Kunq-fuçularımızın Dünya çempionatında tarixi uğuru
Azərbaycan xalqı çox əzmkar və mübarizdir. Bəlkə elə buna görədir ki, idmanda, əsasən döyüş növlərində daha çox qələbələr qazanırıq. Bugünlərdə İtaliyanın Peruca şəhərində daha bir döyüş növündə – kunq-fu üzrə Dünya çempionatında təmsilçilərimiz tarixi nəticə əldə etdilər. İdmançılarımızın şərəfinə Azərbaycanın Dövlət himni səsləndirildi, üçrəngli bayrağımız yüksəklərdə dalğalandı. Qürurverici məqamlardan biri də, mötəbər yarışlarda çıxış edən uşaqlarımızın inamla mübarizə aparıb fəxri kürsünün ən yüksək pilləsinə ucalmaları idi.
Kunq-fu Federasiyasının yeniyetmələrdən ibarət yığmasının baş məşqçisi Ellər Orucov “Xalq qəzeti”nə açıqlamasında qeyd etdi ki, mundialda mübarizə aparan heyət üzvlərindən 4-ü yeniyetmə idi. Qızların yarışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qızı, Prezident İlham Əliyevin nəvəsi Əminə Əliyevanın (11 yaş, 38 kq) bu yarış ilk ciddi sınağı idi. O, qarşılaşmalarda böyük əzmkarlıq, qətiyyət və inam nümayiş etdirərək qızıl medal qazandı. Oğlanlar arasında isə Rəsul Əsgərov (11-12 yaş, 36 kq), Hüseyn Əliyev (13-15 yaş, 48 kq) bütün rəqiblərini məğlub etməyi bacardılar. Əli Baxışov (11-12 yaş, 33 kq) və Əkbər Əhmədzadə (13-15 yaş, 70 kq) isə yalnız finalda 2-ci yeri tutdular. Bu uşaqların hər birinin böyük potensialı var.
Məşqçi Dünya çempionatında qazanılan qələbələrin ardıcıl məşqlər hesabına əldə edildiyini dedi:
– 6 aydan çox idi ki, yarışa hazırlaşırdıq. Federasiyanın prezidenti Nurlan Aslanov bir an belə olsun dəstəyini əsirgəmirdi. Hətta Dünya çempionatında qarşılaşmalar zamanı təlimçi qismində idmançıların yanında idi və bu, onlara qələbə qazanmaq üçün böyük motivasiya verirdi. Federasiyanın vitse-prezidenti, Əminə Əliyevanın şəxsi məşqçisi Babək Əliyev də yığmamızın hazırlığı üçün böyük kömək göstərirdi. Gələcəyimiz olan yeniyetmə idmançılarımızın əldə etdikləri yüksək nəticə ardıcıl və düzgün məşqlərin sayəsində mümkün oldu. Kunq-fu döyüş növü olduğu üçün burada ən cəsarətli və güclü uşaqlar mübarizə aparırlar. Ellər müəllim onu da qeyd etdi ki, erkən yaşlarda bu idman növünün yalnız yüngül versiyasında – “Light sanda”da çıxış etmək üçün icazə verilir. Bu da ciddi zədələrin qarşısını alır.
Onu da qeyd edək ki, Ellər Orucov (68 kq) özü də yarışa idmançı qismində qatılaraq 7-ci dəfə Dünya çempionu adını qazanıb. Onunla yanaşı, Toğrul Mikayılov (65 kq) da kişilər arasında 1-ci yeri tutub. Millimiz yarışı komanda hesabında 3-cü pillədə başa vurub.
Kunq-fuçularımızı qarşıda yeni sınaqlar gözləyir. Dünya kuboku, Avropa çempionatı və digər yarışlarda yeni nailiyyətlər əldə etmək üçün komanda öz üzərində daha səylə işləməlidir. Ellər Orucov millinin məşq etməsi üçün federasiyanın hər cür şərait yaratdığını dedi:
– Təlim-məşq bazamız var. İdmançılarımızın hərtərəfli məşq etmələri üçün bütün vasitələrdən istifadə edirik. Əminik ki, qələbələrimiz davamlı olacaq.
L.QURBANOVA
XQ