Bu ilin yanvar – oktyabr ayları ərzində muxtar respublika üzrə istehlakçılara 1,4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,1 faiz çoxdur. Ümumiyyətlə, layihənin icrası müddətində istehlakçılara qaytarılan məbləğ 3,7 milyon manatdan çox olub.
XQ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, yeni nəsil nəzarət-kassa aparatlarından (NKA) istifadənin genişlənməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə şərait yaradıb. 2025-ci ilin 10 ayında Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 409,8 milyon manatdan artıq olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 80,1 milyon manat və ya 24,3 faiz çoxdur.

