Bakıda Belçika Kral Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Belçikanın Azərbaycandakı səfiri Julyen de Frepon çıxış edərək bu əlamətdar günün əhəmiyyətindən danışıb.
Diplomat vurğulayıb ki, dünya hazırda dərin qlobal transformasiya dövrünü yaşayır. Geosiyasi gərginliklər və münaqişələr beynəlxalq əməkdaşlığın dayanıqlılığını sınağa çəkir, texnoloji yeniliklər isə insanların həyat və ünsiyyət tərzini dəyişir. Bu şəraitdə diplomatiya və dialoq hər zamankından daha vacib amilə çevrilib.
Ötən il Belçika Baş nazirinin Bakıya səfərinin iki ölkə münasibətlərində mühüm mərhələ olduğunu deyən səfir müxtəlif sahələrdə, o cümlədən energetika, logistika, tikinti və liman sektorlarında əməkdaşlığın genişləndiyini diqqətə çatdırıb.
“Biz yalnız hökumətlərimiz deyil, həm də cəmiyyətlərimizi zənginləşdirən insanlar arasında da canlı əlaqələr qururuq. Azərbaycanda təhsil almağa maraq göstərən gənclərin Belçika universitetlərinə üstünlük verməsi bizi çox sevindirir”, – deyə o əlavə edib.
J.Frepon, həmçinin Ermənistanla münasibətlərdə son dövrlərdə atılan addımları yüksək qiymətləndirərək Azərbaycan rəhbərliyinə təbriklərini çatdırıb.
Sonra tədbir bədii hissə ilə davam edib.

