600-dən yuxarı bal toplayan abituriyentlərlə görüş keçirilib

post-img

Naxçıvan Dövlət Universitetində 600-dən yuxarı bal toplayan  abituriyentlərlə görüş keçirilib. Görüşdə Naxçıvan Dövlət Univesitetinin rektoru Elbrus İsayev və Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov iştirak ediblər.

Univesitetin rektoru Elbrus İsayev ali təhsil ocağı haqqında ətraflı məlumat verib, universitetin beynəlxalq əlaqələri, Türkiyənin nüfuzlu ali təhsil müəssisələri arasında imzalanan əməkdaşlıq memorandumları, ikili diplom layihələri, peşəkar xarici mütəxəssislərin tədris prosesinə cəlbi, eləcə də müasir tədris texnologiyalarının tətbiqi, ingilisdilli ixtisasların sayının artırılması haqqında danışıb. 

Diqqətə çatdırılıb ki, 2023-2024-cü tədris ilində universitet tərəfindən xüsusi təqaüd proqramı tətbiq edilərək 600-649 arası bal toplayanlara 1 il ərzində 200 manat, 650-dən yüksək bal toplayan tələbələrə isə 1 il ərzində 250 manat təqaüd verilməsi nəzərdə tutulub. 

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov universitetlər arasında rəqabət mühitinin formalaşmasında abituriyentlərin rolundan bəhs edib. Diqqətə çatdırılıb ki, ötən illər ərzində Dövlət İmtahan Mərkəzinin həyata keçirdiyi qəbul imtahanlarındakı göstəricilərə görə muxtar respublika məktəbləri ölkə üzrə 2-ci yerdə qərarlaşıb. İxtisas seçimində diqqət olunmalı məqamlardan danışan təhsil naziri tələbəlik dövründə də elmi yolda əzmlə çalışmağın önəmini qeyd edib və abituriyentlərə müvəffəqiyyətlər arzu edib.

Sonra yüksək bal toplayan abituriyentlərə hədiyyələr təqdim edilib. Abituriyentlər universitetdəki maddi-texniki baza ilə yaxından tanış olublar.

Səbuhi HƏSƏNOV

XQ-nin  Naxçıvan müxbiri

Elm