28 ölkəni təmsil edən Biznes Şurasının Bakı müzakirələri
Dünən Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) təşkilatçılığı ilə qurumun Biznes Şurasının 8-ci plenar iclası öz işinə başlayıb. Toplantıda AQEM-ə daxil olan dövlətlərin qarşılıqlı əməkdaşlıq əlaqələri, biznes planlar, birgə iqtisadi layihələrin həyata keçirilməsi, o cümlədən nəqliyyat və tranzit sahəsində faydalı əməkdaşlıq məsələləri müzakirə edilib.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və AQEM-in təşkilatçılığı ilə keçirilən toplantını qurumun baş katibi Kayrat Sarıbay açaraq qarşıdakı fəaliyyət və perspektiv planlar barədə məlumat verib. Qeyd olunub ki, AQEM-ə üzv ölkələrin kiçik və orta biznes nümayəndələrinin beynəlxalq əlaqələrinin inkişafı Biznes Şuranın fəaliyyətinin diqqət mərkəzində olan əsas məsələdir.
AQEM-in ölkəmizdə keçirilən tədbirlərinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayan K.Sarıbay əlavə edib ki, bu, Azərbaycanın quruma uğurla sədrlik edəcəyindən xəbər verir. Bu il Azərbaycanda rəqəmsal transformasiya və innovasiyalar üzrə forumun keçirilməsinin planlaşdırıldığını diqqətə çatdıran baş katib ölkəmizin 2025-ci il üçün etimad tədbirləri çərçivəsində bir sıra vacib təşəbbüslər irəli sürdüyünü vurğulayıb. Onun sözlərinə görə, bura nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması sahəsində bilik mübadiləsi üzrə konfrans, elektron ticarət vasitəsilə kiçik və orta biznesin ticarətdə iştirakının genişləndirilməsi üzrə tədbir, rəqəmsal transformasiya və innovasiyalar üzrə forum və AQEM-ə üzv ölkələrdən olan mütəxəssislər üçün kibertəhlükəsizlik üzrə təlim daxildir.
Rəqəmsal transformasiyanın artıq seçim deyil, zərurət olduğunu vurğulayan K.Sarıbay bildirib ki, məhdud texnologiya və rəqəmsal bacarıqlara çıxış kimi çağırışlar böyük olsa da, elektron ticarət və süni intellekt sahəsində imkanlar da bir o qədər əhəmiyyətlidir. Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində inklüziv inkişafa, o cümlədən Qadınlar Şurasının yaradılmasına diqqət yetirdiyini bildirən baş katib qeyd edib ki, qadınların hüquq və imkanlarının genişləndirilməsi təkcə ədalət məsələsi deyil, həm də davamlı inkişaf üçün strateji zərurətdir. O, həmçinin Azərbaycanın kiçik və orta biznes, investisiya və ticarət məsələlərinə göstərdiyi diqqəti yüksək qiymətləndib.
Sonda baş katib üzv dövlətləri AQEM çərçivəsində yeni layihələr təklif etməyə və fonda töhfə verməyə çağırıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında bildirib ki, Azərbaycanın sədrliyi çərçivəsində məqsəd Qazaxıstanın irəli sürdüyü təşəbbüslər əsasında inkişaf edərək bizneslərimizə real fayda verəcək praktik təşəbbüslərə diqqət yönəltməkdir. O bildirib ki, bu təşəbbüslərdən biri də AQEM katibliyi tərəfindən təqdim olunmuş “CICA KOS bələdçisi” layihəsidir: “Bu layihə sahibkarlığa başlamaq, maliyyəyə çıxış əldə etmək və yeni bazarlara daxil olmaqla bağlı praktik tövsiyələr təqdim edən dəyərli bir resursdur. Bələdçidə biznesin qeydiyyatı, normativ-hüquqi çərçivə, maliyyə və investisiya imkanları barədə əsas məlumatlar yer alır. Lakin bu bələdçinin tam potensialının reallaşdırması üçün AQEM-ə üzv bütün dövlətlərin bilik və təcrübəsi ilə daha da zənginləşdirilməsinə ehtiyac var. Sizin ən yaxşı təcrübələriniz, tövsiyələriniz bu bələdçini daha əhatəli və regiondakı sahibkarlar üçün faydalı bir alətə çevirə bilər. Yerli məlumatların, normativ yeniliklərin və uğurlu nümunələrin paylaşılması sayəsində bu bələdçini sahibkarların biznes mühitində uğurla fəaliyyət göstərə bilməsi üçün açar resursa çevirmək mümkündür”.
Ölkəmizdə kiçik və orta sahibkarlara göstərilən praktik dəstəyin davam etdirildiyini vurğulayan KOBİA sədri iştirakçıları KOB evləri ilə bağlı məlumatlandırıb. Qeyd olunub ki, KOB evləri biznes proseslərini sadələşdirməkdə və sahibkarlara inkişaf üçün lazım olan resursların təmin olunmasında effektivliyi ilə seçilir. Digər AQEM ölkələrini də bürokratik maneələri azaltmaq və sahibkarlığı təşviq etmək üçün bu kimi modelləri nəzərdən keçirməyə çağıran O.Məmmədov deyib ki, rəqəmsal transformasiya Azərbaycanın quruma sədrliyinin əsas prioritetlərindəndir.
Qadın sahibkarlığının inkişafının da diqqət mərkəzində olduğunu deyən KOBİA sədri qadınların rəhbərlik etdiyi bizneslərə dəstək göstərməyin dayanıqlı iqtisadi inkişaf üçün mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Toplantıda Qazaxıstan Beynəlxalq Ticarət Palatasının İdarə Heyətinin sədri Murat Karimsakov, Rusiya Federasiyası Beynəlxalq Əməkdaşlıq üzrə Layihə Qrupunun Rəhbəri (Rusiya Kiçik və Orta Biznes Korporasiyası ASC) Pavel Kondraşov, Tayland Krallığının Astanadakı səfirliyinin müşaviri və missiya rəisinin müavini Orathai Fubunlap Gunaseelan, CİCA Biznes Şurasının Çin üzrə ofisinin direktoru Şenq Guofey, Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov, Fələstin milli iqtisadiyyat nazirinin aparat rəisi Nahid Salameh İbrahim Qüdsü, Özbəkistan Respublikası İnvestisiya, Sənaye və Ticarət Nazirliyi yanında İnvestisiya Təşviqi Agentliyinin icraçı direktoru Mansurcon Razulev çıxış edərək fikir və mülahizələrini bölüşüblər.
Qeyd edək ki, hazırda 28 ölkə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üzvdür. Azərbaycanın sədrliyi dövründə AQEM yanında Biznes Şuraya KOBİA rəhbərlik edəcək.
Dünən, həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 10-cu Biznes Forumu da keçirilib. AQEM-in baş katibi Kayrat Sarıbay, KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Rusiya Elmlər Akademiyasının Çin və Müasir Asiya İnstitutunun direktoru, Kirill Babaev, Qazaxıstanın Biznes Qadınları Assosiasiyasının regional şöbəsinin sədri Manat Almaşeva, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva, Qazaxıstan Biznes, Cəmiyyət və Hökumət Əlaqələri Assosiasiyasının prezidenti Ayazhan Uteuova və başqalarının iştirak etdikləri forumda rəqəmsal transformasiya, qadınların biznesdə rolu, kiçik və orta biznes subyektlərinin “yaşıl keçid”ə təşviqinin sürətləndirilməsi, üzv ölkələr arasında əməkdaşlıq ekosisteminin yaradılması, qarşılıqlı ticarət və digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Biznes forumda “AQEM regionunda KOB-ların rəqabətqabiliyyətliliyinin gücləndirilməsi” və “Dayanıqlılıq və qadınların KOB sahəsindəki rolu” mövzularında panel müzakirələr təşkil olunub. Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ilə Qazaxıstan Respublikasının “Biznes, Cəmiyyət və Hökumətlə Əlaqələr Assosiasiyası” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. AQEM Katibliyinin koordinasiyası ilə hazırlanmış "AQEM regionunda KOB inkişafı üzrə e-kitab” layihəsinin təqdimatı keçirilib. Bildirilib ki, bu layihə üzv dövlətlər arasında bilik və təcrübə mübadiləsini təşviq etməyə yönəlib.
Həmçinin, biznes forum çərçivəsində Azərbaycan KOB-larının istehsal etdiyi qida və qeyri-qida məhsullarından ibarət kiçik sərgi təşkil olunub.