“Mahmud Kaşğarlı” beynəlxalq elmi jurnalının xüsusu buraxılışı nəşr olunmuşdur. Mahmud Kaşğarlının "Divanü lüğət-it türk" əsərinin yazılmasının 950 illiyinə həsr edilən buraxılış, Türk dünyasının zəngin mədəni irsinin və dilin əhəmiyyətini vurğulayan əhəmiyyətli bir təşəbbüsdür. Nəşr Türk dünyasının birliyini möhkəmləndirən və ortaq mirası yad edən bir addım kimi diqqət çəkir.
Buraxılış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının ümumi tarixini, mədəni irsini və dil birliyini önə çıxaran dəyərli fikirləri ilə açılır.
Nəşrdə ADPU-nun rektoru Cəfər Cəfərovun, Beynəlxalq əlaqələr üzrə prorektor Mahirə Hüseynovanın Mahmud Kaşğarlının "Divanü lüğət-it türk" əsəri haqqında fikirləri, akedemik Nizami Cəfərov, L.N.Gumilyov adına Avroaziya Milli Universitetinin türkologiya kafedrasının müdiri A. Şarip, Ural Federal Universitetinin Azərbaycanşünaslıq mərkəzinin direktoru professor Aleksandr Nesterov və Türk dünyasının bir sıra tanınmış nüfuzlu alimlərinin təbrikləri yer alır.
Qeyd edək ki, “Mahmud Kaşğarlı” beynəlxalq elmi jurnalı ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynovanın təsisiçiliyi və baş redaktorluğu ilə nəşr edilir. Az bir müddətdə jurnalın websaytı-kashgari.az; məqalələrin göndərilməsi üçün mahmud-
[email protected] internet ünvanı yaradılmış, ISSN, E İSSN sertifikatı alınmış, Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın rəsmi qeydiyyatından keçmişdir. “Mahmud Kaşğarlı” beynəlxalq elmi jurnalı təsis edildiyi çox qısa müddət ərzində böyük nüfuz qazanmış, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Macarıstan, Amerika, Koreya, Bosniya və Herseqoviniya, Rusiya (Moskva, Kazan, Yekaterinburq, Altay), Gürcüstan, İsveçrə, Ukrayna, Hindistanın tanınmış nüfuzlu türkoloq alimləri ilə yaxından əməkdaşlıq əlaqələri qurmuşdur.
Beynəlxalq nəşr tarix boyu dünya mədəniyyətinə misilsiz töhfələr vermiş türk xalqlarının dilini, ədəbiyyatını, tarixi irsini, arxeologiyasını, etnoqrafiyasını, folklorunu, qədim abidələrini, yazısını, mədəniyyətini, incəsənətini, memarlığını, həyat fəlsəfəsini və türk ruhunu əks etdirən tədqiqatların dərc edildiyi beynəlxalq elmi bir platformadır. Jurnalın məqsədi, türk xalqlarının zəngin və çoxşaxəli mədəniyyətini öyrənmək, araşdırmalar vasitəsilə bu xalqlar arasında birliyi gücləndirmək və elmi ictimaiyyəti türk dünyasının dərin tarixini və mədəniyyətini anlamağa dəvət etməkdir. Bu yanaşma türk xalqlarının keçmişinə dair daha çox həqiqətlərin üzə çıxarılmasına və türk birliyinin inkişafına müsbət təsir göstərəcəkdir.
Türkiyənin dünyanın 43 ölkəsində fəaliyyət göstərən İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu – İKSAD-ın direktoru, professor Mustafa Lətif Əmək XQ-yə bildirib ki, Mahmud Kaşğarlının “Divanü lüğət-it-türk” əsərinin 950 illiyi münasibətilə “Mahmud Kaşğarlı” beynəlxalq elmi jurnalının xüsusi buraxılışı türk dünyasında həm akademik, həm də mədəniyyət sahəsində böyük bir əhəmiyyət kəsb edir. Bu yalnız Mahmud Kaşğarlı və onun irsinin tədqiqinə olan marağı göstərməklə qalmır, eyni zamanda türk dünyasının birliyini, qarşılıqlı əlaqələrini və mədəni irsə verilən böyük diqqəti nümayiş etdirir.
Dekabrın əvvəlində Odlar Yurdu Universitetində ADPU Türkoloji Mərkəz, Mahmud Kaşğarlı adına Beynəlxalq Fond, AMEA Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi və bizim inistitutun təşkilatçılığı ilə "Mahmud Kaşğarlı: 2-ci beynəlxalq elm, mədəniyyət və təhsil konfransı” keçiriləcəkdir. Bu beynəlxalq mərasimdə Türkoloji Mərkəzin “Mahmud Kaşğarlı” beynəlxalq elmi jurnalının da təqdimatı planlaşdırılır.
Namiq QƏDİMOĞLU
XQ