Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) hesabatında ölkəmizdə maliyyə derivativləri və sekuritizasiyanın istifadəsini tənzimləyən qanunvericilik üzərində işin başa çatdığı, bununla da kapital bazarında likvidliyin artırılması və risklərin idarə edilməsi üçün əlverişli şəraitin yarandığı bildirilib.
Hesabata görə, ölkəmizdə davamlı maliyyələşdirmənin təşviqi çərçivəsində ekoloji cəhətdən təmiz investisiya layihələrini dəstəkləmək məqsədilə “yaşıl” istiqrazlar üçün qanunvericilik bazasının əsas meyarları da hazırlanıb. Bununla da, Azərbaycanda beynəlxalq standartların inteqrasiyasına və davamlı maliyyə sisteminin inkişafının stimullaşdırılmasına zəmin yaradılıb.
Eyni zamanda, Azərbaycan hökuməti banklara investisiya xidmətləri göstərməyə imkan verən xüsusi qaydalar tətbiq edib ki, bu da investorlar üçün birbaşa giriş kanallarını genişləndirir. Ümumilikdə, ölkədə kapital bazarlarının inkişafı mühüm mərhələyə çatıb: 2024-cü ilin mayında aktivlərinə görə ən böyük bank olan Azərbaycan Beynəlxalq Bankı ölkə tarixində ilk İlkin Kütləvi Təklif elan edib. Sövdələşmənin ilin sonuna qədər başa çatması gözlənilir. Bank səhmdar bazasını şaxələndirmək və əlavə kapital cəlb etmək məqsədilə öz səhmlərinin əhəmiyyətli hissəsini yerli və beynəlxalq investorlara təklif edir.
Hesabatda, həmçinin Azərbaycan Mərkəzi Bankının məlumatların qorunmasının gücləndirilməsi və kibertəhdidlərin minimuma endirilməsi istiqamətində gördüyü tədbirlər qeyd olunur. Bu baxımdan Mərkəzi Bank 2024-cü ildə maliyyə sektorunda informasiya təhlükəsizliyi tələblərini sərtləşdirib.
AYİB-nin hesabatında qeyd edildiyi kimi, ölkədə infrastruktur məhdudiyyətlərinin aradan qaldırılması ilə rəqəmsallaşma davam edir ki, bu da son bir ildə internet sürətini 30 faiz artırmağa imkan verib. Hesabat müəlliflərinin fikrincə, hökumətin ötən ilin avqustunda məlumatların qorunması və milli rəqəmsal məkanın vahid standartlarının yaradılmasına yönəlmiş ilk beşillik “2023-2027-ci illər üçün İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik Strategiyası”nı qəbul etməsi mühüm addım olub.
Yeri gəlmişkən, AYİB-nin Azərbaycanla davamlı əməkdaşlığını ölkədə əldə edilən müsbət iqtisadi proqnoz-göstəricilər şərtləndirir. Bankın bir çox sahələrə, məsələn, dəmiryol infrastrukturunun müasirləşdirilməsinə dəstək verməsi də məhz bu amillə əlaqədardır. “Azərbaycan Dəmir Yolları” QSC-nin açıqlamasına əsasən, hazırda bank ilə adıçəkilən səhmdar cəmiyyəti arasında əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində saxlanılır, bankın maliyyə dəstəyi ilə dəmir yolu infrastrukturunun müasirləşdirilməsi istiqamətində prioritet layihələrin müzakirəsi aparılır.
Bank son illərdə bərpaolunan enerji layihələrinə daha çox diqqət yetirib. Belə ki, sözügedən maliyyə qurumu Azərbaycanda 10-dan çox layihəyə 100 milyon avroya yaxın investisiya qoyub ki, həmin vəsaitin də, təqribən, 70 faizi “yaşıl” iqtisadiyyatın inkişafına, bərpaolunan enerji mənbələrinə yönəldilib.
Göründüyü kimi, AYİB-nin Azərbaycandakı fəaliyyəti çoxşaxəlidir. Bu nüfuzlu maliyyə qurumunun ölkəmizə əməkdaşlığa üstünlük verməsi, müəyyən layihələrin icrasını diqqətdə saxlaması isə təsadüfi deyil. Bu, əvvəla, yuxarıda vurğuladığımız kimi, bankın Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatları yüksək dəyərləndirməsi, düzgün iqtisadi strategiyaya böyük önəm verməsi və nəticədə hazırladığı proqnozlaşdırmanın uğurlu nəticəsindən irəli gəlir.
Bu məsələdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu iqtisadi siyasətin nəticəsi olaraq yaradılan əlverişli investisiya mühiti də mühüm rol oynayır. Məhz bunun sayəsində son illər ölkəmizə investisiya yatıran şirkətlərin sayı da getdikcə artır, investorların fəaliyyət coğrafiyası genişlənir. Təkcə onu qeyd etmək kifayətdir ki, son 10 il ərzində Azərbaycan iqtisadiyyatına, təqribən, 400 milyard dollar investisiya qoyulub ki, bunun da yarısı xarici investisiyalar olub.
Azərbaycanın AYİB ilə əməkdaşlığa başlaması 1992-ci illərə təsadüf edir. Bankın ölkəmizdəki nümayəndəliyi isə 1993-cü ildən fəaliyyət göstərir. Bank ilə dövlətimiz arasında əməkdaşlıq 2019–2024-cü illəri əhatə edən ölkə üzrə strategiya sənədi ilə tənzimlənir. Həmin strategiyaya əsasən, AYİB üçün bir sıra prioritet məsələlər var. Bunlar rəqabət qabiliyyətliliyə və yaxşı idarəçiliyə dəstək vasitəsilə iqtisadi şaxələndirmənin təşviqi, maliyyə bazarlarının inkişaf etdirilməsi ilə dözümlülüyün artırılması, “yaşıl” iqtisadiyyata keçidə, eləcə də regional rabitəliliyə dəstəkdir.