Otuz il Azərbaycanı arxadan vuran Parisin “diplomatik təkəbbürü” də riyakarlıq nümunəsidir
Deyəsən, bütün gizlinlərin aşkara çıxdığı, qaranlıqların aydınlaşdığı məqam yetişib. Daha nə ikili standartlardan qidalanan bəyanatlar, nə riyakar yağlı vədlər, nə də ikiüzlü sülhpərvərliklə kimisə aldatmaq mümkündür.
“Fransa son aylarda Azərbaycan tərəfindən ikitərəfli münasibətlərə xələl gətirən birtərəfli hərəkətlərin davam etdirilməsi ilə əlaqədar məsləhətləşmələr üçün Azərbaycandakı səfirini geri çağırmaq qərarına gəlib”. “Frans Press”in Fransa Xarici İşlər Nazirliyinə istinadən yaydığı məlumatda daha sonra deyilir: “Prezident bu gün (aprelin 16-da– red.) səfirimizi bu münasibətlə qəbul edib. O, Azərbaycanın hərəkətlərindən təəssüfləndiyini dilə gətirib və Azərbaycan tərəfinin öz niyyətlərinə aydınlıq gətirməsini arzuladığını bildirib. Fransa beynəlxalq hüquq normalarına və iki ölkənin ərazi bütövlüyünə hörmət etməklə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstəyini bir daha bəyan edir”.
Azərbaycanofobiya “memarı”
İki ölkə arasında “münasibətlərin normallaşmasına dəstəyindən” dəm vuran Parisin münaqişənin nizamlanmasına ATƏT-in Minsk qrupunun həmsədri kimi 25 ilə yaxın müddətdə göstərdiyi “ayı xidməti” hamıya məlumdur. Fransanın 2020-ci il Vətən müharibəsindən sonra tutduğu açıq-aşkar anti-Azərbaycan mövqeyi də tarixin yaddaşına yazılıb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın ölkəmizdəki səfirinin geri çağırılması ilə bağlı yerli mətbuata verdiyi açıqlamada, həmçinin rəsmi Parisin BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı, Frankofoniya kimi təşkilatlarda və digər beynəlxalq platformalarda dəfələrlə Azərbaycan əleyhinə sənəd layihələrinin təşəbbüskarı olduğu vurğulanır.
“Məhz Fransada hakim partiyanın nümayəndələrinin təşəbbüsü ilə Senatda ölkəmizə qarşı çoxsaylı əsassız ittihamların, təhqir və təhdidlərin əks olunduğu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini sual altına qoyan, keçmiş qondarma rejimi tanıyan qərar və qətnamələr qəbul edildiyini xatırlatmaq istərdik”,– deyilən açıqlamada bu ölkədə Azərbaycanofob mühitin yaradılmasının anti–Azərbaycan kampaniyasının tərkib hissəsi olduğu bildirilir. XİN rəsmisinin şərhində o da xüsusi olaraq vurğulanır ki, Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyini və ev sahibliyini hədəfə alan çağırışlar edən Fransanın Azərbaycanı “birtərəfli addımlarda” təqsirləndirməsi tam əsassızdır: “Azərbaycan tərəfi dəfələrlə Fransaya təhdid və təzyiq dili ilə danışmağın heç bir nəticə verməyəcəyini bildirib və öz milli maraqlarının qorunması üçün bütün zəruri tədbirlər görəcəyini bir daha bəyan edir”. Əslində, xüsusilə, son üç ildə ermənilərə “böyük bacılıq xidməti” göstərən Paris Azərbaycanla münasibətləri korlamaq yolunda əlindən gələn hər şeyi edib, mümkün sayılan və sayılmayan bütün addımları atıb. Xatırladaq ki, keçən ilin dekabrında Bakı casusluq fəaliyyətlərini ifşa etdiyi Fransa səfirliyinin iki diplomatını “persona non-qrata” elan etdi. O zaman rəsmi Paris bunun qarşılığında “beynəlxalq diplomatik qaydalar”a uyğun olaraq, Azərbaycanın iki diplomatını “etibarsız” elan edərək, “güzgü effekti” ilə cavab vermişdi.
“Karvan-şou” silsiləsi davam edir
Bakının 2023-cü il sentyabrın 19-da ildırım sürəti ilə həyata keçirdiyi antiterror tədbirindən sonra Makron iqtidarının Marseldəki çoxsaylı erməni diasporuna yarınmaqdan ötrü BMT Təhlükəsilzik Şurasında Azərbaycana qarşı qətnamələr qəbul etdirmək cəhdlərini bu gün üçün düşünülmüş ssenarinin bəndləri hesab edə bilərik. Fransa Senatının bu il yanvarın 17-də Ermənistanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul etməsini, “Dağlıq Qarabağda (?) hərbi əməliyyat keçirməsi ilə əlaqədar” Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırmasını, eləcə də Azərbaycanın tanınmış şairi Xurşidbanu Natəvanın Fransanın Evian şəhərindəki abidəsinə qarşı vandallıq (heykəlin gözlərinə, adının yazıldığı hissəsinə qırmızı boya çəkilib, burnu və barmaqları qırılıb) əməlini iki ölkə arasında münasibətləri gərginləşdirilməyə hesablandığı şübhə doğurmurdu.
Makron və tərəfdarlarının dominantlıq etdiyi Avropa İttifaqında Azərbaycana qarşı kampaniyanın təşkilatçısı və baş icrasının Fransanın olduğunu heç kim inkar edə bilməz. Məhz Yelisey sarayının müvəqqəti kirayənişinlərinin fitvası ilə Avroparlament Azərbaycana qarşı bir neçə haypərəst qətnamənin qəbulunda yaxından iştirak etməsi də sirr deyil. Bakı Fransanın ötən ilin yayında “blokadada aclıqdan əziyyət çəkən” Qarabağ erməniləri üçün göndərdiyi “un karvanı” şousunu da yaxşı xatırlayır.
Azərbaycanı “son aylarda iki ölkə arasında münasibətlərə xələl gətirən birtərəfli hərəkətlərə” görə ittiham edən rəsmi Paris Azərbaycandakı səfiri Ann Buayeni məsləhətləşmələr aparmaqdan ötrü geri çağırdığını bəyan edib. Səfirin geri çağırılması “jesti”ni də həmin “şou”nun davamı kimi qəbul etmək lazımdır. Məğlub Ermənistanı silahlandıraraq, onu revanşa şirnikləndirməyə, bölgədə yeni müharibəni alovlandırmağa çalışan Makron iqtidarının hansı məkrli “məsləhətlərə” baş vuracağını yaxın günlərdə görəcəyik.
Birmənalı şəkildə deyə bilərik ki, rəsmi Paris özünün xarici siyasət kursunda dünyada və regionumuzda cərəyan edən prosesləri, reallıqları görməzdən gəlir. Azərbaycan nə ötən otuz ildə, nə də son illərdə Fransanın Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasına yönəlmiş bir təşəbbüsünü gördü. Bu ölkə daim regionda gərginliyi saxlamaqda, status-kvonun dondurulmasında maraqlı olub.
“Beşinci respublika”nın ardıcıl və düşünülmüş şəkildə Azərbaycanla münasibətlərin pozulmasına yönəlik atdığı addımları, az qala, gözlə görünəndir. Bakıya qarşı siyasi, hərbi, ideoloji cəbhələrdə ən iyrənc “texnologiyaları” dövriyyəyə buraxan Fransanın indi maskası yırtılmış simasına “diplomatik təkəbbür” ifadəsi vermək cəhdi, sadəcə, gülüş doğurur. Onsuz da gec-tez maska düşməli, əsl sima görünməli idi. Həqiqi tablonu isə nəinki maskalamaq, onu hətta pərdə arxasında gizlətmək də mümkün deyil.
Xalqlar cəlladının cəza payı...
“Beynəlxalq referi” rolunda çıxış etməyə iddialı Parisin buna nəinki mənəvi haqqı yoxdur, əksinə, son davranışları ilə beynəlxalq hüququ tapdalayır. Hər bir dövlətin ərazi bütövlüyü onun suveren hüququn özəyini təşkil edir. Buna görə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi BMT, ATƏT, Avropa İtifaqı, Avropa Şurası, NATO və Avropa Parlamenti tərəfindən tanınıb. Burada istisna yalnız Fransadır. XXI əsrdə müstəmləkəçilk “ənənəsindən” əl çəkməyi düşünməyən Parisin adi insani, bəşəri pinsiplərə belə ehtinasız yanaşması çoxlarının diqqətini çəkir.
Dünyanın ən qəddar müstəmləkəçi keçmişinə malik Yelisey sarayındakılara bunları xatırlatmaq məqamıdır. Fransanın 1830-cu ildən Əlcəzairdə başlanan müstəmləkə üsul-idarəsi dəfələrlə qanlı qətllər törədib. Əlcəzair xalqının məruz qaldığı soyqırımın ən qara səhifəsi ondan ibarət olub ki, fransız legionu ona bu barədə danışmağı belə qadağan edib. İndi təkcə əlcəzairlilər deyil, Yelisey sarayının istibdadına məruz qalmış digərləri də törətdiyi qanlı cinayətlərə görə qatil Fransanın bəşəriyyət qarşısında cavab verəcəyinə ümid edirlər. Bax, onda İlahi ədalət öz yerini tutmuş olacaq.
Cənubi Qafqazda reallığı kökündən dəyişən və bölgənin şəriksiz liderinə çevrilən Azərbaycan bütün dövlətlərlə münasibətlərin qarışılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri çərçivəsində qurulmasına tərəfdardır. Fəqət, hansısa ölkə Bakının xoşməramlı çağırışlarına, siyasi iradəsinə qarşı çıxırsa, bu, həmin ölkənin öz problemidir. Əgər Fransa hələlik səbəbini tam açıqlamadığı səfirin geri çağırılmasını lazım bilirsə və bununla Azərbaycanla diplomatik münasibətlərə son qoymaq barədə düşünürsə, Bakı da adekvat addım ata bilər.
Bildiyimiz kimi, Fransanın “Total”, “Thales” və “Suez” kimi böyük şirkətləri Azərbaycanda dövlət sifarişi ilə reallaşan bir çox layihələrdə iştirak edirlər. Bundan savayı, Fransanın Cənubi Qafqazın üç ölkəsi ilə ticarət dövriyyəsinin 60 faizindən çoxu Azərbaycanın payına düşür. Emmanuel Makron özünün məkrli və məntiqsiz addımları ilə həmin layihələrə də son qoya bilər. Bütün bunların gələcək taleyi Parisin bundan sonrakı mövqeyindən asılı olacaq.
Bakı üçün bir məsələ gün kimi aydındır: Azərbaycan hakimiyyəti dünyanın hansısa dövlətinin istənilən xarakterli təzyiqi qarşısında özünün milli maraqlarından yarım addım belə geri çəkilməyəcək. Yelisey sarayında üstüörtülü məsləhətləşmələrə başlayan müsyölər bu amili mütləq nəzərə almalıdırlar.
Fərhad MƏMMƏDOV,
siyasi icmalçı
Fransanın bu diplomatik addımı bir qədər təəccüblüdür. Çünki, son həftələr ərzində Azərbaycan–Fransa münasibətlərində hər hansı mənfi hadisə baş verməyib. Doğrudur, ümumi gərginlik var, bir müddət əvvəl diplomatların qarşılıqlı “persona non-qrata”sı baş vermişdi. Amma, son vaxtlar səfirin geri çağırılmasına səbəb ola biləcək insident qeydə alınmayıb. İkinci maraqlı məqam odur ki, Azərbaycan XİN-in bəyanatında bizim səfirimizin, “güzgüvari” şəkildə Fransadan geri çağılması qeyd olunmadı. Bu, bir daha onu göstərir ki, Emmanuel Makronun ölkəmizə qarşı birtərəfli addımı yalnız qərəz üzərində həyata keçirilib. Növbəti maraqlı məqam isə rəsmi Parisin iki ölkə arasında münasibətlərin pozulmasında Azərbaycanı ittiham etməsidir. Halbuki, Fransanın özündə, hakimiyyətin həm qanunverici, həm də icraedici qolları səviyyəsində açıq anti–Azərbaycan tezisləri səsləndirilir.
Amma Azərbaycanın qanunverici və icraedici hakimiyyətində Fransanın siyasəti, ərazi bütövlüyü ilə bağlı fikirlər səslənsə də, fəqət konkret hansısa qərar, yaxud qətnamə qəbul olunmayıb. Bütün bunları ümumiləşdirməyə çalışsaq, bir faktı qeyd etməliyik ki, Paris Azərbaycanla Qərbin münasibətlərinin gərgin olmasına çalışır. Həm də Avropanın Cənubi Qafqaz siyasətində dominant mövqeyə malik olmağı hədəfləyir. Yəqin Paris düşünür ki, bu addımı atması onun Qərbin bölgə siyasətində marginalaşmasına gətirib çıxaracaq. İntəhası, Parisin özünə müttəfiq saydığı Almaniyanın, ABŞ-nin, Avropa İttifaqının da oxşar addımları atacağı qeyri-realdır.
Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq
Emmanuel Makron bu hərəkəti ilə öz maskasını çıxartdı və iç üzünü göstərmiş oldu. Bununla da həm bizə, həm də digər ölkələrə sübut etdi ki, Fransanın vaxtilə həmsədr, sonra vasitəçi rolunda çıxış etməsi belə nəticələnməli idi. Yəni, bu, Ermənistana dəstək verilməsinin, bizə qarşı isə bu ölkədə Azərbaycanofobiyanın alovlanmasının yekunu sayıla bilər. Beləliklə, Fransa açıq şəkildə bu siyasi istiqaməti götürdü və indi buna nöqtə qoymaq qərarına gəldi. Bakı onun Ermənistanla dostluğuna qarşı deyil, amma bu zaman bir sıra diplomatik incəlikləri nəzərə almalıdır.
Əlbəttə, Fransanın Azərbaycanda casusluqla məşğul olan kəşfiyyatçı–diplomatlarının həbs olunmasına qıcıqla münasibət göstərməsi təbii idi. Amma Bakı fərqli addım ata bilməzdi. Əgər kimsə Azərbaycanın maraqlarına daxildən zərbə vurmaq məqsədilə kəşfiyyatla məşğul olursa, onun cavabını verməliydik və verdik. Düşünürəm ki, Parisin son addımı ilə onsuz da pozulan ikitərəfli münasibətlər daha da gərginləşəcək. Bunu hamımız görür və təhlil edirdik. İndiki məqamda Bakını da Fransadakı diplomatik elçimizi geri çağırmasını gözləyirəm. Beynəlxalq diplomatik praktikada belə qəbul olunub. Fransanın götürdüyü bu istiqamət ona Azərbaycandan mövqe və maraqlarına uyğun gedişlərin olmayacağını şərtləndirir.
Elxan ŞAHİNOĞLU,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi
Fransa prezidenti seçildiyi gündən Emmanuel Makron ermənipərəst mövqedən çıxış etməyə başladı. O vaxt hələ müharibə də olmamışdı. Makron balansı pozdu, Ermənistana dəfələrlə səfər etsə də, Azərbaycana heç vaxt gəlmədi. Halbuki, Fransanın əvvəlki dövlət başçıları hayların təəssübkeşləri olsalar da, sözdə də olsa, balansı qorumağa çalışırdılar. Onlar İrəvana səfər edəndə Bakıya da gəlirdilər.
Makron, faktiki olaraq, Fransa–Azərbaycan münasibətlərinin üstündən xətt çəkdi. İkinci Qabağ müharibəsində birmənalı şəkildə Ermənistanın tərəfini seçdi, Azərbaycan əleyhinə siyasətini gücləndirdi. Bu isə təbii olaraq, rəsmi Bakının adekvat reaksiyasına səbəb oldu. Bakı ikitərəfli münasibətlərin gərginləşməsini istəmirdi. Yalnış seçimi edən Makron və onun ətrafı oldu. Onlar daha sonra ölkəmizin əleyhinə digər addımları da atdılar.
Bu baxımdan səfirin geri çağırılması son körpülərin də yandırılması mənasına gəlir. Beynəlxalq hüquqda və beynəlxalq əlaqələrdə səfirin geri çağırılması qarşı dövlətə edilən siyasi demarş sayılır. Səfirin Parisdə dərhal Makronla görüşməsi faktının özü də anti–Azərbaycan addımı kimi qiymətləndirilməlidir.
İmran BƏDİRXANLI
XQ