Mayın 20-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri Lu Mey arasında görüş keçirilib.
Tahir Budaqov Lu Meyi Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edib, səfir Lu Mey Çinin etibarlı strateji tərəfdaşı olan Azərbaycanda fəaliyyət göstərməkdən məmnunluğunu ifadə edib.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpinin iki ölkə arasında əlaqələrin inkişafına böyük önəm verdikləri, dövlət başçılarının iradələri sayəsində hərtərəfli əməkdaşlığın dərinləşdirilməsi istiqamətində məqsədyönlü fəaliyyətin həyata keçirildiyi qeyd olunub.
Qeyd olunub ki, bir-birinin ərazi bütövlüyünə və suverenliyinə birmənalı dəstək verən Azərbaycan ilə Çin dost və tərəfdaş dövlətlər kimi beynəlxalq müstəvidə əməkdaşlığı xüsusi diqqət mərkəzində saxlayır.
Görüşdə Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında fəal siyasi dialoq şəraitində sıx təmasların, o cümlədən qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilib, bu xüsusda 2024-cü ilin noyabr ayında YAP nümayəndə heyətinin Çinə səfəri zamanı ÇKP ilə əməkdaşlıq memorandumunun imzalanmasının ölkələrarası münasibətlərin daha da möhkəmlənməsinə önəmli töhfə olduğu bildirilib.
***
Yeni Azərbaycan Partiyası, Türkiyənin Ədalət və İnkişaf Partiyası və Şimali Kipr Türk Cümhuriyyətinin Ulusal Birlik Partiyası arasında 2023-cü ilin noyabrın 14-də imzalanmış üçtərəfli Anlaşma Memorandumundan irəli gələrək gənclər arasında təmasların artırılması, birgə fəaliyyət və təcrübə mübadiləsinin təşviqi məqsədilə “Bir millət, üç dövlət gənclik düşərgəsi” layihəsinə start verilib.
İlk dəfə olaraq Şimali Kipr Türk Cümhuriyyətində təşkil olunan düşərgəyə Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Bəxtiyar İslamovun başçılıq etdiyi nümayəndə heyəti də qatılıb.
XQ