Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair və maarifçi Seyid Əzim Şirvaninin 190 illik yubileyi münasibətilə Kokand Dövlət Universitetində onun adını daşıyan xüsusi auditoriya yaradılıb. Auditoriya Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə fəaliyyətə başlayıb.
Yeni auditoriyanın açılış mərasimində çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli iki ölkə arasında mədəni, elmi və ədəbi münasibətlərin tarixi dərinliyindən bəhs edib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin yubileylə bağlı imzaladığı sərəncam çərçivəsində belə təşəbbüslər ortaq mədəni irsin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir. A.Marifli auditoriyanın gələcəkdə Azərbaycan dili və ədəbiyyatının tədris olunacağı mərkəzə çevriləcəyini də qeyd edib.
Tədbirdə çıxış edən Kokand Dövlət Universitetinin birinci prorektoru Noqara Qadirova auditoriyanın açılışını Özbəkistan–Azərbaycan dostluğunun canlı təzahürü adlandırıb. O, bu mərkəzin gənc nəslin tərbiyəsində, eləcə də elmi-praktik tədbirlərin təşkili baxımından əhəmiyyətini vurğulayıb.
Yeni auditoriyada Azərbaycanın dövlət atributları, milli mədəniyyətə aid eksponatlar, suvenirlər və kitablar yer alıb. Burada, həmçinin Seyid Əzim Şirvaninin həyatı və yaradıcılığına dair materiallar, fotoşəkillər və şairin poetik nümunələri təqdim olunub.
XQ