Bir-birindən gözəl şeirləri, bədii tərcümələri və özünə xas bədii publisistikası ilə imzasını çoxdan tanıdan, çöhrəsindən qayğı dolu təbəssüm əskik olmayan Əməkdar mədəniyyət işçisi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini, şair Vaqif Bəhmənlini yubileyi ərəfəsində redaksiyamıza dəvət etmişdik. Gəldi və bir daha gənclik ruhuna, coşğun həyat eşqinə və sənət yanğısına şahidlik elədik. Ömrünün 70-ci baharını yola salan şairlə söhbətimizi təqdim edirik.
– Vaqif müəllim, hələm-hələm sizə 70 yaş vermək olmaz. Amma beliniz bir az əydəmlidir, hərçənd, bu da, özünüz demişkən, yaşla bağlı deyil. Bir şeirinizdə yazmısınız:
“Kirayədə yaşadığım evlərin
Darvazası balacaydı, əyildim”
Dünənə boylananda gözlərinizin önündə nələr canlanır? Şair “yalan”ınıza inansaq, ilk dəfə göy üzünü 1955-ci ildə mayın 23-də ananızın bətnində ikən görmüsünüz...
– Məni lap bələyə qaytardınız. 1955-ci ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olmuşam. Hamı kimi, böyümüşəm, orta məktəbə, daha sonra universitetə getmişəm. Yaradıcılığım doğulduğum eldən, obadan başlayır. Rüşeymlər o vaxtla bağlıdır. Gördüyüm, yaşadığım mühit elə təyinatımı da o vaxt verib. Şeirdə yazıldığı kimi, mən özümü əyilmiş hesab etmirəm. Ruhum da yaxşıdır. Bir şeirimdə yazmışdım ki, ömrümü bütöv yaşamaq istəyirəm, nə həftə, nə ay?! Son nəticədə insan öz həyatını üzərində yüklənmiş halda yaşayırsa, elə ömür bütövdür.
– Vaqif olmaq çətin deyil ki? Çünki sizdən əvvəl Molla Pənah Vaqif, Vaqif Səmədoğlu, Vaqif İbrahim olub, Vaqif Bayatlı Odər, Vaqif Aslan da var...
– Vaqif olmaq zəhmətə bağlı bir şeydir. İnsan adını yaradır zaman-zaman. Hər şey adın altında birləşir. Rəhmətlik babam deyirdi ki, sənə başqa ad qoyulmuşdu, xoşuma gəlmədi. Gedib kənd sovetində adımı Vaqif yazdırıb. Elə olub ki, babama sənəd lazım olub, sənədi götürəndə görüb ki, adım Maarif yazılıb. Xeyli əziyyətdən sonra Vaqif adına çevrilib... Hər Vaqifin öz yolu var. Molla Pənah Vaqifi oxuyanda bütün Şuşa mühiti göz önünə gəlir. Vaqif müdrik deməkdir. Həyatda ən çətini insan olmaqdır. Hər gün insan olmaq çox çətin işdir.
– Şeypuru qaldırıb carçı, car salsa,
Yağılar üstünə ordular salsa,
Canını arı yox, ilanlar çalsa,
Zəhərdən şan bağlar, bal olar Vaqif!
Sizin şeirdən bir parçadır. Ona görə soruşdum, Vaqiflər içində Vaqif olmaq çətin deyilmi?
– Hə, elə yazmışam. Vaqif olmaq üçün həmişə zəhərdən şan bağlamağa çalışmışam. Yazdıqlarımı düşüncə tərzi fərqli olan publisistika və ədəbiyyat təşkil edir. Müsahibələrimin birində dedim ki, mən ədəbiyyata torpaqla, fəsillərlə gəlmişəm. Atamdan yadigar qalmış 2–3 səhifəlik mobil nömrələr yazılmış dəftərin sonunda yaz və qış haqqında yaşıl mürəkkəblə yazılmış şeirlərim hələ də qalır. Qafiyəsiz, 7–8 yaşımda yazdığım şeirlərdir. İlk jurnalistik yazım isə Füzuli rayonunun “Araz” qəzetində dərc edilib. Onun mövzusu kənddə taxıl zəmisinin od tutması və əhalinin alovu vaxtında söndürməsi ilə bağlı idi. Xəbər janrında yazmışdım, başlığı “Yanğın söndürüldü” idi. Yaşıllıqla şeirə, odla jurnalistikaya gəlmişəm. Jurnalistika, doğrudan da, oddur, alovdur.
– Amma jurnalistika çox şairi talayıb, əridib. Ürəkdə bir tikə od olur, onu da verirsən reportaja, xəbərə, oçerkə. Belədirmi?
– Mən fərq qoymamışam. Şeiri hansı güclə, hansı enerji ilə yazmışamsa, məqaləyə, oçerkə də o şəkildə yanaşmışam. Jurnalistika faktları sevir, sərt dili var. Mənim kimi müəlliflər klassik üslubda yazırlar. Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə – təqribən bunların yoludur bizim yolumuz. Hardasa, bədii publisistikadır, araşdırma yazıları deyil. Bu cür soyuq məntiqlə yazılmış yazılar zamanı üçün aktualdır. Bizimki daha çox ədəbiyyat faktoruna söykənir, hardasa ədəbiyyatla publisistikanın arasında qalır. Sonrakı mərhələdə ədəbiyyata daha çox meyil etdim. Nəriman Həsənzadə, Anar, Elçin kimi şairlər haqqında “Əsərləri”min 8-ci cildində yazmışam. Mənim yazdıqlarım daha çox ədəbi publisistikadır. Məsələn, Adil Cəmil, Qulu Məhərrəmli, Əli Mahmud haqqında oçerklərim, Şuşa barədə yazılarım buna misaldır. Cabbar Qaryağdıoğlu, Kamran Hüseynov haqqında sənədli romanlarım da o səkildədir. Yazdıqlarım, əsasən, “Azərbaycan” jurnalında işıq üzü görür. Bir şairin obrazını xoş sözlərlə yaratmamalı, xasiyyətini, məziyyətlərini əsərlərində axtarmalı, onlara qiymət verməlisən. Obrazı yaradarkən onun yaradıcılığından çıxış etməlisən. O da asan deyil.
– Yəni tərcümeyi-hal yazmamısınız.
– Bəli. Prezident İlham Əliyevin 50 yaşı olanda “Vətənin İlhamı. Ömürdən reportaj” adında böyük kitab yazdıq. Ulu öndərin 90 illiyində Azərbaycanda Heydər Əliyev adına abidələrlə bağlı fotoları ilə birgə qısa oçerklər yaratdıq. Bu, həm də zamanın sifarişi idi. Müslüm Maqomayev, Polad Bülbüloğlu haqqında da yazmışam.
Nazim Hikmətin şeirlərini oxuyanda onun bütün ətrafını görürsən. Sevdiyi qadınları, dostlarını, İstanbulu gəzirsən və s. Hər bir şairin yaradıcılığı onun mühiti ilə də bağlıdır. Öz həyatının bir parçasını əsərə gətirirsən, dünyanı içindən keçirirsən və bu mənada sən əsərində görünməlisən.
– Həm də cəmiyyət içində şairin və jurnalistin məsuliyyət missiyası var. Siz onu layiqincə yaşadanlardansınız.
– Məsuliyyətsiz insan gözümün düşmənidir. Lap doğma oğlum olsa da. Məsuliyyət insanı yaradır, yaradıcılığını formalaşdırır, onu irəli aparır, insanı təmin edir.
– Sabirin məşhur misrasında deyilir ki, “Çalxalandıqca, bulandıqca zaman nehrə kimi, yağı yağ üstə çıxır, ayranı ayranlıq olur”. Siz həmişə üzə çıxmısınız. Şeirləriniz də kərə yağı kimi ruhumuzu qidalandırıb. Uğurlu yol yazanlarınız, xeyirxahlarınız kimlər olub?
– Desəm, bəlkə də, inanmazsınız: mənim haqqımda heç vaxt uğurlu yol yazılmayıb. Kimsə ustad bir şairə yaxınlaşıb deyir ki, şeirlərim var, istərdim sizə təqdim edim. O da yazır... Olub ki, bəzən qəzetlər xəbərim olmadan şeirlərimi verib. Bir dəfə “Ədəbiyyat” qəzeti mənim və Musa Ələkbərlinin şeirlərini vermişdi Məmməd Araza. Şair ikimizin haqqında Ön söz yazmışdı və şeirlərimiz dərc olunmuşdu. “Ədəbiyyat” qəzetində çıxmaq adi şey deyildi. Əgər bunu uğurlu yol saymaq olarsa, sayaq. O zaman universitetdə müəllimim olan rəhmətlik Nəriman Zeynalov Yasamalda təsadüfən qarşılaşanda dedi ki, şeirlərini oxudum, Məmməd müəllim də maraqlı Ön söz yazıb. Çox sevindim.
Amma mütləq deməliyəm ki, məndən əvvəlki nəsildən qayğıma qalanlar çox olub. Kənddə olanda gözəl şairimiz Mətləb Misirə şeirlərimi göndərirdim. Onda hardasa 7–8-ci siniflərdə oxuyurdum. Məktubla ona göndərdiyim şeirlərimə məktubla cavab yazırdı. Qeydlərində dəyərli fikirlər, məsləhətlər yer alırdı. Dərsliklərdən Səməd Vurğunu, Rəsul Rzanı öyrənirdik, bəs qalanlar? İlk dəfə Məmməd İsmayıl, Musa Yaqub, Fikrət Sadıq, Əşrəf Veysəllinin adlarını Mətləb Misirin məktublarından öyrənib oxuyurdum. Əsl müəllim idi də. O vaxtlar bizim məktəbdə yaxşı dərnəklərimiz olurdu. Rəhmətlik Mətləb Kərimov dərnəyi aparırdı, orda şeirlərimizi oxuyub müzakirə edirdik.
Bakıya gələn kimi Yazıçılar Birliyinə gəldim. O zaman Osman Sarıvəlli şeir üzrə məsləhətçi idi. 3-cü mərtəbədəki otağına qalxıb, məftilləri üzə çıxmış köhnə divanda əyləşib şeirlərimi təqdim etdim. Qəribə hisslər keçirirdim, Yazıçılar Birliyinə gəlib Osman Sarıvəllini görmüşdüm. Ondan sonra birliyə dərnəklərə gəlməyə başladım. İlk dəfə indiki Prezident Kitabxanasında Nəriman Həsənzadənin dərnəyinə gəldim. Maraqlı günlər idi, istedadlı dəstəmiz var idi. Həmin qələm sahiblərinin çoxu hazırda ədəbiyyatdadırlar. Daha sonra Söhrab Tahirin dərnəkləri başladı. Mənə ən çox qayğı göstərən Ağacavad Əlizadə olmuşdu. O vaxt o, “Ədəbiyyat” qəzetində və “Azərbaycan” jurnalında işləyirdi. 1974-cü ildə – 19 yaşımda “Azərbaycan” jurnalında mənə 1 səhifə yer ayırıb, şeirlərimi vermişdi. O vaxt hər bir gənc şairin 1 şeirini ancaq verirdilər. O jurnalda Süleyman Rəhimov, Əli Vəliyev , Rəsul Rza kimi dahilər çıxış edirdi, zaman onların idi. Qəzet, jurnal redaktorları çox hörmətli insanlar idi.
– Vaqif müəllim, qarşıdan mətbuatımızın 150 illiyi gəlir. Bu kontekstdə mətbuatda işləməyə necə gəldiyinizi xatırlayaq.
– 1972-ci ildə – 10-cu sinifdə oxuyanda “Kommunist” qəzetinə məktub göndərmişdim. Qəzet məktubların icmalını hazırlayır, bəzilərinin bir neçə cümləsini verirdi. Yazılmışdı ki, Füzuli rayonunun Böyük Bəhmənli kəndindən Vaqif Quliyev redaksiyaya məktub göndərib. Təkcə adımın yazılmasını bütün Füzuli rayonu bilmişdi. Jurnalistikaya belə bağlanmışam.
1978-ci ildə Şüvəlandakı yaradıcılıq evində gənc yazıçıların seminarı keçirilirdi. Bir ay müddətinə bizi oraya göndərdilər. Bir gün Mehman Cavadoğlu yaxınlaşıb dedi ki, Nəriman Zeynalov səni axtarır. “Sovet kəndi” qəzetinə yenicə redaktor təyin edilmişdi. Getdim yanına. Diplomumu təzəcə müdafiə etmişdim, təyinatım verildi “Sovet kəndi” qəzetinə. Nəriman Zeynalov mətbuat tarixini çox yaxşı bilirdi. O bizə “Əkinçi”dən üzübəri mətbuatımızın tarixini xırdalığına kimi öyrədib. Onun mətbuat tariximizlə bağlı 2 cildlik azsəhifəli kitabı da var. Həsən bəy Zərdabinin xasiyyətini, qəzetə yanaşmasını, mətbu sözə dəyərini, xalqın maarifləndirməsi uğrunda mübarizəsini Nəriman müəllim yetərincə dəyərləndirə bilirdi. O bizə 3-4 il dərs dedi. Bilirdi hansı tələbə nəyi necə bilir. Tələbələr sırasından istedadlıları seçib yanına aparırdı. Bir atalar sözündə deyildiyi kimi, “at ələ düşür, meydan ələ düşmür”. Onun amalı bu idi ki, istedadlıya gərək meydan verəsən. Nəriman Zeynalov o meydanı verməyi yaxşı bacarırdı. “Sovet kəndi”ndə istedadlı qocaman jurnalistlər var idi. Get-gedə onların da dilləri yumşaldı, poetikləşdilər. “Sovet kəndi” çıxan ərəfələr Həsən Həsənov Mərkəzi Komitədə ideoloji sahəyə baxırdı. Bu qəzet də ona bağlı idi. O adam da mədəniyyət, quruculuq tərəfdarı kimi tanınırdı. Ona görə də qəzetin 1 və 2-ci səhifəsi kənd təsərrüfatını, 3 və 4-cü səhifəsi təbiət, elm, mədəniyyəti əhatə edirdi. Çalışırdım ki, ayda 4–5 şairin şeirini verim.
Sovet dövrü deyib yamanlayırıq. Əslində, biz Cəlil Məmmədquluzadənin, Əli bəy Hüseynzadənin, Üzeyir Hacıbəylinin yaratdığı mətbuatın üstündə əmələ gəlməli idik. 20-ci ildən 90-cı ilə qədər mətbuat həmişə müəyyən basqı altında olub. Həmin şəraitdə maraqlı imzaların yaranması müşkül məsələ idi. Bununla belə, cüzi imkanlar hesabına da olsa, ənənələr yaşadılıb.
– Bizim qəzetdə də işləmisiniz...
– Hə, elədir. Köhnə “Kommunist”, indiki “Xalq qəzeti”ndə 3 il işlədim. İqtisadiyyat şöbəsinin müdiri kimi. Ölkənin bir nömrəli qəzeti idi. Buradakı böyük imzaları xatırlayıram – Əli İldırımoğlu, Piri Məmmədov, Cəmil Əlibəyli, İlham Rəhimli, Məzahir Süleymanzadə, Rəfael Nağıyev, Şakir Yaqubov və s. Bunlar çox böyük jurnalistlər nəsli idi. “Kommunist”də redaktor işləmiş Rəşid Mahmudov və Ramiz Əhmədovu xatırlayıram. O vaxt təşkili məktub deyilən anlayış var idi. Əmək qəhrəmanlarının müəyyən hadisələrlə bağlı məktubları təşkil edilirdi. Mənə də belə bir tapşırıq verilmişdi. Ruhuma uyğun olmasa da, yazdım. Amma Rəşid müəllim də, Ramiz müəllim də yazımı oxuyandan sonra mənim bircə cümləm belə qalmadı. Çünki stilim “Kommunist” qəzetinə uyğun deyildi. Bax, sözə bu dərəcədə diqqət və müdaxilə var idi. Allah hər ikisinə rəhmət eləsin.
“Kommunist”də işlədiyimiz dövrdə azadlıq hərəkatı başlandı. Gecələr də yatmır, işləyirdik. Amma yenə də küçədən keçənlər bizi söyürdülər. Çünki qəzetimizin adı “Kommunist” idi. Halbuki, bütün Qarabağ, meydan hadisələrini “Kommunist” birinci işıqlandırırdı. Topxanada ağacların kəsilməsindən və digər məsələlərdən hər gün yazırdıq. Hətta Azadlıq meydanında post qurmuşduq. Jurnalistlər səfərbər olub yazılar yazırdılar. Hadisələri işıqlandıran da, söyülən də biz idik. Bu təcrübələrin hamısını keçdik. Hazırda “Xalq qəzeti” adında fərqli, gözəl qəzet meydandadır. Belə görkəmdə, dizaynda qəzet o vaxt olmurdu. Cəhd edirdik ki, daha yaxşı çıxaraq. O vaxtkı qəzetlər addəyişmələrinə baxmayaraq, bir zəncirin bəndləri idi. Yaxşı ki, indi qəzetlərdə o vaxtkı ideoloji basqılar yoxdur, geniş söz və mətbuat azadlığı var. İndi, məsələn, “Xalq qəzeti”, “Azərbaycan”, “Respublika”, “Bakinski raboçi” qəzetlərini ölkənin siyasi həyatını geniş işıqlandırdıqlarına görə tənqid etmək səriştəsiz oxucunun fikri ola bilər. Qəzet kollektivləri çalışırlar ki, oxucunun ürəyinə toxunan, ona təsir edən materiallar da versinlər. Bəzən bir yazı qəzetə şöhrət gətirir. Əsassız tənqid olmaz. Ürəyindən keçirsə, get, müstəqil qəzet yarat.
Keçib gəldiyimiz quruluşlarda başımızın üstündə kəskin qılınc hiss etməmişəm. Ürəyimdən nə keçibsə, yazmışam. Bizim vaxtımızda şöbə olaraq təşəbbüslə çıxış edir, həftəlik, aylıq, hətta illik planlar tuturduq. Eyni zamanda, ürəyimizdəkiləri də qələmə alırdıq. Bəzən Mərkəzi Komitədən etiraz da eşidirdik. Məsələn, Loğman Rəşidzadə “ovqat” sözünü işlətmişdi. Ona görə zəng edib demişdilər ki, “ovqat” nə sözdür, bunun yerinə “əhvali-ruhiyyə” yazın. Eləcə də “müvəffəqiyyət” sözünün yerinə “uğur” yazırdıq. Yazıya məsuliyyətli münasibət, dil qaydalarının qorunması, leksikonun genişlənməsi əsas götürülürdü. Qəzet dilini çox da bədiiləşdirmək, obrazla ağırlaşdırmaq olmazdı. Çünki qəzetin əsas missiyası xəbər idi. Hədsiz bəlağətə yol verilmirdi.
Onu da deyim ki, bizim jurnalistikaya rus jurnalistikasının da böyük təsiri olub. Bu, danılmazdır. Ədəbiyyata gəlincə isə, mənim bağda 20 minlik böyük kitabxanam var, yarısı rus ədəbiyyatıdır. O kitabları o vaxt kuponla alırdıq, öncədən ödənişini edirdik. Kitab böyük sərvətdir. Bəhrələnmək hər zaman gərəklidir.
– Siz mübadilədən, dünyaya inteqrasiyadan danışdınız. Amma yaradıcılığınıza nəzər salanda görürük ki, yaxşı mənada kəndli Vaqif olaraq qalmısınız. Bir şeirinizdə dediyiniz kimi:
Təndirdən qalxan od kimi,
Söz vururdu yanağıma,
Yoncaya cuman at kimi
Cumdum yazı otağıma.
Nə gözəl tablo! Vaqif müəllim, bu tablo başdan-ayağa kənddir. Şeirlərinizdə də kəndlisiniz. Əsasən taxıl (şeir) əkir, arada torpaq dincəlsin deyə, yoncaya (publisistikaya) keçirsiniz. Etiraf edək ki, sizi daha çox taxılçı-şair kimi tanıyırıq.
– Şeir Allahın lütfüdür. Məmməd Aslan demişkən, onun nazı ilə oynamayanda küsür. Gözümü divara, göyə dikib ilham pərisini gözləyənlərdən deyiləm. Nizami Gəncəvi, Məhəmməd Füzuli poeziyanı elm adlandırıblar. Nizami Gəncəvi böyük biliyə sahib olmasaydı, antik filosofların əsərlərini bilməsəydi, o zirvəyə yüksələrdimi? O vaxt indiki kimi hər şey insan əlinin altında deyildi. Mənbələri axtarıb tapmaq çox çətin idi. Poema deyirlər, amma mən Nizami Gəncəvinin əsərlərini poema adlandırmazdım. “Sirlər xəzinəsi”ndən başqa hamısı nəzmlə yazılmış romandır. Bu əsərlər də elmə əsaslanır. Bax, siz taxıl, yonca deyirsiniz. Amma mən deyirəm ki, bu, son dərəcə ciddi elmdir. Əgər əsərdə duyğu, vizual ovqat, həyat hikməti tapıntısı yoxdursa, boş misralar, gəlişigözəl sözlərlə bəzədilibsə, şeir deyil. Şeiri sevdirən koloritdir, ifadə etmək məharətidir. Məsələn, rəqqas, balet ustası elə hərəkət edir ki, sən onu heç vaxt təkrarlaya bilməzsən. Söz də belədir. Aktyor şeiri elə səsləndirər, ona elə can verər ki, bu da sənlik olmaz. Ədəbiyyata ciddi yanaşmaq lazımdır. Oturub gözləyəsən ki, ildə bir dəfə ilham gələcək, yazacağam, bu, iş deyil.
Yaradıcılığının nə qədər əzəmətli olub-olmamasına baxmayaraq, gündəmdə qalmaq istəyən adamları da heç sevmirəm. Nə vaxtsa nəsə yaradıb və onun kölgəsində oturub qalıb, istəyir elə bundan bəhrələnsin, ədəbiyyat belə deyil. Mən Əli Kərimi bağışlayıram. Çünki onun həyatı qırıldı. O yazdığı qədər yenilikçi, novatordur. Əli Kərim qalsaydı, çox nəhəng şeirlər yazacaqdı. Misallar çoxdur. Mikayıl Müşfiq qalsaydı… O, əksər şeirlərini repressiyadan xilas olmaq üçün yazıb. Cəfər Cabbarlı çox böyük şairdir, “Ana” şeiri bir möcüzədir.
– Şeiri insana eşq-məhəbbət yazdırır. Sizin bir bəndinizdə deyildiyi kimi:
Eşq ki var, yolunda milyonlar əsir,
Kama dartılanlar nahaq tələsir.
Eşq nədir? Hər yanı qapalı qəsr,
Uçan özü uçur qəfəsə doğru.
Sevgi, doğrudanmı qəfəsdir? Ömür-gün yoldaşınız, hələ radiodan tanıdığım qələmdaşım Rəhilə xanım sizi daha çox vaxt ayırdığınız kitaba, dəftərə, yazıya-pozuya qısqanmayıb ki?
– Yox, qısqanmayıb. İllər öncə Azərbaycan Dillər Universitetində gənc yazarlarla görüşdə Şəhriyar Del Gorani mənə sual verdi ki, Vaqif müəllim, sevgi şeirlərinizin hamısını bir adama – yoldaşınıza yazmısınız? Dedim ki, sən məni dəli, axmaqmı sayırsan, elə şeymi olar? Sevgi an məsələsidir. Bir şeirimdə deyirəm ki, “söz nə bilər sən biləni, mən biləni”. Çünki biz hər şeyi sözə çevirməmişik. Bizim elə duyğularımız var ki, onu söz də bilmir. Gücümüz çatan qədər sözə çevirmişik. İnsan o qədər dərin, böyükdür ki, söz dediyimiz də bilmir nədir o. Elə hisslər var ki, sözə çevirsən, günaha batarsan. O dinməz, lal qalmalıdır. Bizim tərəfdə bir nəfər lal ata yurduna gedib dağılmış evlərinin başına dolanır. Lal dilində anladır ki, faşist ermənilər o yerləri nə günə qoyub. Onun hissləri, hərəkəti dünya kinematoqrafiyasının, bəlkə də, ən qiymətli lenti olardı. O lal heç bir söz demədən, göz yaşı axıda-axıda 30 ildə başına gələn faciəni sözsüz danışır. O görüntüləri feysbukda izlədim…
Poeziyanın çox mövzusu yoxdur. Əsas mövzuları torpaq, yer, məkan, təbiət, hava, göy üzü, insanın özü, duyğuları, ətraf aləm, valideynlər və sevgidir. Sevgi hər şeyin fövqündə dayanır. O buluddan da yuxarıdır, böyük yaradanla bağlıdır. O sevgini kiçildib adi məhəbbətlə eyniləşdirmək olmaz. Sevgi dünyanın özü boyda kateqoriyadır. Yazıçılarımızın sevgi ilə bağlı gözəl əsərləri var. Sevgi də istedad, şeir yazmaq kimidir. Sözə inanmasan, sevməsən, yanmasan, necə yazarsan? Elə bil sirrini ona deyirsən.
– Sizin ilk kitabınızın adı “Bahar–payız arası” idi. İndi də ki, necə deyək, ömrün payız–qış arasıdır. Nə yazırsınız, nə düşünürsünüz?
– Mən “Əsərləri”min cildlərini buraxıram hazırda. Son şeirləri birinci, ilk şeirləri axırıncı cildə qoymuşam. 15 cild olacaq, 7 cildi poeziyadır (lap son şeirlərdən də 1 cild hazırlamaq olar). 8 cildi isə bədii publisistika və ədəbi düşüncələrdir. Cəsarətlə deyə bilərəm ki, mən ədəbiyyata və jurnalistikaya vicdanla xidmət edirəm. Hətta publisistika bəzən önə çıxır. Forma tamamilə şərtidir. Bəzən bir misra düşür yada. İlk misra şeir, ideya, tapıntı deyil, qığılcımdır. Şeir forma kimi gəlir. Bəzən eyvandakı soğan qabığı da şeir kimi gəlir sənə. Həyatdır da…
Söhbəti çapa hazırladı:
Əli NƏCƏFXANLI
XQ