Amerikalı yazar Qərbi Azərbaycan həqiqətinə qara yaxır

post-img

Vaxtilə Türkiyənin təhlükəsizlik orqanlarının hərbi zonaya keçərkən saxlayıb həbs etdiyi amerikalı jurnalist Lindzi Snell bu dəfə ermənipərəst böhtançı çıxışı ilə gündəmə gəlib. Amerika Erməni Milli Komitəsinin muzdlu sözçüsü son vaxtlar Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzini hədəfə alıb.

Böhtançı xanımın bu mərkəzlə bağlı gerçəyi əks etdirməyən, qərəzli yalanlarını Ermənistan mediası həvəslə tirajlayıb. ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması idarə heyətinin üzvü, professor Mahirə Hüseynova bu təxribatçı, azərbaycanofob yazarın uydurmaları barədə XQ-yə bildirdi:

– ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektorlugu nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzininin məqsədi indiki Ermənistan ərazisindəki tarixi torpaqlarında soyqırıma və deportasiyaya məruz qalmış soydaşlarımızla bağlı təkzibedilməz faktları toplamaq və bu əsasda elmi araşdırma aparmaqdır. Lakin erməni millətçiləri və onların havadarları bizim bu humanist, ədalətli fəaliyyətimizi təhrif edərək ictimai rəyə yanlış təqdim edirlər. Həqiqətlərin aşkar edilib beynəlxalq hüquq işığına çıxarılması məlum düşmənçilik səbəbindən Ermənistanda təşviş və bədxah yozumlarla qarşılanır.

Amerikalı yazarın bu prosesə muzdla cəlb edilməsi və onun yalanlarının İrəvan mediasında yayılması təəssüf doğursa da, tarixi həqiqətlərin məzmun və xarakterini dəyişmir. Sadəcə olaraq, erməni millətçi təbliğat maşını amerikalı yazarı yalan uydurmağa, böhtan atmağa cəlb etməklə ölkədə bu prosesə beynəlxaq dəstək qazandırıldığı təsəvvürü yaratmaq istəyir. Əslində isə, Lindzi Snellin yalanları Amerika xalqının, bu dövlətin rəy və mövqeyini qətiyyən əks etdirmir.

Professor açıqlamasının davamında söylədi:

Xanım Snell bizim mərkəzdə olmadan, onun nə ilə və necə məşğul olduğunu bilmədən, erməni yalanlarını təkrarlayaraq bildirib ki, guya, burada saxta xəritə düzəldilib və erməni toponimləri dəyişdirilib. Həqiqət isə belədir ki, oyuncaq Ermənistan dövlətinin tarixi Azərbaycan torpaqları ərazisində yaradılması tarixşünaslıqda elmi təsdiqini tapıb. Bu ölkədəki Azərbaycan toponimlərini isə Ermənistan zaman-zaman heç bir əsas olmadan dəyişdirməklə tarixi həqiqəti saxtalaşdırıb.

Ermənilərin təşvisinə heç bir əsas görmürəm, bizim mərkəz elmi araşdırma ocağıdır. Ermənilərdən fərqli olaraq, burada milli nifrət, əsassız iddialar körüklənmir, obyektiv elmi araşdırmalar aparılır. Qərbi Azərbaycan icması bu həqiqətə güvənərək dinc və layiqli formada öz yurduna qayıtmaq istəyir.

Bu ümummilli hərəkatın bəşəri missiyasını heç bir Lindzi Snel dəyişdirə bilməz. Ermənisevər xanım bilməlidir ki, millətçi təbliğat bu xalqı fəlakətə yuvarlayıb. Amerikalı yazar əgər zehniyyatı zəhərlənmiş bu toplumun xoşbəxtliyini istəyirsə, bundan sonra ona açıqladığımız həqiqəti söyləməlidir.

Hazırladı:
T.RÜSTƏMLİ
XQ



Siyasət