Fransa qadınların səsvermə hüququnu Azərbaycandan 25 il sonra tanıyıb
Əslində, bu məzmunda yazı hazırlamaq fikrim yox idi. Sadəcə olaraq, internet resurslarında geniş yer tutan “Tarixdə bu gün” adlı məlumatlar toplusunu vərəqləyirdim. Orada belə bir cümlə gördüm: “Fransa qadınları 1944-cü il aprelin 21-də səsvermə hüququ əldə etmişdilər”. Dərhal yadıma düşdü ki, Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçib-seçilmək hüququnu hələ 1918-ci ilin dekabrında vermişdi. Dəfələrlə yazmışıq ki, bizim əcdadlarımızın bu qərarı müsəlman Şərqindəki ilk addım idi.
Sonralar isə məlum oldu ki, Azərbaycanda qadınlara seçib-seçilmək hüququ veriləndə hələ ancaq İngiltərə, Almaniya, Avstriya, Hollandiya və daha bir neçə ölkədə bu addım atılmışdı. ABŞ ( bu ölkədə qadınlara səs vermək hüququ 1920-ci ildə tanınmışdı), Fransa (1944-cü il), Yunanıstan (1952-ci il), İsveçrə (1971-ci il) və digər ölkələrdə qadınların belə hüquqları yox idi. Hətta, Lixtenşteyndə zərif cinsə bu hüquqlar 1984-cü ildə verilmişdir. Ən pisi də odur ki, son yüz, yüz əlli ildə qadınlara səsvermə hüququ verildiyi, sonra isə məhrum edildiyi hallar da baş vermişdir.
Xüsusilə vurğulanmalı məqamlardan biri də odur ki, qadınlara davamlı olaraq səs vermək hüququ verən ilk əyalət Böyük Britaniyanın Sakit okeandakı Pitkern adaları (1838-ci il) , ilk suveren ölkə isə Norveç (1913-cü il) olmuşdu. Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatı İkinci Dünya müharibəsindən sonrakı illərdə qadınların seçki hüququnu təşviq etmiş və 1979-cu ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiya qəbul olunmuşdur. Yəni, Azərbaycanın məlum qərarından təxminən 60 il sonra.
Bütün bunlar aydındır. Bəs Fransa bu gün nə üçün kimlərəsə, xüsusən, Azərbaycana dərs vermək istəyir? Rəsmi Parisə xatırlatmaq gərəkdir ki, Məhəmməd Əmin Rəsulzadə müsəlman qadınının azad edilməsini müsəlman xalqlarının milli-azadlıq mübarizəsinin ən mühüm məsələlərindən biri kimi qiymətləndirirdi. AXC qurucularından olan bu şəxs deyirdi: “Bütün digər xalqların qadınları kişilərlə bərabər ictimai-siyasi hərəkatda iştirak etdiyi və bununla da öz millətinin uğurlarına kömək etdiyi bir vaxtda müsəlman qadın dustaqlıqda qala bilməz və qalmamalıdır”.
Bu fikirlər 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsinin IV bəndində bərabərhüquqluluq prinsipinin, seçmək və seçilmək hüququnun təsbit edilməsi ilə öz qanuni təsdiqini tapdı. Nəticədə, Azərbaycan Şərqdə qadınlara seçib-seçilmək hüququ verən ilk ölkə oldu. Yəni bizim ölkəmiz demokratik əsaslarla, beynəlxalq əməkdaşlığın sınaqdan çıxmış prinsipləri ilə, ən başlıcası isə bütün insan hüquq və azadlıqlarının qorunması şərtləri ilə idarə olunur. Fransa kimi bəzi ölkələri müstəmləkədə saxlamaq, əksər ölkələrin daxili işlərinə burun soxmaqla yox.
İndi milyonlarla asiyalı və afrikalının nəinki seçib-seçilmək, hətta, yaşamaq hüququnu əlindən almış Fransanın rəhbəri hansı haqla Azərbaycan barədə cəfəngiyyat söyləyir? Yəqin tələskən oxucu soruşacaq ki, Makron bizə hansı dərsi vermək istəyib? Bu sualı cavablandırmaq üçün xalqının başına bəla olmuş Emmanuel Makronun “Azərbaycanın Ermənistana münasibətindəki qeyri-müəyyənlik aradan qaldırılmalı, Ermənistanın ərazi bütövlüyü qorunmalı, Qarabağ xalqının ( !?) hüquqları təmin edilməlidir!” sərsəmləməsini yada salmaq kifayətdir.
Makrona xatırladan lazımdır ki, əvvəla, dünyada siyasəti hamı üçün açıq, aydın olan ölkələrin önündə Azərbaycan gedir. Ona görə də bizim fəaliyyətimizdə “qeyri-müəyyənlik” axtarmaq tamamilə əsassızdır və siyasətçiyə yaraşmayan sifətdir. İkincisi, rəsmi Bakı Azərbaycanın Ermənistana heç bir ərazi iddiası olmadığını ( hərçənd, indiki Ermənistan başdan-başa tarixi Azərbaycan torpaqlarında yaradılmışdır) dəfələrlə bəyan etmişdir və dünyada bunu bilməyən yoxdur. Üçüncüsü, Fransa kimi tanınmış dövlətə rəhbərlik edən şəxsin iyirmi-otuz minlik terrorçu, separatçı qruplaşmasına “Qarabağ xalqı” deməsi, sadəcə olaraq, gülünc səslənir. Onların hüquqlarının qorunması məsələsinə gəlincə isə Makron eşitməsə də, dünya ictimaiyyəti bilir ki, Prezident İlham Əliyev bizim Qarabağ iqtisadi rayonumuzda yaşayan erməniləri dəfələrlə Azərbaycan vətəndaşı adlandırmış və demişdir ki, separatçılıqdan əl çəkəcəkləri təqdirdə onlar da ləzgi, talış, kürd, avar və digər azsaylı xalqların təmsilçiləri kimi bərabərhüquqlu şəkildə ölkəmizdə yaşayacaqlar. “Qarabağ erməniləri” bu təklifi qəbul etməyərək, çıxıb getdilər. İndi Makron hansı hüquqdan danışır?
İttifaq MİRZƏBƏYLİ