Lənkəran və Lerikdə aqrar biznes festivalları

post-img

Ölkəmizdə ərzaq təhlükəsizliyinin gücləndirilməsi və ixrac potensialının artırılmasına töhfə verən rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emal sənayesinin formalaşdırılması sahəsində mühüm tədbirlər həyata keçirilir. Kənd təsərrüfatına göstərilən dövlət dəstəyi nəticəsində ölkədə müasir aqrobiznes sahələri formalaşdırılır. Dünyanın iqtisadi və ekoloji, o cümlədən iqlim dəyişikliyi kimi yeni çağırışlarına uyğun olaraq aqrobiznes mühitinin qorunub saxlanılması məqsədilə yerlərdə festivallar keçirilir, ictimai müzakirələr aparılır.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu kimi tədbirlər ölkədə aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirməklə beynəlxalq və yerli təcrübəni, mövcud vəziyyəti, imkanları, o cümlədən aqrobiznesə maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox sahibkarın faydalanması üçün lazım olan addımların müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Növbəti aqrar biznes festivalları isə Lənkəran və Lerik rayonlarında keçirilib. Ölkənin aqrar sektorunun müxtəlif sahələrini əhatə edən məhsulların sərgiləndiyi festivallara Lənkəran, Lerik, Masallı, Astara, Cəlilabad və Yardımlı rayonlarının fermerləri qatılıblar. Bu barədə XQ-yə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Lənkəran regional “ASAN xidmət” mərkəzi və Lerik Rayon İcra Hakimiyyəti binasının qarşısında təşkil edilən festivallarda dövlət qurumları öz məhsul və xidmətləri barədə təqdimatlar edib, fermerlərə müasir suvarma sistemləri, kənd təsərrüfatı texnikaları, gübrə və pestisid nümunələri, eləcə də iqlimədost texnika və texnologiyalar, onlardan istifadə qaydaları barədə məlumat veriblər.

Aqrar biznes festivalları çərçivəsində fermerlər üçün kredit yarmarkası təşkil olunub. Yarmarkalarda bank və bank olmayan kredit təşkilatları tərəfindən kredit məhsulları təklif edilib. Fermerlər aqrar təyinatlı kreditlər, müxtəlif kredit məhsulları, aqrar kreditlərin kənd təsərrüfatında yaratdığı əlavə dəyər və digər məsələlərlə bağlı ətraflı məlumat əldə ediblər. Tədbir çərçivəsində, həmçinin dövlət qurumları və kənd təsərrüfatı sahəsində ixtisaslaşmış şirkətlər fermerlərə xidmət və məhsullar barədə geniş məlumat verib.

Sərgi və nümayiş bölməsi ilə yanaşı, festivallarda fermerlərin maarifləndirilməsi istiqamətində təlimlər keçirilib. Festivallar çərçivəsində fermerlər üçün “Su həyatdır” layihəsinin təqdimatı olub.

Xatırladaq ki, cari ilin ötən dövründə ölkənin ayrı-ayrı regionlarında, ümumilikdə, 29 aqrar biznes festivalı keçirilib. Müvafiq dövlət qurumlarının, eləcə də bankların, yerli və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən həmin tədbirlərdə aqrobiznes sektorunun mövcud vəziyyəti və gələcək perspektivləri, eləcə də iqlimə davamlı maliyyələşdirmə, subsidiyalar vasitəsilə kənd təsərrüfatının maliyyələşdirilməsi və dövlət–özəl tərəfdaşlıq yönümlü bir sıra məsələlər müzakirə olunub.

Kənd təsərrüfatı sektorunda müasir innovativ yeniliklərin nümayiş olunduğu aqrar biznes festivallarında şirkət və fərdi sahibkar tərəfindən müxtəlif kənd təsərrüfatı məhsullarının satışı həyata keçirilib. Şirkətlər tərəfindən əsasən traktorlar, konteyner daşıyan qoşqular, meyvəyığan platformalar, tunel tipli ön soyutma sistemləri, hava ilə soyutma avadanlıqları, fındıqtoplayan aqreqatlar, bağ ləvazimatları, toxum, ting, arıçılıq məhsulları, qurudulmuş meyvə satışı gerçəkləşdirilib.

Yeri gəlmişkən, aqrar sektorda güzəştli kredit mexanizminin təkmilləşdirilməsi, fermerlərin bu vəsaitlərə əlçatanlığının asanlaşdırılmasında aqrobiznes festivalları da mühüm rol oynaya bilər. Bu amil nəzərə alınaraq cari ilin ötən dövründə keçirilmiş festivallar çərçivəsində fermerlər üçün kredit yarmarkaları təşkil olunub. Həmin yarmarkalarda ölkənin bank və bank olmayan kredit təşkilatı öz məhsulları barədə fermerlərə məlumat veriblər.

Bununla yanaşı, regionlarda keçirilmiş aqrar biznes forumlarında kənd təsərrüfatının maliyyələşdirilməsində dövlət və özəl maliyyə sektoru qarşısında çağırışlar, “yaşıl” maliyyə və iqlimə davamlılıq üçün dövlət dəstək alətləri, kənd təsərrüfatı kooperativlərinin aqrobiznesin inkişafında rolu və digər mühüm məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, aqrobiznes forumlarında aparılmış bir sıra müzakirələr zamanı aqrar sahənin investisiya imkanları və yeni çağırışlar, bank sektorunda aqrobiznesin maliyyələşdirilməsi təcrübəsi, maliyyə alətləri, risklər və onların tənzimlənməsi ilə bağlı təkliflər səsləndirilib, aqrar sahədə sahibkarlığın inkişafı, çətinliklər və imkanlar, kənd təsərrüfatının inkişafında dövlətin rolu, dövlət dəstəyi tədbirlərinin təkmilləşdirilməsi istiqamətləri barədə rəy və təkliflər irəli sürülüb.

 



İqtisadiyyat