşa əlahiddə taboru” yaradılıb.
Videomaterialda deyilir ki, “Qarabağın azad edilməsi uğrunda” döyüşlərdə iştirak edən təxminən 100 erməni diaspor nümayəndəsindən 65-i bu taborun döyüşçüsü olub. Kadrlarda göstərilir ki, işğalçı Ermənistan ordusunun hərbçisi Petros Gevondyanın abidəsi önünə güllər qoyulur.
Materialda, həmçinin bildirilir: “Jirayr Sefilyan 1967-ci ildə Beyrutda anadan olub. “Mübarizə”də iştirak etmək məqsədilə 1990-cı ildə vətənə gəlib. Hərbi təlimçi kimi 1990-cı ildən Ermənistanın müxtəlif rayonlarında “yerli özünümüdafiə qrupları”nın formalaşmasında iştirak edib. 1991-ci ildə qrup komandiri kimi Qarabağın bir sıra rayonlarının yaşayış məntəqələrinin “müdafiəsi”ndə iştirak edib.
1992-ci ildə “Daşnaksütyun” döyüş qrupları əsasında Qarabağda ilk bölmələrdən biri yaradılıb və bunun əsasında bir neçə ay sonra keçmiş qondarma rejimin “ordusu”nun “Şuşa əlahiddə batalyonu” formalaşıb. Bütün müharibə boyunca bu hərbi hissənin komandiri Jirayr Sefilyan olub. Onun rəhbərliyi altında həmin hərbi hissənin bölmələri Qarabağın bütün rayonlarının, həmçinin Ağdamın işğal edilməsində iştirak edib.
Videoda bildirilir ki, Qarabağın “azad edilməsi” döyüşlərində iştirak edən təxminən 100 erməni diaspor nümayəndəsindən 65-i bu taborun döyüşçüləri olub. Vurğulanır ki, müharibədən sonra J.Sefilyan 1997-ci ildən 1998-ci ilədək 6-cı müdafiə rayonunun komandiri olub. O, 1-ci dərəcəli “Döyüş Xaçı” medalı (Ermənistan Respublikasının – red.), digər döyüş medalları və dövlət mükafatları ilə təltif olunub. Ermənistanın silahlı qüvvələrində polkovnik-leytenant rütbəsinə malikdir.
Videomaterialda Movses Akopyan (2016-2018-ci illərdə Ermənistan Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi olub – red.) çıxışında onların hərbi hissələrinin əməliyyatlarından danışıb və bildirib ki, xüsusən də Horadiz istiqamətində döyüşlərdə iştirak ediblər: “Bu gün xidmət edən zabitlər xəritə üzərindən görə bilərlər ki, Qaraxanbəyli istiqamətində düşmənin dərinliyinə doğru irəliləmişik. Tabor Əsgəran, Şuşa, Xocavənd, Ağdərə, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Kəlbəcər və Zəngilan əməliyyatlarında iştirak edib”.
Kadrlarda Davit İşxanyan da görünür.
Videogörüntülərdəki şəxsin özü olduğunu təsdiqləyən təqsirləndirilən David Manukyan Şuşa taborunun tərkibində Ağdərədə və Kəlbəcərdə aparılan döyüş əməliyyatlarında iştirak etdiyini deyib.
D.Manukyan Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında iddia edib ki, Şuşa taborunun tərkibində muzdlular olmayıb, amma xarici ölkələrdən gələn şəxslər iştirak edib.
Videomateriallar tədqiq edilməklə sualları cavablandıran təqsirləndirilən David Manukyan təqdim olunan görüntülərdəki şəxsin özünün olmasını təkrar təsdiqləyərək, Şuşa taborunun tərkibində Ağdərədə, Kəlbəcərdə aparılan döyüş əməliyyatlarında iştirak etdiyini bildirib.
Təqsirləndirilən şəxs işğal dövründə Azərbaycan ərazilərinin talan edilməsi barədə suallara cavab verməkdən yayınıb.
Daha sonra sualları cavablandıran təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamçısı Vüsal Abdullayevin “1993-1994-cü illərdə hansı əməliyyatlarda iştirak etmisiniz” sualına cavab olaraq deyib ki, sağlamlığı ilə əlaqədar atəş aça bilmədiyinə görə döyüş əməliyyatlarında iştirak etməyib. “Xankəndidə yerləşən 8-ci alayın mərkəzi müdafiə rayonunun silah anbarına cavabdeh şəxs idim. 8-ci alay demək olar bütün döyüş əməliyyatlarında - Şuşa, Laçın, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Horadiz döyüşlərində iştirak edib. Həmin alayın komandirlərindən biri də qardaşım olub. Alayın komandiri isə Samvel Karapetyan idi. Onu 1993-cü ilin yanvarından tanıyıram”, - deyə o əlavə edib.
Ardınca videomaterial nümayiş olunmaqla Arayik Harutyunyana suallar verilib.
Videomaterialda jurnalistə müsahibə verən A.Harutyunyan döyüş əməliyyatlarının aparılması qaydası haqqında və Samvel Karapetyanla ilk görüşü barədə məlumatlar verərək deyir: “Mənim sonrakı komandirimlə (Samvel Karapetyan - red.) ilk görüşüm 1992-ci il mayın 7-də olub. O vaxt biz mayın 9-da Şuşaya girmək əməliyyatını planlaşdırırdıq. Hər şey uğurla başa çatdı, Şuşanı azad etdik”.
Kadrlarda təqsirləndirilən şəxsin Samvel Karapetyanla birgə tankın üzərində oturub durbinlə ərazini müşahidə etdiyi görünür.
Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran A.Harutyunyan videomaterialda danışdıqlarını yalan adlandırıb, bu fikirləri qardaşının adından səsləndirdiyini deyib.
Təqsirləndirilən şəxs Güllücənin tutulması barədə videoda səsləndirdiyi fikirlər barədə isə qeyd edib: “Biz Güllücəyə girdik deyərkən 8-ci alayı nəzərdə tuturdum”.
Məhkəmə prosesində nümayiş olunan fotoşəkillərin bəzilərində Arayik Harutyunyan özünü tanıyıb. Şəkillərin əksəriyyətində o, hərbi formada görünür.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli təqsirləndirilən şəxsə BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin niyə icra olunmaması barədə suallar verib.
O, suallara cavabında deyib: “Bu barədə qərar var idi. Amma niyə yerinə yetirilməməsini bilmirəm. Mən Levon Ter-Petrosyanla da görüşmüşdüm. Başa düşdüm ki, yekdillik olmayıb”.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Vüsal Abdullayevin suallarını cavablandıran təqsirləndirilən şəxs 2018-2019-cu illərdə Ermənistanla keçmiş qondarma qurum arasında keçirilən 2 iclasın birində iştirak etdiyini vurğulayaraq söyləyib: “2020-ci ilin may ayında “prezident” vəzifəsini qəbul etdim. İyun ayında Ermənistanın baş naziri Nikol Paşinyandan xahiş etmişəm ki, iclas çağırsın. İstəyirdim ki, Azərbaycanla danışıqlar olsun, yekun razılığa gəlinsin. Həmin söhbətdə BMT-nin 4 qətnaməsi də var idi”.
Dövlət ittihamçısı Vüsal Əliyevin vaxtilə Azərbaycanın işğal edilmiş ərazilərinin talanması barədə sualına cavab verən A.Harutyunyan qəbiristanlıqların dağıdılmasını barbarlıq adlandırıb.
Daha sonra dindirilən David Babayan dövlət ittihamçılarının BMT Təhlükəsizlik Şurasının qətnamələrindəki işğalçı qüvvələrin kim olması barədə suallarına cavab verməkdən yayınıb.
Məhkəmədə Arkadi Qukasyanın vəkillərinin biri məhkəməyə müraciət edərək səhhətində yaranan problemə görə əvəzlənməsini xahiş edib.
A.Qukasyan müdafiəçisinin dəyişməsinə etirazının olmadığını bildirib. Məhkəmə təqsirləndirilən şəxsə yeni müdafiəçinin təyin olunması barədə qərar qəbul edib və icrası üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərib.
Məhkəmə iclasında təqsirləndirilən şəxslər, həmçinin müdafiəçilərin və zərərçəkmiş şəxslərin nümayəndələrinin suallarını cavablandırıblar.
Məhkəmə prosesi mayın 26-da davam etdiriləcək.
XQ