Elmi mərkəzin direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəkər Məmmədova söhbətə tədqiqat hədəfləri, qarşıda duran vəzifələr barədə məlumatla başladı:
– Azərbaycan Dövlət Pedaqoji Universitetinin struktur bölmələrindən olan Türkoloji Mərkəz universitetin Türk Dünyasına olan xüsusi rəğbətinin töhfəsidir. Rektorumuz professor Cəfər Cəfərovun xüsusi qayğısı sayəsində və Beynəlxalq Əlaqələr üzrə prorektor Mahirə xanım Hüseynovanın təşəbbüsü ilə 2023-cü ildə həyata vəsiqə alib. Türkoloji Mərkəzin açılış mərasimində iştirak edən qonaqlar, türkoloq alimlər mərkəzin fəaliyyəti, elmi araşdırmaları, zəngin kitab fondu ilə yaxından tanış olmuşlar. Türk Dil Qurumunun rəhbəri professor Osman Mərt, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu Başkanı Dərya Örs, Türkiyə Elmlər Akademiyasının rəhbəri Müzəffər Şəkər, Bakıdakı Türkiyə Səfirliyinin mədəniyyət müşaviri Mühiddin Məcid və başqaları universiteti ziyarət zamanı mərkəzlə də tanış olmuş, fikirlərini bildirmişlər.
ADPU-nun Türkologiya sahəsindəki fəaliyyət istiqamətlərini prioritet seçən mərkəz öz fəaliyyətini bir neçə mühüm məqsəd və istiqamətə yönəldir. Bu məqsədlərin əsasını isə Azərbaycan və ümumilikdə türk xalqları arasında elmi, mədəni, iqtisadi və siyasi əlaqələrin inkişaf etdirilməsi, türk birliyinin möhkəmləndirilməsi təşkil edir.
– Türkologiya Türk birliyinin möhkəmlənməsinə necə kömək edə bilər?
– Türk dili dövlətlər arasında əlaqələrin daha da gücləndirilməsi, qarşılıqlı anlaşma və əməkdaşlıq üçün əlverişli şəraitin yaradılması da ADPU-nun fəaliyyət istiqamətləri arasındadır. Bu sahə üzrə tədqiqatlar, türk dilləri, ədəbiyyatı, etnoqrafiyası və tarixi ilə bağlı yeni elmi əsərlərin yaranmasına şərait yaradır. Universitetin bu sahədəki fəaliyyəti, türk dilinin tədrisi, tədqiqi və daha geniş miqyasda yayılması üçün çox vacibdir.
Türk xalqları arasında əlaqələrin inkişaf etdirilməsi, müasir dünyada türk dünyasının gücünü birləşdirmək üçün vacib addımlardan biridir. Türk birliyinin formalaşması, bu xalqlar arasında qarşılıqlı hörmət, anlayış və əməkdaşlığın inkişafına yönəlir. ADPU-nun türkologiya sahəsindəki fəaliyyəti, bu məqsədlə tədqiqatların aparılması, elmi konfransların təşkili və türkdilli ölkələr arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün əsas bir platformadır. Türk birliyinin formalaşmasında universitetin alim və tədqiqatçıları mühüm rol oynayırlar.
Nəticə etibarilə, ADPU-nun türkologiya sahəsindəki fəaliyyət istiqamətləri, Azərbaycan və digər türk dövlətləri arasında daha sıx əlaqələrin qurulmasına, türk dünyasının güclü və birləşmiş bir mövqeyə gəlməsinə töhfə verəcək. Bu, yalnız elmi və mədəni inkişafı deyil, həm də siyasi və iqtisadi sahələrdə daha geniş və dərin əməkdaşlıq perspektivlərini təmin edəcək.
– Mərkəz necə formalaşdırılıb?
– Doqquz nəfərlik kollektivi olan mərkəz üç bölmədən ibarətdir: Türk xalqlarının dilləri; Türk xalqlarının ədəbiyyatı və Türk xalqlarının tarixi. Dil bölməsinə professor Mirvari İsmayılova, ədəbiyyat bölməsinə professor Elman Quliyev, tarix bölməsinə isə fəlsəfə doktoru dosent Dəyanət Musayev rəhbərlik edir. Mərkəzin beş mütəxəssisi var. Validə Şıxəliyeva dissertantdır, Aynur Cəfərova, Sayalı Cəfərova, Ülkər Yusifli doktorantdırlar və Nərmin Rəhimovanın magistr təhsili var.
– Mərkəzin fəaliyyətinin əsas məqsədi Azərbaycanda türkologiyanın inkşafı ilə bağlı tədqiqatların aparılmasını təmin etmək, türkologiyanın inkşafına yeni töhfələr vermək, onun elmi-nəzəri səviyyəsinin yüksəldilməsinə və praktik tətbiqinə nail olmaq, türkologiya sahəsində əldə olunmuş elmi nəticələrinin tədris prosesinə tətbiqini təmin etməkdir. Universitetin müvafiq struktur bölmələri ilə səmərəli iş fəaliyyəti qurmaq, professor- müəllim heyətini, tələbə, magistrant və doktorantları mərkəzdə aparılan tədqiqtlara cəlb etmək, mərkəz xətti ilə elmi seminar, dəyirmi masa və konfranslar təşkil etmək, beynəlxalq və respublika əhəmiyyətli qrant layihələrində iştirak etmək və bu çərçivədə elmi-tədqiqat işləri aparmaq, mərkəzin elmi fəaliyyətinin təkmilləşdirilməsi üçün təhlillər aparmaq və əldə olunmuş nəticələrə dair rəy və təklifləri müzakirə etməkdir.
– Beynəlxalq təşkilatlarla – TÜRKSOY, TİKA və başqaları ilə əlaqələr qura bilmisinizmi?
– Mərkəz TÜRKSOY, Azərbaycanda fəaliyyət göstərən türk dövlətlərinin səfirlikləri və digər təşkilatlarla geniş əlaqələrin qurulmasına xüsusi önəm verir. TÜRKSOY, TİKA, Yunis Əmrə İnstitutu, Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD), Beynəlxalq Türk Mədəniyyət İrsi Fondu, Türkiyə və Qazaxıstan səfirlikləri və Türk dövlətlərinin aparıcı universitetləri olan Buxara Dövlət Universiteti, Chirchik Dövlət Pedaqoji Universiteti, Ə. Nəvai adına Daşkənt Dövlət Özbək Dili Və Ədəbiyyatı Universiteti, İstanbul Universitesi Türkiyat Araştırmaları İnstitütü, Ankara Universiteti, Qazaxıstanda Əl-Fərabi Universiteti, Qırğızıstanda Manas Universiteti, Çingiz Aytmatov Beynəlxalq Fondu və bu kimi elmi və mədəni qurumlarlarla sıx əlaqə saxlayırıq. Hətta bəziləri ilə birgə konfrans, sempozium, layihələr həyata keçirmişik və bəzi layihələr üzərində işlərimiz davam etməkdədir.
– Azərbaycanda hansı elmi və mədəni qurumlarla əlaqələriniz var?
– Türkoloji Mərkəz təkcə xarici elmi və mədəni qurumlarla yox, həm də AMEA və Azərbaycanın təhsil ocaqları ilə davamlı əlaqələr saxlayır, bir sıra elmi tədqiqatların üzərində iş aparırlar. Bu əməkdaşlığın nəticəsidir ki, AMEA, Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Türk Ocağı, “Ziyalı Ocağı” İctimai Birliyi ilə əlaqələrimiz davamlı əməkdaşlığa çevrilib və bu sahədəki işlərimiz hər gün də genişlənməkdədir. Mərkəzin mütəxəssislərinin türkoloji aspektdə araşdırmaları Azərbaycanın və dünyanın tanınmış beynəlxalq elmi nəşrlərində məqalə və tezis kimi nəşr olunmaqdadır. Həm də müxtəlif beynəlxalq elmi konfrans və siempoziumlarda da əməkdaşlarımız həm sərbəst, həm də müştərək işlərlə çıxış edirlər.
– Türk dövlətlərinin aparıcı türkoloji qurumları ilə necə əməkdaşlıq edirsiniz?
– Mərkəzin təşkilatçılığı ilə keçirilən ilk beynəlxalq mərasim Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Beynəlxalq məsələlər üzrə prorektorumuz Mahirə xanımın təşəbbüsü ilə Ümummilli liderin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev və Türk dünyası” adlı beynəlxalq elmi seminar elmi ictimaiyyətdə böyük maraq doğurdu. 13 iyun 2023-cü il tarixinində keçirilən bu seminarda Türkiyənin Hacəttəpə Universitetinin professoru Şükrü Haluk Akalın, Qazaxıstan EA-nın professoru Alimjan Xamrayev, Qırğızıstan Oş Dövlət Universitetinin professoru Baybolat Abıtov, Ural Federal Universitetinin professoru Aleksandr Nesterov, AMEA-nın Dilçilik İnstitutunun, BDU-nun tanınmış alimləri çıxış etdilər.
20 sentyabr 2023-cü ildə universitetimiz Birinci Türkçülük Çalışmalarına ev sahibliyi etdi və təşkilatçılarından biri də Türkoloji Mərkəz oldu. Bu simpoziumda mərkəzin tarix bölməsinin müdiri Dəyanət Musayev məruzə ilə çıxış etmişdir.
20-21 dekabr 2023-cü ildə AMEA-nın Şərqşünaslıq İnstitutunda Ziya Bünyadovun 100 illik yubileyinə həsr olunan “Qədim və müasir Şərq: mənbələr, tədqiqatlar, perspektivlər” mövzusunda Beynəlxalq elmi konfransda, 30 may 2024-cü ildə “Ziyalı Ocağı” İctimai Birliyi və Mərkəzin birgə təşkil etdiyi “Türk dünyası – köklər, budaqlar və aydın sabahlar” adlı beynəlxalq konfransda Türkoloji mərkəzin mütəxəssisləri çıxış etmişlər.
2024-cü ilin iyun ayının 21-22-də Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresində Türkoloji Mərkəzin tarix bölməsinin müdiri Dəyanət Musayev təmsil etmişdir. Ədəbiyyat bölməsinin rəhbəri professor Elman Quliyevin layihəsi əsasında 2024-cü ilin mayında Türkiyənin nüfuzlu elm və təhsil qurumu ASES və ADPU-nun təşkilatçılığı ilə Quba şəhərində beynəlxalq elmi konfrans keçirilmişdir.
ABŞ-nin paytaxtı Vaşinqtondan yayımlanan “Radio Free Asia” – “Özgür Asiya Radyosu”nun əməkdaşı, Ankara Universitetinin professoru uyğur türkü Erkin Emət Türkoloji Mərkəzin rəhbəri Şəkər Məmmədova və dil bölməsinin müdiri Mirvari İsmayılovadan müsahibə götürmüş, Türkoloji mərkəz və “Mahmud Kaşğarlı” jurnalı haqqında olan müsahibə bu il iyulun 16-da “Uyğurca xəbərlər” verlişində geniş işıqlandırılmışdır.
– Türkoloji mərkəzin mədəni-kütləvi tədbirləri barədə də tez-tez xəbərlər eşidirik.
– Bu cür görüşlər həmişə diqqətimizdə olub. Qısaca bildirim ki, Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin Özbək dilinin tədrisi fakültəsinin dekanı professor Saodat Muxamedovanın rəhbərliyi ilə bir qrup müəllim və tələbə akademik təcrübə mübadiləsi məqsədilə Mərkəzin və filologiya fakültəsinin qonağı olmuşlar. Ural Federal Universitetinin Azərbaycanşünaslıq mərkəzinin direktoru professor Aleksandr Nesterov, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, professor, əməkdar incəsənət xadimi Kübra Əliyeva, Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyasının dosenti, filologiya elmləri doktoru, Özbəkistan Dövlət Milli Teleradio şirkətinin baş redaktoru Hulkar Hamroeva, İsveç Yazıçılar Birliyinin, İsveç PEN-in və Dünya Uyğur Yazarlar Birliyinin prezidenti Maimaiti Qumtur (Abduşükür Muhammət), Beynəlxalq dərəcəli jurnalist, “Kaşkadərya” jurnalının baş redaktoru Asror Allayarov, Qazaxıstan Respublikası Əhməd Baytursun adına Dilçilik İnstitutunun rəhbəri Anar Fazılcanova və institutun əməkdaşları mərkəzimizin qonağı olmuş, Türk dünyasının ən aktual problemləri ilə əlaqədar mühazirələr oxumuş, diskusiyalar təşkil etmişlər.
– Fəaliyyətinizdə uğurlar arzu edirik.
Namiq QƏDİMOĞLU
XQ