İrəvan “Rusiya hərbi bazasının bağlanması”nı yenidən gündəmə gətirir

post-img

Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün bundan əvvəl Avropa Siyasi Birliyinin VI sammitində Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenlə görüşüb. Bu görüş onda ruh yüksəkliyi yaradıb. Paşinyan ölkəsinin Aİ ilə əməkdaşlığı bundan sonra da dərinləşdirməyə hazır olduğunu bir daha bəyan edib. Bu barədə Ermənistan hökuməti mətbuat xidməti məlumat yayıb: “Nikol Paşinyan Avropa İttifaqının Ermənistanda həyata keçirilən islahatlara ardıcıl dəstəyini yüksək qiymətləndirib və Ermənistan hökumətinin Aİ ilə əməkdaşlığın dərinləşdirilməsini davam etdirməyə, qarşılıqlı əlaqənin yeni və səmərəli mərhələsinin təminatına hazır olduğunu vurğulayıb”.

Qeyd olunub ki, Koşta və Lyayen Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında qanunun qəbulunu alqışlayıb və onu mühüm addım hesab ediblər, həmçinin viza rejiminin liberallaşdırılması prosesinin ikitərəfli sürətləndirilməsinin vacibliyini vurğulayıblar. Avropalı məmurlar Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətninin razılaşdırılmasını da alqışlayıblar. Onlar Aİ-nin sülh prosesini dəstəkləməyə və regionda uzunmüddətli sabitliyə yardımın göstərilməsinə davam etməyə hazır olduğunu vurğulayıblar.

Bundan başqa, onun Fransa prezidenti Emmanuel Makron, niderlandlı həmkarı Dik Şuf ilə görüşləri də baş tutub. Qeyd edilib ki, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik bütövlükdə regional əməkdaşlıq üçün həyati əhəmiyyət kəsb edir. 

Erməni mətbuatı bu üç görüşün Hayastan üçün böyük əhəmiyyət daşıdığını xüsusilə qeyd edir. Onlara görə, Paşinyana olan mehriban münasibət İrəvanın Aİ-yə inteqrasiya yolunda müsbət rol oynayacaq. Müxalifət isə yerində durmur. Bunun nəticəsidir ki, Ermənistan müxalifəti, deyəsən, yenidən hay-küy salmağa başlayıb. Onlar “Paşinyan Rusiyadan əl çəkir, Gümrüdəki hərbi bazanı bağlayır”, – kimi açıqlamalar verməyə başlayıblar. Müxalifətin hazırladığı sxemə görə, guya, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının ölkədən çıxarılmasına hazırlıq gedir. Arqument kimi Azərbaycanla sülh müqaviləsi layihəsi göstərilir. Guya, bu layihədə “xarici bazalara qadağa” bəndi var. Qəribədir ki, sənədin mətni heç kimə məlum deyil, lakin erməni jurnalistlər artıq ona istinad edirlər. 

Ermənistanın “Hraparak" qəzeti yazır: “Bəzi məlumatlara görə, Ermənistan ilə Azərbaycan arasında imzalanması gözlənilən sülh sazişinin mətnində Ermənistanın ərazisində hər hansı digər dövlətin hərbi bazasının yerləşdirilə bilməyəcəyi ilə bağlı ifadələr yer alıb. Bu isə o deməkdir ki, ölkələrarası saziş imzalandıqdan sonra Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası ölkə ərazisindən çıxarılmalıdır”.

Məqalədə qeyd olunur ki, 1995-ci ildə Ermənistan və Rusiya arasında imzalanan dövlətlərarası sazişə əsasən, Gümrüdə yaradılan hərbi bazanın çıxarılmasının necə reallaşdırılacağı hələ də qeyri-müəyyəndir. Həmin saziş ilkin olaraq 25 il müddətinə imzalanmışdı. 2010-cu ildə Rusiya Prezidenti Dmitri Medvedevin Ermənistana səfəri zamanı sazişin müddəti uzadılaraq 2044-cü ilə qədər qüvvədə saxlanılıb.

Bununla belə, əldə olunan məlumatlara əsasən, saziş layihəsində belə bir müddəanın yer alması Rusiya hakimiyyəti tərəfindən ciddi narazılıqla qarşılanıb. Qəzet yazır ki, səfərdən əvvəl tənqidlərə cavab verən Paşinyan bu səfərin əsas məqsədlərindən birinin məhz Rusiya Prezidenti ilə görüş olduğunu bildirmişdi. Qeyd edək ki, həmin gün Vladimir Putin Moskvaya gələn əksər dövlət başçıları ilə ayrıca görüşlər keçirsə də, Paşinyanla belə görüş keçirilməyib”. Bu, əlbəttə, tərəflər arasında gərginlikdən xəbər verir.

Həmçinin Ermənistan parlamentinin “Mənim şərəfim var” müxalifət fraksiyasından olan deputatı Tiqran Abramyan da sosial şəbəkədə yazıb ki, İrəvan və Bakı artıq Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsini razılaşdıra bilər.

Amma problem Rusiyanın 102-ci bazasının bağlanıb-bağlanmayacağında və ya bu xəbərin saxta olmasında deyil. Bunun heç bir əhəmiyyəti yoxdur. Problem ondadır ki, bu saxtakarlıq düşünülmüş strategiyadır. Müxalifət görür ki, region sabitləşir, danışıqlar gedir, Qərb İrəvana maraq nümayiş etdirir. Və burada onlar təcili olaraq atəşə yağ tökməlidirlər: regionda sabitlik pozulmalıdır. Məqsəd isə Paşinyanı yenidən Moskvaya qarşı qoymaq və gələn il keçiriləcək parlament seçkilərində onun məğlubiyyətinə nail olmaqdır. Yada salaq ki, bu kimi məlumatların yayılmasının arxa planında Robert Koçaryan və Serj Sarkisyan var. Son vaxtlar “eks”lərin hər ikisi aktivləşib. Onlar mövcud Ermənistan hakimiyyətinin konstitusiya dəyişikliyi etmək qərarını ölkə üçün “son dərəcə təhlükəli” nəticələri olan “böyük səhv” adlandırırlar. “Böyük səhvə yol verilir və onun nəticələri Ermənistanın gələcəyi üçün son dərəcə təhlükəlidir”, – Ermənistanın sabiq prezidenti Robert Koçaryan deyib. O, hakim komandanın xarici siyasət kursunu şərh edərkən bildirib ki, Avropanın Ermənistanın təhlükəsizlik məsələlərini həll edə biləcəyini düşünmək sadəlövlükdür. Sabiq dövlət başçısı şimalda Rusiya, cənubda İran, qərbdə Türkiyə ilə həmsərhəd olan Cənubi Qafqazın xəritəsinə baxmağı təklif edib. Koçaryanın fikrincə, bu üç ölkə “yerdə” ciddi oyunçu ola bilər. 

Bu kontekstdə Ermənistanın ikinci prezidenti bu ölkələrdən hansının Ermənistana daha yaxın, hansı ilə iqtisadi əlaqələrin daha faydalı olduğunu müəyyənləşdirməyi təklif edib: “Bu ölkələrdən hansının daha böyük hərbi və iqtisadi potensialı var? Kimin mədəni kodu bizə daha yaxındır? Cavab bəllidir – Rusiyanın”. Koçaryan bazanın vacibliyini vurğulayıb.

O qeyd edib ki, Türkiyəyə gəlincə, İrəvanın Ankara ilə belə əlaqələri yoxdur: “Biz ölkənin təhlükəsizliyi üçün nəyin lazım olduğunu anlayıb strateji addımlar atmalıyıq... Avropa ilə bağlı müzakirələr mənasızdır... Amma avropalılar da buna reaksiya vermirlər. Bu gün yalnız bir məqsəd var: Ukrayna, Ermənistan və digər ölkələr vasitəsilə Rusiyaya zərər vermək. Nəticədə, biz kiminsə əlində alətə çevrilirik və burada hər hansı strategiya yoxdur”.

Koçaryan hesab edir ki, regionda Ermənistanla Rusiyadan daha çox maraqlanan ölkə yoxdur. Onun fikrincə, müxtəlif ölkələrlə münasibətləri xəyal etmək olar, ancaq geosiyasi vəziyyət real siyasəti diktə edir. 

Koçaryanın nöqteyi-nəzərindən Türkiyənin Ermənistana təhlükəsi göz qabağındadır və Ankaranın ambisiyalarını saxlaya biləcək yeganə ölkə Rusiyadır. Onun fikrincə, Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışmalı, lakin şantajlara boyun əyməməliyik və bunun üçün bizə güclü tərəfdaş lazımdır. Deməli, Rusiya hərbi bazası Ermənistanda qalmalıdır. Çünki Rusiya Ermənistanın maraqlarının təmin olunmasına xidmət edir. Əslində, baza daha çox Rusiyanın maraqlarını müdafiə edir. Ermənistanın “qonşulardan müdafiə edilməsi” kimi uydurmaya bu bazanın heç bir “yardımı” yoxdur. Çünki Ermənistanın “qonşularından müdafiəsi”ndə bu bazanın elə bir önəmli rolu yoxdur. Ermənilərin və onların müttəfiqlərinin Ermənistan üçün düşmən kimi təqdim, təbliğ etdikləri Azərbaycan və Türkiyə onların təsvir etdikləri halda olsa idi, indi həmin ərazidə Ermənistan dövləti və erməni etnik qrupu olmazdı. Ermənistan və Azərbaycan arasında saziş imzalanarsa, bu, bütün regionu dəyişə bilər. Tarixi hadisələr sübut edir ki, xarici ölkə qoşunlarının başqasının ərazisində mövcudluğu sabitlik və perspektiv üçün təhdid mənbəyidir. 

Sonda onu da qeyd edək ki, müxalifətin parlament seçkiləri öncəsi ölkədə qarışıqlıq yaratmaq, hakim partiyanın seçicilər qarşısında gözdən salmaq niyyətini iqtidar da yaxşı başa düşür. Bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, ölkə ərazisindən Rusiya hərbi bazasının çıxarılması məsələsi müzakirə olunmur, yayılan məlumatlar dezinformasiyadır və həqiqətdən uzaqdır: “Xeyr. Ermənistanda Rusiya hərbi bazasının çıxarılması məsələsi müzakirə edilmir”.

Beləliklə, parlament seçkiləri yaxınlaşdıqca Ermənistanda gərginlik artacaq. Belə feyk xəbərlərlə mətbuatda tez-tez rastlaşacağıq.

Ə.Pünhan 
XQ

 



Siyasət