Ukrayna cəbhəsində atəşkəs olacaqmı?!

post-img

Son illər planetdə gərgin, təlatümlü hərbi və siyasi proseslər baş verir. Yer kürəsinin bir çox bölgəsində ağır silahlı münaqişələr, vəkalət müharibələri gedir. Ukrayna böhranı isə dünyanı hətta Üçüncü dünya müharibəsinə sürükləyə bilər. Bu ağır savaşları dayandırmaq üçün təcili tədbirlər görülməlidir, əks təqdirdə, vəziyyət daha da ağırlaşacaq. Bu reallığı dünyanın supergücləri də başa düşürlər. Ən böyük məsuliyyət isə, təbii ki, Birləşmiş Ştatların üzərinə düşür. 

Ağ ev bunun fərqindədir. Prezident Tramp Ukrayna böhranını bütün mümkün vasitələrlə nizamlamağa çalışır. Bazar ertəsi axşamı onun Rusiya Prezidenti ilə telefon danışığı olub. 2 saatdan çox davam edən müzakirələrdən sonra Putin mediaya açıqlamasında deyib ki, Moskva Kiyevlə sülh sazişi üzrə memorandum üzərində işləməyə hazırdır. Putin Ukrayna ilə müvəqqəti atəşkəsi də istisna etməyib.

Ağ evin hazırkı sahibi, öz növbəsində, Kremllə söhbətin “əla” keçdiyini vurğulayıb. Onun sözərinə görə, Rusiya və Ukrayna tezliklə danışıqlara başlayacaqlar. Tramp bunu özünün diplomatik qələbəsi kimi təqdim edib. Bununla bərabər, hələlik Putinlə Trampın şəxsi görüşü üçün heç bir razılaşma barədə açıqlama verilməyib. 

Qeyd edək ki. Tramp Putinlə telefon bağlantısından əvvəl və sonra ukraynalı həmkarı Zelenskiyə zəng edib. Ona qarşıdakı danışıqlar zamanı cəbhədəki “reallıqları nəzərə alması”nı tövsiyə edib. Ukrayna Prezidenti etiraz etməyib və ölkəsinin münaqişənin nizamlanması üçün Rusiya ilə memorandum imzalaya biləcəyini bildirib. 

Zelenski, həmçinin əlavə edib ki, gələcək memorandumun təfərrüatları hələlik ona məlum deyil: “Əgər Rusiya tərəfi memorandum təklif edərsə, müvafiq mesajları aldıqdan sonra biz öz baxışımızı formalaşdıra biləcəyik”. Bu, o deməkdir ki, Kiyev bütün hallarda öz maraqlarını qorumaq əzmindədir. 

Burada bir məqam diqqəti özünə çəlb edir. Hazırda dünyada ən çox nüvə silahına sahib olan Rusiyanı güc yolu ilə güzəştə getməyə vadar etmək çox çətindir. Tramp bunu başa düşür və Moskva ilə dil tapıb onu birgə iri iqtisadi layihələrlə şirnikləndirməyə çalışır. Bu, mümkün olmazsa, Ağ evin əlində dünyada enerji daşıyıcılarının qiymətlərini aşağı salmaq yolu qalır qalır. Zatən, bu proses artıq başlayıb. 

Rusiya ilə Ukrayna arasında iqtisadi maraqlar üzərindən atəşkəs əldə edilərsə, bu, özlüyündə yeni dünya nizamı üçün yeni bir örnək, diplomatik leksikonla ifadə etsək, present ola bilər. Belə bir nümunəyə çoxdan zərurət yaranıb. Bu proses yeni dünya nizamını sürətləndirə bilər. Ümid edək ki, qlobal güclər bu fürsəti qaçırmayacaqlar. 

Şahbaz ŞAMIOĞLU,
Slavyan Universitetinin professoru

Çağdaş dünyada gedən ağır silahlı qarşıdurmaların mahiyyətini anlayıb dərk etmək üçün, ilk növbədə, yaxın və uzaq keçmişə müraciət etmək lazımdır. Tarixə diqqət yetirsək, çox sayda analoji misallar tapmaq olar. 

Rusiya sovet ittifaqınının keçmiş sərhədlərini bərpa etmək niyyətindədir. Kremlin Ukraynaya qarşı müharibəyə başlamasının əsas səbəbi məhz budur. Moskva dünyanın, ən azı, 2-3 qlobal güc mərkəzindən biri kimi çıxış etmək niyyətindədir. 

Rusiyanın həm Suriya, həm də Afrikada nüfuzu xeyli zəifləyib. İndi nəyin bahasına olursa-olsun, gücünü Ukrayna üzərindən bütün Avropaya nümayiş etdirmək istəyir. Hələlik buna heç cür nail ola bilmir. Ancaq heç cür imperiya niyyətlərindən də geri çəkilmək istəmir. 

Məşhur politoloq Zbiqnev Bjezinski vaxtilə deyib ki, Rusiyanın imperiyaya çevrilməsi onun Ukraynaya sahib olub-olmamasından asılıdır. Rusiya hələlik Ukraynanın ərazisinin yalnız 20 faizini işğal edə bilib. Buna görə də müharibəni axıradək davam etdirmək niyyətindədir. 

Qərb Rusiyadan qeyd-şərtsiz atəşkəsə razılıq verməsini tələb edir. Moskva isə Avropanı özünə bərabər güc olaraq qəbul etmir. Amma ABŞ-ı isə tam narazı salmaq istəmir. Əslində, Rusiya sülhdən daha çox, onun imitasiyası ilə məşğuldur. 

Moskvanın atəşkəslə bağlı tələbləri də qeyri-realdır. Belə ki, Rusiya Kiyevdən Donbasdan başqa Ukraynanın daha iki vilayətini tələb edir. Halbuki, həmin ərazilərin çox hissəsi hazırda Ukraynanın suveren əraziləridir və onun nəzarətindədir. Rəsmi Kiyevin bu şərtlərlə razılaşması heç cür ağlabat deyil.

Məsaim ABDULLAYEV
XQ 

 



Dünya