Ankara Qərbi Azərbaycana Qayıdışa dəstək verir

post-img

Bu gün Türkiyənin Ankara şəhərində “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfrans keçirilir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin başçılığı ilə nümayəndə heyəti məclisdə iştirak edir.

Heyətə Prezident Administrasiyasının rəsmiləri, Milli Məclisin deputatları, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin, ADA Universitetinin, Qərbi Azərbaycan İcmasının və “Azərbaycan–Türkiyə Evi” İctimai Birliyinin nümayəndələri daxildir. Konfransda Azərbaycan və Türkiyənin 200-dən çox təmsilçisi iştirak edir. 

Azərbaycan heyəti dünən Ankaradakı Heydər Əliyev Parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, Ulu öndərin xatirəsini ehtiramla anıb. Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün Anıtməzarı da ziyarət olunub.

 Türkiyə Böyük Millət Məclisində sədr Numan Kurtulmuşla keçirilən görüşdə Azərbaycan ilə qardaş ölkə arasında parlamentlərarası münasibətlərin sağlam təməllər üzərində qurulduğu qeyd olunub, bu dostluq və qardaşlıq əlaqələrinin beynəlxalq müstəvidə gətirdiyi dividendlər, parlamentlərdə fəaliyyət göstərən dostluq qruplarının fəaliyyətinin daha da gücləndirilməsi məsələləri haqqında danışılıb. 

Türkiyə Respublikası ­Prezidentinin Administrasiyasında vitse-prezident ­Cevdet Yılmazla görüşdə isə iki qardaş ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafı haqqında fikir mübadiləsi aparılıb. Tərəflər Prezident İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın yorulmaz və qətiyyətli addımları nəticəsində Azərbaycanın və Türkiyənin “Bir millət, iki dövlət” ideyasını hər zaman qoruduğunu, ən çətin anlarda bir-birinə dayaq olduqlarını xüsusi vurğulayıblar. 

Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Efkan Ala ilə görüşdə hakim siyasi partiyaların gələcəkdə müxtəlif məsələlərlə bağlı qarşılıqlı təcrübə mübadiləsinin dərinləşdirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Beynəlxalq konfransa Azərbaycan və Türkiyədən 200-dən çox iştirakçı qatılacaq.

XQ

 

Son xəbərlər