Ürəyimiz yananda – çay!

post-img

Armudu stəkanda daha ləzzətli olur

Uzun illərdən bəri səslənən və çayın özü kimi ürəklərə ­sərinlik gətirən çay haqqındakı məşhur mahnını kim eşitməyib:

Armudu stəkanda – çay,
Ürəyimiz yananda – çay...

Son illər həmin mövzuda olan mahnıların sırasına biri də əlavə ­olunub:

Yaydı, yazdı, payız, qışdı, fərqi yox,
Gülün də heç çay qədər ətri yox...

Olsun! Yayda günün qorabişirən istisində onun qədər ürəyimizi nə sərinlədə bilər? Bəs qışın sazaqlı havasında armudu stəkanda buğlanan pürrəngi çay qədər istilik, hərarət bəxş edən başqa nə var?

Statistika da bunu təsdiq edir: dünyada sudan sonra ən çox istehlak edilən çaydır. Onun 5 min illik tarixi var. Deyilənə görə, böyük Çin imperatorunun xidmətçisi bağçada su qaynadarkən yarpaqlardan biri qaynayan suyun içinə düşür. Yarpaq düşmüş suyun dadı imperatorun çox xoşuna gəlir və beləcə, çay süfrələrə ayaq açmağa başlayır.

Azərbaycana isə onun gəlişi və bitki kimi becərilməsi ötən əsrin ­əvvəllərinə təsadüf edir. Əsasən cənub bölgəsində yetişdirilən çay 1912-ci ildə Lənkəranda yetişdirilməyə başlayıb. Zaman keçdikcə süfrəmizin ən sevimli içkisinə çevrilən çayın yalnız dəmləndikdən sonra keyfiyyətini bilmək olar. Çayın üzərinə qaynar su tökdükdən sonra ona xas olan ətir qalxır. Həmin ətrə görə ona qiymət vermək mümkündür.

Çay təbabətdə də təsiredici vasitə kimi qəbul olunub. Mütəxəssislər köhnə çayın qəbulunun orqanizmə faydası olmadığını deyirlər. Çay dəmləniləndən sonra 20-30 dəqiqə ərzində qəbul edilməlidir. Tərkibindəki kofein yorğunluğu aradan qaldırır, antioksidant isə qocalmanı ləngidir. Çay bədəndə qan damarlarına, əzələlərin bərpasına müsbət təsir göstərir. Bir sıra infeksion xəstəliklərin qarşısının alınmasında, ağız boşluğu və göz xəstəliklərinin müalicəsində ondan istifadə olunur. Xüsusilə, mövsümi soyuqdəymələr zamanı onun qəbulu çox xeyirlidir. 

El arasında deyirlər: “Çay nədi, say nədi? Çayın biri qaydadı, ikisi cana faydadı, çıxdın beşə, vur on beşə”. Mütəxəssislər isə gün ərzində 8-12 stəkan çay qəbul etməyi məsləhət görürlər. Armudu stəkanda içilən çay daha dadlı olur. 

Çay orqanizmə rahatlıq və dinclik gətirən içki olmaqla yanaşı, həm də mədəniyyət nişanəsidir. Ölkəmizin ­ayrı-ayrı rayonlarında çay evləri, həmçinin çayın bal, mürəbbə və şirniyyatlarla təqdim olunduğu çayxanalar var. Elə bir ziyafət, qonaqlıq, məclis, ləziz yemək süfrəsi təsəvvür etmək olmaz ki, onun yekunu çay süfrəsi ilə tamamlanmasın. 

Nəinki yekunu, hətta bünövrəsi, ­başlanğıcı çay süfrəsi ilə başlayan ­məclislər də çoxdur. Xalqımızın illərdən bəri gələn belə bir adəti də var: qız evinə elçi gedənlər yalnız ağsaqqalın “çaylarınızı şirin edin”, “çaylarınızı soyutmayın” kəlməsindən sonra çay içib qohumluğa xeyir-dua verirlər.

Çay süfrəsi ünsiyyət, tanışlıq, söz-söhbət, müzakirə yeridir. Təəssüf ki, son vaxtlar bəzi çayxanalarda domino, nərdtaxta taqqıltısından ağız deyəni qulaq eşitmir. Ətirli və dadlı çay süfrəsi arxasında oturub rahatlıq tapmaq əvəzinə əsəbi və qanıqara çıxırsan. Bəlkə də ən maraqlı fikir və ideyalar da elə həmin süfrələrdən başlayır. Niyə də yox? Yetər ki, məram xoş olsun, istək ürəkdən gəlsin və qarşında da bir stəkan pürrəngi çay buğlansın...

Süleyman QARADAĞLI

 



Sosial həyat