Sülhməramlılar gedir, sülh məramımız qalır...

post-img

Qarabağdakı Rusiya hərbi kontingenti Azərbaycanı vaxtından əvvəl tərk edir

Düzgün hesablanmış siyasət, tarixi vəziyyətin dəqiq qiymətləndirilməsi, soyuq məntiq və tərəfdaşlarla münasibətlərin sağlam zəmində qurulması ilk baxışda “mümkünsüz” görünəni mümkünə çevirməyə qadirdir. Söhbət Rusiya sülhməramlı kontingentinin Azərbaycanı vaxtından əvvəl tərk etməsini şərtləndirən amillərdən gedir. 

Nə gizlədək, bu məsələ ətrafında ge­dən müzakirələr cavabdan daha çox su­allar üzərində qurulurdu. Narahatlığımıza səbəb olan incə məqamlar da kifayət qə­dər idi. Amma Azərbaycan xalqı Qarabağ iqtisadi rayonumuzdakı Rusiya sülhmə­ramlılarının ərazimizdən çıxacağına əmin idi. Sənəddə son müddət kimi 2025-ci ilin may ayı göstərilirdi. Ən önəmlisi isə odur ki, Azərbaycan hakimiyyəti bu “müşkül” məsələni qonşu dövlətlə münasibətlərə xələl gətirmədən, əvvəlki tək dost və müttəfiq qalaraq, eləcə də hər ki ölkənin milli maraqlarına tam riayət olunmaqla həll etdi.

* * * 

10 noyabr 2020-ci il tarixli üçtərəf­li Bəyanatın 4-cü maddəsində nəzərdə tutulurdu: “Rusiya Federasiyasının sülh­məramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam veril­məsi niyyəti ilə bağlı tərəflərdən hər han­sı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır”. 

Ümidlə gözlədiyimiz hadisə vaxtın­dan bir il bir ay tez baş verdi. Bu, “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”,– deyən Azərbaycan Pre­zidenti İlham Əliyevin diplomatik fəhmi, tarixi məqamı tarixi hadisəyə çevirmək bacarığı sayəsində baş verdi. Rəsmi məlumatlarda qeyd olunur ki, bu qərar Azərbaycan və Rusiyanın ali rəhbərliyi səviyyəsində qəbul olunub. Hər iki döv­lətin başçısı tərəfindən qarşılıqlı anlaşma və diplomatik etiket çərçivəsində qəbul edilən bu qərar həm də qonşu və stra­teji tərəfdaş ölkələr olan Azərbaycan və Rusiyanın suverenliyə hörmət prinsipinə riayət etmələrinin nümunəsidir. Bu, eyni zamanda, üzbəüz oturub ortaq məxrəcə gələ bilməyən, qarşılıqlı güzəştə getməyi bacarmayan dünyanın bəzi dövlətlərinə verilən mesaj sayıla bilər. 

Azərbaycanın müasir tarixinin daha bir qızıl səhifəsini təşkil edəcək bu hadisə həm də xaricdə və daxildəki bəzi üzdə­niraq dairələrin məsələ ilə bağlı səslən­dirdiyi cəfəng “proqnozlar”ını alt-üst etdi. Belə iddiaların tamamilə əsassızlığını, onların müəlliflərinin isə siyasi savad və müasir dünyagörüşü sarıdan axsadıqla­rını ortaya qoymuş oldu. 

Artıq baş vermiş fakta çevrilən ha­disədən danışarkən buna gətirən yolla­rın haralardan və nələrdən keçdiyini də unutmamalıyıq. Bu gün əldə etdiyimiz nəticəyə 2020-ci ilin 44 günlük Vətən müharibəsi, 2023-cü ilin lokal antiterror tədbirləri, sonrakı bütün addımların öl­çülüb-biçilmiş, hərtərəfli düşünülmüş şə­kildə, vahid plan kimi atılması sayəsində gəlib çatmışıq. 

Məsələ ilə bağlı yerli jurnalistlərin sualını cavablandıran Pusiya Prezidenti­nin mətbuat katibi Dmitri Peskov Rusiya sülhməramlı kontingentinin Qarabağ­dan çıxması faktını təsdiqləyib: “Bəli, həqiqətən də belədir”.

Yazımıza nöqtə əvəzi kimi Rusiya Dövlət Dumasının müdafiə üzrə komitə­sinin sədr müavini Aleksey Juravlyovun Rusiya sülhməramlı kontingentinin Azər­baycandan vaxtından əvvəl çıxarılması­na münasibətini veririk: 

“Dinc sakinləri qorumaq mümkün oldu, onlara yardım göstərildi. Hazırda sülhməramlılar lazım deyil. Çünki Qara­bağda qarşı-qarşıya duran tərəflər yox­dur. Qarabağın Azərbaycana mənsub olması isə heç kəsdə şübhə doğurmur”.

İ.HƏSƏNQALA
XQ



Siyasət