Energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Abu-Dabi Dayanıqlılıq Həftəsi çərçivəsində keçirilən “Yaşıl” Hidrogen Sammitində çıxış edərək hidrogenin Azərbaycanın transformativ inkişaf və enerji təchizatçısı gündəliyinin əsas komponentlərindən olduğunu qeyd edib. P.Şahbazov hidrogenin istehsalı və istifadəsinin Azərbaycanın “Təmiz ətraf mühitə malik yaşıl artım ölkəsinin inkişaf strategiyası”nda, həmçinin “Azad edilmiş ərazilərin “yaşıl enerji zonası”na çevrilməsi” və “Avropa İttifaqı (Aİ) ilə enerji tərəfdaşlığına dair” mühüm sənədlərdə öz əksini tapdığını vurğulayıb.
Nazir çıxışında Xəzər dənizində 157 qiqavat külək enerjisi potensialı əsasında 28 QVt-dan çox “yaşıl enerji” layihələri üzrə “Masdar”, “ACWA Power”, bp, Fortescue və digər beynəlxalq enerji şirkətləri ilə imzalanmış əməkdaşlıq sənədlərində “yaşıl hidrogen” istehsalının da nəzərdə tutulduğunu bildirib. Hazırda hidrogenin istehsalı ilə yanaşı, ixracı aspektində “Xəzər dənizi-Qara dəniz-Avropa”, “Mərkəzi Asiya-Azərbaycan-Avropa” “yaşıl” enerji dəhlizləri çərçivəsində beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edildiyini də diqqətə çatdırıb.
“Yaşıl hidrogen” ölkəmizin enerji təchizatında yeni mənbə kimi dəhlizlərlə mövqeyinin möhkəmləndirməsi, həmçinin 2050-ci ilədək karbon emissiyalarını 40 faizədək azalda bilməyimiz baxımından mühüm önəm daşıyır. “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi vasitəsi ilə Azərbaycan “yaşıl hidrogen” üzrə də Aİ üçün etibarlı tədarükçü olacaq”, – deyə P.Şahbazov əlavə edib.
Yeri gəlmişkən, “Yaşıl” Hidrogen Sammitində vurğulanan bəzi məqamlara da toxunmaq istərdik. Toplantıda əlverişli, təhlükəsiz və “təmiz enerji” sisteminə keçidin vacib hissəsi kimi hidrogen sənayesinin inkişafını reallaşdıran amillərdən bəhs edilərkən Azərbaycanın COP29-a sədrlik missiyasının “yaşıl hidrogen”in inkişafına da maliyyə dəstəyini gerçəkləşdirməklə “yaşıl enerji” töhfə verəcəyi bildirilib. Həmçinin ölkəmizin “yaşıl hidrogen” istehsalı üçün dəniz küləyi resurslarından istifadə üzrə Aİ ilə sıx əməkdaşlıq münasibətləri qurduğu da diqqətə çatdırılıb.
Sammitdə işğaldan azad edilmiş ərazilərdə “yaşıl zona”ların ayrılması və bu sahələrdə hidrogen istehsal olunacağı da xatırladılıb və bu prioritetin Avropa ilə əməkdaşlıqda təməl daşlarından biri kimi diqqətdə saxlandığı qeyd edilib. Toplantıda Xəzər dənizində külək enerjisi potensialının 157 qiqavat səviyyəsində müəyyənləşdirilməsi də Aİ ilə ekoloji cəhətdən təmiz hidrogen istehsalı üçün dəniz küləyi resurslarından istifadə üzrə sıx əməkdaşlığı şərtləndirdiyi vurğulanıb və Azərbaycanın hidrogen istehsalının inkişafı üzrə yol xəritəsini artıq müəyyənləşdirdiyi diqqətə çatdırılıb.
Ekspertlərin fikrincə, hidrogen 100 faiz bərpaedilən enerji imkanlarına nail olmaq üçün mühüm önəm daşıyır. Azərbaycanda müxtəlif strateji sənədlərdə hidrogendən istifadə üzrə inkişaf da nəzərə çarpır. Ölkəmizin əsas iqtisadi inkişaf strategiyası təkcə hidrogenin istehsalı və istifadəsini deyil, həm də istehsal və ixrac imkanlarının öyrənilməsini özündə ehtiva edir.
Hazırda ölkəmiz Aİ ilə birgə “yaşıl enerji” dəhlizini inkişaf etdirir. Bu təşəbbüs Azərbaycanda istehsal olunan bərpaedilən enerjinin Avropaya nəqlinə yönəlib. Həmçinin respublikamızı “yaşıl enerji” dəhlizinin yaradılması üzrə Qazaxıstan və Özbəkistanla birləşdirən daha bir layihə icra mərhələsindədir, bu təşəbbüsdə ekoloji cəhətdən təmiz hidrogen həyati əhəmiyyətli rol oynayır.
Lakin o da qeyd edilir, ekoloji cəhətdən təmiz hidrogen sənayesinin tərəqqisi üçün qarşıda görüləsi işlər də çoxdur. Belə ki, hidrogendən sıfır istifadə ilə yararlanma qaydalarının dəyişməsi qarşıda prioritet vəzifə kimi durur. Bunun üçün konkret milli strategiyalar, hüquqi çərçivələr, tənzimləmə tədbirləri və əlbəttə ki, rəqabət qabiliyyətli istehsal, mühüm investisiyalar və infrastruktura ehtiyac var. Bundan başqa, suyun şirinləşdirilməsi kimi amilləri də nəzərə almaq lazımdır. Bu, hidrogen istehsalının əsas mənbəyi olaraq diqqət çəkir. Etibarlı qlobal təchizat zəncirinin yaradılması da həlledici əhəmiyyət kəsb edir. Bu aspektlər üzərində isə aktiv şəkildə çalışılır.
Bu gün respublikamızda fossil yanacaqlardan ədalətli keçidlə bağlı Birləşmiş Ərəb Əmirliklərində əldə olunmuş konsensus və 2030-cu ilə qədər “yaşıl enerji” potensialının 3 dəfə artırılması üzrə razılaşma 100 faiz bərpaolunan enerji sisteminə doğru mühüm addım kimi dəyərləndirilir. Hamı üçün əlçatan, təhlükəsiz və dayanıqlı enerjini, eyni zamanda, ekoloji təhlükəsizliyi bərpaolunan mənbələr hesabına təmin etmək səviyyəsinin öhdəliklərin və qarşıya qoyulan məqsədlərin icrasından asılı olacağı bildirilir.
Emin BAĞIROV,
iqtisadi şərhçi
COP29 ölkəsi olaraq Azərbaycan 2030-cu ilədək və ondan sonrakı dövrdə “yaşıl enerji” və iqlimlə bağlı hədəflərin reallaşmasına milli səviyyədə töhfə vermək və iqlim fəaliyyəti üzrə qlobal həmrəyliyin hərəkətverici qüvvəsi olmaq əzmindədir.
Azərbaycanın daxili istehlak, iqtisadiyyatın dekarbonizasiyası və ixrac məqsədilə quruda və dənizdə “yaşıl enerji” planları 2027-ci ilədək olan birinci mərhələdə 2 QVt, 2030-cu ilə qədər növbəti mərhələdə isə 8 QVt-dan çox “yaşıl enerji” güclərinin reallaşdırılması hədəflənib. Bu, bərpaolunan enerji potensialının ölkəmiz vasitəsilə təxminən 2027-ci ildə 2 dəfə, 2030-cu ilə olan dövrdə isə 4 dəfədən çox artımını vəd edib. Respublikamızda elektrik enerjisinin qoyuluş gücündə “yaşıl enerji” payını ilkin hədəf göstəricisindən 3 faiz çox və 3 il tez olmaqla 33 faizə yüksəldən bu layihələr Avropa ölkələrində də bərpaolunan enerji potensialının artırılmasının mənbələrindən olacağı göstərilib.
“Yaşıl enerji”nin dünya bazarlarına nəqli Azərbaycan dövlətinin enerji siyasətində əsas istiqamətlərdən biridir. Azərbaycan 2030-cu ilədək 5 min meqavat bərpaolunan enerji istehsalı potensialına malik olmağı planlaşdırır. 2023-cü ildə respublikamızda Qafqazın və Mərkəzi Asiya regionunun 230 meqavat gücündə ən böyük günəş elektrik stansiyası istifadəyə verilib və bu cür yeni stansiyaların tikintisi davam edir. Xəzər dənizindən Qara dənizə və Avropaya qədər uzanacaq “yaşıl enerji” elektrik kabelinin inşası istiqamətində mühüm işlər görülür.
Azərbaycanda “yaşıl enerji” istehsalının inkişafı perspektivləri regional və beynəlxalq əhəmiyyət daşıyan tədbirlərdə geniş müzakirə olunur. Məsələn, 2024-cü il martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib. Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb. Cənub Qaz Dəhlizi “yaşıl enerji” sahəsində vacib əməkdaşlıq platforması kimi çıxış edir. Bu layihə çərçivəsində “yaşıl hidrogen”lə bağlı ölkələrarası dialoq mühüm önəm daşıyır ki, bu da təsadüfi deyil. Çünki “yaşıl hidrogen” istehsalı yeni iqtisadi imkanlar yaratmaqla enerji sektorunda innovativ texnologiyaların tətbiqini sürətləndirir.
Yuxarıda göstərilənlərdən bir daha aydın olur ki, “yaşıl enerji”yə keçid qlobal ekoloji problemlərin həllində əhəmiyyətli rol oynayır. Ekoloji fəlsəfədə “yaşıl enerji”nin xüsusiyyətləri insan-təbiət münasibətləri kontekstində öyrənilir. “Yaşıl enerji”yə keçid ekosistemdə dayanıqlığın və insanın tələbatları ilə təbiətin imkanları arasında tarazlığın təmin olunmasında böyük əhəmiyyət daşıyır.
“Yaşıl enerji” mənbələrindən enerji istehsalı iqlim dəyişikliyinin və qlobal istiləşmənin qarşısının alması üçün vacibdir. “Yaşıl enerji” istehsalı enerji təhlükəsizliyinin təmin olunmasında özünəməxsus yer tutur, yeni texnologiyaların və innovasiyaların inkişafına təkan verir. Azərbaycan Respublikası coğrafi baxımdan əlverişli “yaşıl enerji” potensialına malikdir və ondan səmərəli şəkildə istifadə edilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti aparılır.
Qarabağ və Şərqi Zəngəzur, həmçinin Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonaları elan olunub. Bu ərazilər yüksək potensiala malik olan “yaşıl enerji” mənbələrinə malikdir. Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin məlumatına görə, Tərtərçay və Həkəri kimi çayların qollarında böyük hidroenerji imkanlar mövcuddur. Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında texniki potensialı 7200 MVt-dan çox olan günəş enerjisindən istifadə üçün əlverişli şərait var. İlkin proqnozlara görə, Laçın və Kəlbəcər rayonlarının dağlıq ərazilərində külək enerjisi 2 min MVt həcmində texniki potensiala malikdir. Kəlbəcər və Şuşa rayonlarında geotermal enerji mənbələrindən “yaşıl enerji” kimi istifadə olunması imkanları mövcuddur. Bundan əlavə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bioenerji kimi bərpaolunan enerji potensialı var.
Naxçıvan Muxtar Respublikasında ümumi gücü 39 MVt olan günəş elektrik stansiyaları fəaliyyət göstərir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvanda “Yaşıl enerji zonası”nın yaradılmasını nəzərdə tutan kompleks tədbirlər öz əksini tapıb. Naxçıvanda “yaşıl enerji” istehsalının inkişaf etdirilməsi məqsədilə “Nobel Energy Management”, “TotalEnergies” və “A-Z Czech Engineering” kimi şirkətlərlə müqavilələr imzalanıb.
Vaqif BAYRAMOV
XQ