Sahil qəsəbəsinin yerləşdiyi ərazinin bir yanı Xəzər, bir yanı boz dağlardır, bomboz dağlar, yalnız dağlar. İlin bütün fəsillərində Qaradağın bu yalnız dağlarının üzü boz olur.
...İlk dəfə ötən əsrin səksəninci illərində bu yerlərə gələndə, görürdüm ki, Xəzərin sahilində bomboz çöllüklərdə, göz işlədikcə uzanan səhralıqda kol-kosdan başqa heç nə gözə dəymir. İllər keçdi, bu yerlər boz libasını dəyişdi, yavaş-yavaş yaşıllıqlara büründü. İldən-ilə bu yaşıllıq boy verdi, çəmənzara döndü.
İnsan əkdiyi ağacnan da yadda qalır. Hər kəs bir ağac əksə, onun ölümündən sonra insanlar ağacın meyvəsindən yeyər və ağac əkən savab qazanmış olar. Ağac əkib-becərmək də dəyərli övlad böyütmək kimi bir işdir. Ulu öndər Heydər Əliyev deyirdi ki: “Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o öz ailəsinə, öz-özünə xəyanət edir.”
Yaşıllığın insan sağlamlığı üçün çox böyük əhəmiyyəti var. Yaşıllıq olan yerdə bolluca təmiz hava, bir də göz oxşayan, könül açan gözəl mənzərələr olar.
Bir qoca bağban vardı, Xəzərin sahilində – Sahil qəsəbəsində yaşayırdı. Səhərdən axşamadək ağacların qulluğunda dururdu. Qışda dənizin dəli rüzgarından, xəzrinin gətirdiyi neft qoxusundan, Qaradağ Sement Zavodunun zəhərli tozundan təngə gəlsə də, yorulmadan çalışırdı.
O zaman burada yulğun kollarından başqa heç nə bitmirdi, yaşıllıqdan əsər-əlamət yox idi. Qoca bağban deyirdi ki, yulğun kolları bərəkətsiz torpaqlarda bitir, bunlar yaxşı torpağı xoşlamır. O, yulğun kollarının əvəzinə burada Abşeron iqliminə uyğunlaşa bilən ağaclar əkmək təşəbbüsündə bulundu. Hər gün Günəş çıxandan batanadək onu torpaqla ortaq olan görürdüm. Vaxtı, saatı Günəşin istiqaməti ilə müəyyən edirdi. Həmin ağ saçlı bağbanın burada ilk iydə ağacı əkdiyi yaxşı yadımdadır.
Torpaqla o qoca kişinin dostluğu belə başladı. Ağac əkdi, bağ saldı. O deyirdi ki, vaxt olacaq biz ömrümüzü başa vuracağıq, amma bu ağaclar boy atacaq. Bizdən sonra gələnlər bu ağacların kölgəsində bir hovur dincini alanda bizə Allahdan rəhmət diləyəcək.
İndi onun özü haqq dünyasındadır. Amma əkdiyi ağaclar qalır, qollu-budaqlı, şaxlı-şəvəlli olub. Başının üstündə Günəşi, kökünün üstündə torpağı, suyu. Yazda həmin iydələr çiçəkləyəndə, o çiçəklərin ətrini ciyərlərimə çəkəndə, qəlbim fərəhlə dolur. Qoca bağbana rəhmət oxuyuram.
Günəş yüksəklikdən öz işığını, nurunu iydə ağaclarının üstünə yayır, ağaclar şəfəqlərdən nur əmir, nazlana-nazlana yırğalanır. Belə vaxtlarda çiçəkləyən iydə ağacları bir-birindən gözəl görünür. Yaz gələndə buralar iydə ətrinə bürünür. Hərdən sakit yatan, fırtınasız Xəzər də iydə çiçəklərini həzin mehlə sığallayır. Bir vaxtlar yovşan qoxuyan səhralıqdan indi iydənin ətri gəlir. Hər gün yaşıllıqların içindən keçəndə zərif, incə duyğular aləminə qovuşuram. Təbiətin bütün boya və rəngləri, sanki, burada cəmləşib.
İnsanın normal həyatını təmin edən amillərdən biri də təbiətin və ətraf mühitin qorunmasıdır. Udduğumuz havaya, içdiyimiz suya görə ana təbiətə borcluyuq.
...O gün yenə Günəş qüruba enmişdi. Xəzər çəhrayı rəngə boyanmışdı. Bir yanda da irili-xırdalı iydə ağacları görünürdü. Yaşıllığın yaxasını xəzrinin ilıq nəfəsi titrədib keçdi. Ağacların saçında həzin mehin darağı gəzdi. Təbiətin üzündə xoş bir təbəssüm dolaşdı. İnsanı məftun edən mənzərə idi. O gözəl mənzərəni seyr edə-edə düşünürdüm ki, doğrudan da, bu dünya fanidir. Hamımız gəldi-gedərik. İnsan ölür, özündən sonra əməlləri qalır.
Torpaq üzərində gözəlliyi görəndə insan əllərinin qüdrətinə heyran qalırsan. O əllərin qüdrətini şair nə gözəl təsvir edib:
Bir qarış torpağı min qarış eylər,
Dünyanın altını şum eylər insan.
Daşları öyrədər gül bitirməyə,
Qayanı əridib mum eylər insan.
Həzi HƏSƏNLİ,
şair- publisist