Milli neft strategiyasının növbəti uğuru

post-img

“Azəri–Çıraq–Günəşli” yataqlar blokunda 7-ci platformada hasilata başlanıb

Xəbər verildiyi kimi, aprelin 16-da “Azəri Mərkəzi Şərqi” (ACE) plat­formasında ilkin neftin hasilatına başlanıb. İlk neft ötən ilin sonunda adı çəkilən platformadan qazılmağa başlanmış birinci quyudan əldə edilib. Bu, Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” (AÇG) yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin (Yeni əsrin müqaviləsi) imzalanmasından 6 il 7 ay ötəndən sonra mümkün olub. Bununla da, “Azəri-Çıraq-Günəşli” yataqlar bloku yeni istis­mar mərhələsinə qədəm qoyub. 

ACE platforması “Əsrin müqaviləsi” çərçivəsində BP və tərəfdaşlarının birgə sərmayəsi ilə Xəzər dənizində quraşdırıl­mış 7-ci neft hasilatı obyektidir. ACE mövcud “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında suyun dərinliyinin 137 metr olduğu sahədə yerləşən 48 qazma şaxtalı yeni hasilat, qaz­ma və yaşayış blokundan ibarət nəhəng hasilat qurğusudur. La­yihəyə, həmçinin platformadan neft və qazı quruda yerləşən Səngəçal terminalına nəql etmək üçün mövcud ixrac kəmərlərinə birləşdirilmiş yeni yataqdaxili boru xətləri daxildir. Platformanın dayaq blokunun çəkisi 16 min ton, hündürlüyü isə 153 metrdir. Bu qurğuya suvurma, neft və qaz ixracı üçün nəzərdə tutulmuş üç dik boru daxildir. Dayaq bloku Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda inşa edilib və 2023-cü ilin əvvəlində Xəzər dənizindəki daimi yerinə yola sa­lınıb. Platformanın çəkisi 19 min 600 ton olan üst modulları isə Bakı yaxınlığında yerləşən Bayıl tikinti-quraşdırma sahəsində inşa olunub. Üst modullar 2023-cü ilin avqustunda dənizə göndərilib. 

“Şərqi Azəri” və ACE platfor­maları arasındakı suvurma boru xətti “Mərkəzi Azəri” kompressi­ya və suvurma platformasından ACE qurğularına laya vurulan su­ları nəql edir. Platformanın dizay­nı digər analoji qurğulardan hasi­latı dəstəkləmək üçün laya qazın və suyun vurulmasına imkan ve­rir. Eyni zamanda, bu, texnoloji və rəqəmsal baxımdan BP-nin dünyada ən qabaqcıl, həmçinin qurudan idarə etdiyi ilk platfor­madır. Belə ki, uzaq məsafədən – Səngəçal terminalından nə­zarət olunan platformanın idarə mexanizminə innovativ sistem avtomatlaşdırmaları daxil edilib. Terminalın ərazisində yeni ACE idarəetmə mərkəzi inşa edilib. 

ACE platforması texnoloji və rəqəmsal baxımdan bp-nin dünyada idarə etdiyi ən qabaq­cıl platformadır. Platformanın in­novativ layihələndirilməsi insan əməyi tələb edən prosesləri av­tomatlaşdırmağa imkan verməklə əməliyyatların daha təhlükəsiz və səmərəli aparılmasını təmin edir. Platforma tam avtomatlaşdırılmış ən müasir qazma qurğusu ilə təc­hiz olunub. Müasir texnologiya və yeni proseslərin tətbiqi əməliyyat­lar nəticəsində formalaşan emis­siyaları azaltmağa da kömək edir. 

BP-nin Azərbaycan, Gür­cüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ACE plat­formasının uğurla işə salınmasını təmsil etdiyi şirkətin SOCAR və Azərbaycan hökuməti arasın­da davamlı sıx əməkdaşlığın və tərəfdaşların dəstəyinin əsl nü­mayişi kimi dəyərləndirib. O deyib ki, “Əsrin müqaviləsi”nin 30-cu il­dönümündə əldə olunmuş bu nai­liyyət dünya miqyaslı AÇG yataq­lar blokunun işlənməsinin növbəti mərhələsinin başlandığını bildirir. “Biz artıq Xəzərdə 9 dünya səviy­yəli hasilat platforması inşa edib quraşdırmışıq və onları təhlükə­siz şəkildə idarə edirik. Bunların arasında ACE, həqiqətən də, öz mühəndislik kreativliyi, qabaqcıl rəqəmsal texnologiyası və av­tomatlaşdırmalarına görə tam seçilir. Qürur duyuruq ki, “gələ­cəyin platforması” olduğuna inan­dığımız belə bir qurğunu uğurla ərsəyə gətirmişik”, – deyə Qəri Counz əlavə edib. 

“Azəri Mərkəzi Şərqi” layihə­sinin ümumi dəyəri 6 milyard dol­lar təşkil edir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 min barelədək hasilat gücündə digər qurğular daxildir. İstismar müddə­ti ərzində buradan, ümumilikdə, 300 milyon barelədək neft hasil olunacağı proqnozlaşdırılır. Xam neft əvvəlcə platformadakı texni­ki emal qurğularından keçəcək, sonra isə 30 düymlük mövcud sualtı ixrac boru kəmərinə qoşul­muş yeni yataqdaxili boru kəməri vasitəsilə, təxminən, 130 kilometr yol qət edərək Səngəçal termi­nalına nəql olunacaq. 2024-cü il ərzində platformadan daha iki qu­yunun qazılıb istismara verilməsi planlaşdırılır. Bununla da, “Azəri Mərkəzi Şərqi” platformasından hasilatın tədricən artaraq ilin so­nuna gündə, təxminən, 24 min barelə çatacağı gözlənilir. 

Xatırladaq ki, “Yeni əsrin müqaviləsi” 2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan hökumə­tinin, SOCAR-ın, BP, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətlərinin rəsmiləri tərəfindən Bakıda imzalanıb. Həmin sazişlə AÇG yataqlar blokunun işlənmə­si 2050-ci ilədək uzadılıb. Saziş qüvvəyə mindikdən dərhal sonra SOCAR və tərəfdaşları arasında AÇG müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymət­ləndirilməsi məqsədilə mühən­dis-layihə işlərinin irəli aparılması haqqında razılaşma əldə edilib. ACE layihəsi üzrə yekun investi­siya qərarı isə 2019-cu ilin aprel ayında qəbul olunub. 

“Yeni əsrin müqaviləsi” ad­landırılan sazişin ölkəmiz üçün iqtisadi əhəmiyyəti olduqca yük­səkdir. Belə ki, saziş çərçivəsində Azərbaycan iqtisadiyyatına əlavə 40 milyard dollar investisiya qo­yulacaq. Bu, neft sektorunun in­kişafı baxımından vacib olmaqla yanaşı, yardımçı sahələrin inkişa­fını stimullaşdırmaq baxımından da mühüm əhəmiyyət daşıyır. Azərbaycanın məşğulluq strate­giyasına mühüm töhfələr verən ACE layihəsinin pik dövründə ölkə daxilində həyata keçirilmiş tikinti işlərinə 8500 nəfərdən çox işçi cəlb olunub.

Bununla yanaşı, Azərbayca­nın yeni neft strategiyasının şanlı səhifəsi sayılan “Əsrin müqavilə­si”nin davamı olan bu saziş ölkə­mizin maraqlarını tam təmin edir. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılıb. Ən əsası isə, Azərbay­cana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bundan əlavə, beynəlxalq tərəf­daş şirkətlər tərəfindən Azərbay­can Respublikasının Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəniləcək. Beləliklə, ölkəmizin ümumi mənfəət göstəricisi 89,1 faizə yüksələcək. Bütün bu na­iliyyətlər isə onu göstərir ki, ulu öndər Heydər Əliyevin neft stra­tegiyası uğurla icra edilir. 

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat