Naxçıvanda biznesə güzəştli maliyyələşmə dəstəyi

post-img

Bu mövzuda keçirilən konfransda  Naxçıvan Biznes Mərkəzində keçirilən konfransda Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun idarə heyətinin sədri Osman Xalıyev, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev, qurumların nümayəndələri və Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlar iştirak ediblər. 

Çıxış edənlər bildiriblər ki,  Naxçıvanda 10-a yaxın bankın iştirakı ilə keçirilən bu tədbirin məqsədi maliyyə resurslarına əlçatanlığın təmin olunması məqsədilə kredit təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi, sahibkarların güzəştli kreditlərin verilməsi qaydaları ilə ətraflı tanış edilməsi, muxtar respublikanın investisiya mühitinin tanıdılmasıdır.  

Qeyd olunub ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda 11 prioritet istiqamət müəyyən olunub. 2024-cü il üçün 4 əsas istiqamət - aqrar sahə, turizm, nəqliyyat-logistika, yaşıl enerji, həmçinin sənaye, o cümlədən emal sənayesi və real sektorun digər sahələri əsas prioritetlərdəndir. İqtisadiyyat Nazirliyi yeni iş yerlərinin, əlavə dəyər yaradan sahələrin maliyyələşdirilməsində maraqlıdır.

Diqqətə çatdırılıb ki,  muxtar respublikada kredit borclarının geri qaytarılmasının sürətləndirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilib. Sahibkarlığın İnkişafı Fonduna öhdəlik olaraq vaxtında qaytarılmalı, lakin qaytarılması təmin edilməyən vaxtı keçmiş kreditlərin məbləği bu il yanvarın 1-nə 16 milyon manata yaxın olubsa, iyulun 1-nə 10,1 milyon manat və yaxud 63,5 faiz az - 5,8 milyon manat olub. Nəticədə Fondun ehtiyatlarının qalıq məbləği 2,4 dəfə artaraq 6,7 milyon manatdan 16,1 milyon manata çatıb.  

Tədbirdə Fondun iş adamlarına təqdim etdiyi mexanizmlər üzrə geniş təqdimatlar sahibkarların diqqətinə çatdırılıb. Həmçinin konfransda Naxçıvanın turizm, aqrar, ixrac, nəqliyyat-logistika potensialı və digər mövzular ətrafında müzakirələr aparılıb. 

Səbuhi HƏSƏNOV

XQ-nin  Naxçıvan müxbiri

 

İqtisadiyyat