5 aprel görüşünün pərdəarxası məqamları
Azərbaycan xarici siyasətində, xüsusən Qərblə münasibətlərində həmişə səmimi olub. Enerji təhlükəsizliyindən tutmuş beynəlxalq terrorla mübarizəyə qədər Bakı hər zaman özünü mütərəqqi adlandıran ölkələrin müraciətlərinə müsbət reaksiya verib, strateji yardımını əsirgəməyib. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsində Qərb ikili standartlara yol verdi, işğalçı Ermənistanı xilas etməyə çalışdı, Azərbaycan yenə də strateji sahələrdə əməkdaşlığını dayandırmadı.
Bakı beynəlxalq aləmin məsuliyyətli üzvü kimi üzərinə düşən vəzifələri yerinə yetirdi və bu gün də bu proses davam edir. Amma 5 aprel görüşünün təfərrüatları məlum olandan sonra bir daha əmin oluruq ki, Qərb Bakı ilə münasibətlərində yenə də qeyri-səmimiliyini nümayiş etdirir. ABŞ–Avropa İttifaqı–Ermənistan sammitində qəbul olunmuş qərarlarla tanış olduqda belə qənaətə gəlmək olur ki, Qərb Cənubi Qafqaz regionunda İrəvan adlı növbəti “barıt çəlləyi” yaratmağı planlaşdırır. Ümid edirik ki, Ermənistan belə bir funksiyada çıxış etməyin acı nəticələrini hələ unutmayıb.
Aprelin 5-də Brüsseldə Ermənistan– Aİ – ABŞ formatında planlaşdırılan görüşdən düz iki gün əvvəl yerli KİV diplomatik dairələrdəki mənbələrə istinadla bildirmişdi ki, Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen və ABŞ Dövlət katibi Antoni Blinken İrəvanı Avroatlantik məkana inteqrasiya etmək məqsədilə siyasi, iqtisadi, humanitar sahələrdə çoxsaylı sazişlər imzalamaq niyyətindədirlər. Ən əsası, belə bir məlumat yayılmışdı ki, təhlükəsizlik sahəsində MDB ölkələri üçün görünməmiş hərbi pakt bağlı qapılar arxasında bağlanacaq. Amma cənab Blinken, sonra da xanım Lyayen Prezident İlham Əliyevə zəng edərək, sammitin nəticələrinin Azərbaycana qarşı olmayacağını iddia etmişdilər. Hər iki şəxs dövlət başçımızı inandırmağa çalışmışdı ki, görüşdə ancaq Ermənistana siyasi-iqtisadi dəstək məsələləri müzakirə olunacaq. Ancaq bağlı qapılar arxasında müzakirə olunan sənədlərin açıqlanmasından sonra məlum oldu ki, Qərb nümayəndələri açıqlamalarında səmimi deyillər. Əldə olunan məlumatları ətraflı təhlil edərkən bir daha əmin oluruq ki, Qərb Cənubi Qafqaz regionunu geosiyasi mübarizə arenasına çevirmək istəyir və “qurbanlıq qoyun” qismində də Ermənistanı görür.
Bəs iki güc mərkəzi kasıb və geosiyasi çəkisi olmayan Ermənistana nə vəd edirlər? Sənədlərdən aydın olur ki, ABŞ İrəvana Strateji Müdafiə İcmalının aparılması və Ermənistan üçün yeni hərbi doktrina hazırlanması üçün ekspert dəstəyi verəcək. Deməli, İrəvan hərbi dokrtinasının hazırlanmasını okeanın o tayındakılara etibar edəcək. Bu məqam onu göstərir ki, ABŞ Ermənistanla hərbi əməkdaşlığını əhəmiyyətli dərəcədə dərinləşdirmək istəyir. Eyni zamanda, strateji müdafiə baxışı və yeni hərbi doktrinanın hazırlanması təkcə cari müdafiə strategiyalarının nəzərdən keçirilməsini deyil, həm də Ermənistanın milli təhlükəsizlik məsələlərinə yanaşmasının tamamilə yenidən nəzərdən keçirilməsini nəzərdə tutur. Yəni, Qərb, ilk növbədə, ABŞ Ermənistanın güc strukturlarının bütün aspektlərini və potensial zəifliklərini qiymətləndirəcək, həmçinin İrəvana yeni geosiyasi reallıqlara və maraqlara uyğun doktrina formalaşdırmağa kömək edəcək.
Belə çıxır ki, Ermənistanın yeni təhlükəsizlik doktrinası ABŞ-ın maraqlarına uyğun hazırlanacaq. Doktrinanın qəbulundan sonra Vaşinqton İrəvana maliyyə və texniki dəstək göstərməyə başlayacaq. Bu isə o deməkdir ki, Qərb Cənubi Qafqaz regionundakı sabitliyə təsir göstərən proseslərə fəal müdaxilə etmək istəyir. Yəni, görüşdə açıqlanan 65 milyon dollar ABŞ-ın regiondakı geosiyasi maraqlarına uyğun məbləğ deyil. Vaşinqton daha böyük məbləğ xərcləməyi planlaşdırır.
Sənəddə diqqət çəkən məqamlardan biri də budur ki, ABŞ – Ermənistan əməkdaşlığı ikitərəfli hərbi əməkdaşlıq Planlaşdırma və Tədqiqat Prosesi (PARP) və Əməliyyat İmkanları Konsepsiyası (OCC) vasitəsilə tərəfdaşlığın məqsədlərinin həyata keçirilməsində Ermənistanın NATO ilə əməkdaşlığına uyğunlaşdırılacaq. Məsələ ondadır ki, Planlaşdırma və Tədqiqat Prosesi və Əməliyyat İmkanları Konsepsiyası NATO ilə tərəfdaş ölkə əməkdaşlığının əsas elementlərindəndir. PARP tərəfdaşlara müdafiə məqsədlərinə nail olmaqda kömək etmək və ordularının NATO ilə qarşılıqlı fəaliyyətini yaxşılaşdırmaq üçün nəzərdə tutulub. Bu, tərəfdaş ölkələrə birgə əməliyyatlarda daha səmərəli iştirak etməyə imkan verir. Əməliyyat İmkanları Konsepsiyası tərəfdaş hərbi qüvvələrin NATO standartlarına cavab verməsi və alyansın əməliyyatlarında səmərəli əməkdaşlıq edə bilməsi üçün onları inkişaf etdirmək və qiymətləndirmək məqsədi daşıyır. Əlbəttə, belə bir əməkdaşlıq təkcə NATO ilə hərbi əlaqələrin dərinləşdirilməsi deyil, həm də Ermənistan silahlı qüvvələrinin qarşılıqlı fəaliyyət və hazırlıq səviyyəsinin yüksəldilməsi deməkdir. Təbii ki, gücləndirilmiş əməkdaşlıq NATO təlimlərində daha geniş iştirakı, qabaqcıl texnologiyaların əldə edilməsini və təcrübə mübadiləsini nəzərdə tutur ki, bu da öz növbəsində Ermənistanın hərbi potensialının güclənməsinə kömək edə bilər.
Birləşmiş Ştatlar Ermənistanın hərbi və müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə inkişaf etdirmək, İranla sərhədə xüsusi diqqət yetirməklə, sərhəd nəzarətini və təhlükəsizliyi gücləndirmək üçün lazımi yardım göstərməyi də planlaşdırır. Burada Vaşinqtonun əsl niyyəti üzə çıxır. Daha doğrusu, belə yardımın göstərilməsi ABŞ-nin geosiyasi planlarına uyğundur. Yəni, burada hədəf İrandır. Bu gün Ermənistan – İran sərhədlərini Rusiya hərbçiləri qoruyurlar. Belə görünür ki, Vaşinqton “lazımi yardımın” göstəriləcəyini dedikdə, rus hərbçilərinin sərhədlərdən uzaqlaşdırılmasını nəzərdə tutur. İrəvanın da son vaxtlar anti-Rusiya bəyanatları belə düşünməyə əsas verir ki, bu məsələdə amerikalılar ermənilərə kömək etməyi planlaşdırırlar.
Maraqlıdır, İran ABŞ ilə Ermənistanın bu yeni əməkdaşlığına necə reaksiya verəcək? Tehrandan səslənən son bəyanatlar belə düşünməyə əsas verir ki, İran Qərbin regionda möhkəmlənmək planlarına qarşıdır. İran liderinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti “Əl-Mayadeen Net” saytında ABŞ-ın Cənubi Qafqaz planı” başlığı ilə dərc olunan məqaləsində Cənubi Qafqaz üçün Amerika – Atlantik layihəsini regiona qeyri-qanuni müdaxilə və işğal üçün yeni plan adlandırıb. Ə.Vilayəti deyir ki, bu plan “dünyanın həssas yerlərində gərginlik yaratmağa yol açmaq, regionun təhlükəsizliyi və ölkələrinin müstəqilliyi bahasına hərbi iştirak üçün bəhanə əldə etmək” məqsədini daşıyır. O əlavə edib ki, Avropa İttifaqı və ABŞ-ın NATO çərçivəsində Brüsseldə görüşünün məqsədi Cənubi Qafqaza qeyri-qanuni işğal və müdaxilə üçün yeni qətnamə üzərində razılığa gəlmək olub. Bu fikirlər onu göstərir ki, İran 5 aprel görüşünün keçirilməsindən narazıdır və onu Qərbin regiona müdaxilə etmək cəhdi kimi qiymətləndirir. Amma sözügedən sənədlərin açıqlanmasından sonra Tehranın sərgiləyəcəyi növbəti mövqe maraq doğurur. Hər halda, “böyük şeytan” adlandırdığı ABŞ-nin hərbçilərini öz sərhədində görmək Tehranın arzuladığı perspektiv deyil.
ABŞ Ermənistanın hava qüvvələrinin və hava hücumundan müdafiə imkanlarının artırılmasını da planlaşdırır. Nəzərə alsaq ki, Ermənistan KTMT-nin Birgə Hava Hücumundan Müdafiə Sisteminə inteqrasiya olunub, o zaman Vaşinqtonun əsas hədəfinin məhz Rusiya olduğu aydınlaşır. Bu istiqamətdə artıq işlər aparılır. Fransanın Ermənistana gətirdiyi radar sistemlərinin məhz bu məqsədə xidmət edəcəyi gözlənilir. Bu kontekstdə ABŞ Rusiyanın İrəvana hərbi təsirini azaltmaq üçün Ermənistanın hava hücumundan müdafiəsini gücləndirmək istəyir. Bunun üçün okeanın o tayından müvafiq texnologiyaların İrəvana göndərilməsi heç kim üçün sürpriz olmayacaq. Bundan başqa, Vaşinqton Ermənistanın qabaqcıl hərbi texnika və yeni texnologiyalara çıxışını asanlaşdırmaq üçün “Xarici Hərbi Maliyyələşdirmə” proqramı çərçivəsində İrəvana maliyyə yardımı göstərəcək.
ABŞ-ın Ermənistana göstərmək istədiyi növbəti yardım Global Positioning System (GPS) – Peyk Naviqasiya Sistemi ilə bağlıdır. ABŞ bütün Ermənistan ərazisində GPS texnologiyasının geniş tətbiqini sürətləndirməyə çalışacaq. GPS texnologiyasının hərbi sahədə tətbiqi hərbi əməliyyatların dəqiqliyi və səmərəliliyinin artırılmasında mühüm rol oynayır. Bu sistem qoşunlara mürəkkəb və ya tanış olmayan ərazilərdə dəqiq naviqasiya etməyə imkan verir, hərəkətliliyi və operativ reaksiya vermək qabiliyyətini xeyli yaxşılaşdırır. GPS sistemi silahların, o cümlədən, artilleriya mərmilərinin və idarə olunan raketlərin dəqiqliyini artırmaq üçün istifadə olunur. Bu, hədəflərə daha dəqiq zərbələr endirməyə imkan verir. Müasir pilotsuz uçuş aparatları və digər avtonom sistemlər GPS-dən geniş istifadə edir. Belə bir texnologiyanın Ermənistanda təkmilləşdirilməsi əsrlər boyu qonşularının ərazilərinə göz dikmiş və işğal siyasəti yürütmüş İrəvanın hərbi təxribatlar həyata keçirmək imkanlarının daha da genişləndirməsi deməkdir.
Aİ-nin də Ermənistanla bağlı planları ABŞ-dan ciddi fərqlənmir, bir-birini tamamlayır. Sənəddə qeyd edilir ki, Brüssel Ermənistan ordusuna dəstək məqsədilə Avropa Sülh Fondu (EPF) çərçivəsində yardım paketini qəbul edəcək. Bu paket Ermənistanın müdafiə sektorunda milli təhlükəsizliyini, sabitliyini və dayanıqlığını gücləndirmək məqsədi daşıyır. O, həmçinin əməliyyat səmərəliliyini artıracaq, Aİ və NATO standartlarına uyğunluğu sürətləndirəcək və Ermənistan ordusunun qarşılıqlı fəaliyyətini təmin edəcək. Yardım paketi, həmçinin Ermənistan ordusunun Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində əməliyyat və missiyalarda iştirak imkanlarını gücləndirmək məqsədini daşıyır. Əldə edilən məlumatlara görə, Avropa Sülh Fondu (EPF) vasitəsilə Ermənistana yardım paketinin qəbulu məsələsində artıq Avropa İttifaqında konsensus əldə olunub. Bu yardım paketi Ermənistanın milli təhlükəsizliyinin və hərbi potensialının artırılması, əməliyyat hazırlığının təkmilləşdirilməsi, habelə Aİ və NATO standartlarını özündə əks etdirən standartlara uyğunluğunu təmin etmək məqsədini daşıyır. Yəni, belə bir paketi qəbul etməklə Aİ Avropanın şərq sərhədlərində təhlükəsizliyin təmin edilməsində öz təsirini və iştirakını gücləndirmək istəyir.
Sənəddə Rusiyanın birbaşa maraqlarına toxunan məsələnin də diqqət mərkəzində saxlanılacağı açıqlanır. Belə ki, Aİ və Ermənistan Rusiyanın Ermənistandakı hərbi obyektlərinin statusunu da müzakirə ediblər. Rusiya hərbi bazalarının gələcəyi ilə bağlı Brüssel və İrəvan arasında fəal müzakirələrin aparılması heç kimə sirr deyil. İndi bu məsələ Brüssel sənədlərində də öz əksini tapıb. Rusiya hərbi kontingentinin Ermənistan ərazisindən çıxarılması Aİ və ABŞ-ın erməni siyasətində strateji hədəflərdən biridir. Belə razılıqla İrəvan Qərbin Rusiyanı Cənubi Qafqaz regionundan çıxarılması planına “yaşıl işıq” yandırır. Bundan başqa, Aİ və Ermənistan İrəvanın Rusiya hərbi texnikası və texnologiyasından asılılığının azaldılması, eləcə də Rusiya tərəfindən verilən hərbi təhsil və təlimdən yaxa qurtarılması zərurətini də müzakirə ediblər.
Aİ Ermənistana Azərbaycanla sərhəddə müdafiə infrastrukturunun, o cümlədən, mühəndis istehkamlarının yaradılmasına da yardım edəcək. Burada sual oluna bilər: Brüssel hansı sərhədlərdə belə işə əl qoymaq istəyir? Axı Ermənistan ilə Azərbaycan arasında sərhədlərin demarkasiyası və delimitasiyası aparılmayıb. Deməli, Aİ şərti sərhədlərdə müdafiə infrastrukturunun və mühəndis istehkamlarının yaradılmasında Ermənistana kömək etməklə həmin zonaları potensial cəbhə xəttinə çevirir. Ermənistan və Aİ-nin sülh təşəbbüslərinə dəstək bəyanatlarına baxmayaraq, praktikada bu cür addımlar Azərbaycana qarşı potensial hücumlar üçün tramplin yaradılması kimi qiymətləndirilə bilər.
Bundan başqa, Aİ və Ermənistan sərhəd təhlükəsizliyi və nəzarət məsələlərində Ermənistan milli təhlükəsizlik xidmətinin sərhəd qoşunları və Avropa İttifaqının Xarici Sərhəd Təhlükəsizliyi Agentliyi (FRONTEX) vasitəsilə əməkdaşlıq edəcək. Xatırladaq ki, Aİ-də sərhədlərin idarə edilməsi və miqrasiya ilə məşğul olan FRONTEX agentliyi ittifaqın xarici sərhədlərinin möhkəmləndirilməsində, nəzarətin təmin edilməsində mühüm rol oynayır. Buna görə də, FRONTEX ilə qarşılıqlı fəaliyyət vasitəsilə sərhəd təhlükəsizliyi sahəsində Aİ-nin Ermənistan ilə əməkdaşlığı region ölkələrinin maraqlarına qarşı yönəlmiş növbəti addım kimi qiymətləndirilə bilər.
Sənədlərdən belə aydın olur ki, Aİ-yə üzv dövlətlər və ABŞ yeni yaradılmış Ermənistan xarici kəşfiyyat xidmətinin təlimlərində və təchizatında yardım edəcəklər. Ermənistanın bu sahədə əhəmiyyətli texniki və ekspert dəstəyi alacağı gözlənilir ki, bu da İrəvanın yeni yaradılmış xarici kəşfiyyat xidmətinə öz əməliyyat imkanlarını əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verəcək. Əlbəttə, Aİ və ABŞ ilə kəşfiyyat sahəsində bu cür dərin əməkdaşlığın Ermənistanın xarici kəşfiyyat xidmətinin Qərbin nəzarətində olan struktura çevrilməsinə gətirib çıxaracağı şübhə doğurmur. Təbii ki, Qərb texnika və texnologiyalarından asılılığın artması erməni kəşfiyyatının əməliyyat səviyyəsində effektivliyi artırsa da, müstəqillik dərəcəsini çox aşağı salacaq. Eyni zamanda, Aİ–Ermənistan kiber dialoqu da başlanacaq.
Bir sözlə, 5 aprel görüşünün pərdəarxası məqamları bir daha təsdiqləyir ki, Qərb hələ də sülh prosesini tormozlayan Ermənistanı gücləndirməklə regionun önəmli aktoru olan Azərbaycanın narahatlığını nəzərə almır. Əksinə, Aİ və ABŞ Ermənistanı öldürücü silahlarla təmin etmək barədə razılığa gəliblər. Üstəlik, hücum silahlarının tədarükü gözlənilir. Bütün bu hərəkətlər Ermənistanın orta müddətli perspektivdə NATO-ya daxil olmasına hazırlıqdan xəbər verir. Rusiyanın, Türkiyənin və İranın daxil olduğu regiona müdaxilə etməklə Aİ və ABŞ Ermənistana silah bazarını açır və İrəvanın bu silahları almasını özü maliyyələşdirir.
Göründüyü kimi, Ermənistan çox təhlükəli geosiyasi oyuna qoşulub. Qərbin hesabına ayağa qalxmaq və geosiyasi güc toplamaq istəyir. Amma İrəvan çox məşhur olan bu atalar sözünü unudur: “Havayı pendir ancaq tələdə olur”. Bu reallığı dərk edən ermənilər də az deyil. Məsələn, tarix elmləri doktoru Qayane Mahmuryan “Qolos Armenii” qəzetinin “Ermənistanın hazırkı hakimiyyəti siyasi istiqamətini dəyişir. Qərb ölkəmizə çoxmilyon dollarlıq maliyyə dəstəyi vəd edir. Bunu necə başa düşmək lazımdır?” sualına belə cavab verib: “Unutmayaq ki, tarix təkrarlanır. Siyasət sferasında dostluğa, anlaşmaya, ədalətə, rəğbətə arxalanmaq sadəlövhlükdən də artıqdır. Kiməsə dəstək verəndə hər bir tərəf yalnız öz məqsədlərini güdür. Bu, həmişə belə olub və olacaq. Havayı pendir olan yer hamıya məlumdur. Ermənistan kimi kiçik dövlətin miqyasında təklif olunan maliyyə yardımının həcmi kiçikdir və iqtisadiyyatdakı vəziyyəti dəyişdirə bilməyəcək. Biz daha diqqətli olmalıyıq ki, Qərb Ermənistandan konkret nə tələb edəcək, pulsuz pendirin faktiki qiyməti nə qədərdir. Çox yüksək ola bilər. Bu vəziyyətdə bizim üçün nəticələr asanlıqla proqnozlaşdırıla bilər”.
Doğru sözlərdir, biz də əlavə edək ki, İrəvan həmişəlik itirdiklərini geri almağa çalışır və düşünür ki, Qərbə yaxınlaşmaqla niyyətinə çatacaq. Amma qeyri-region dövlətlərinə bel bağlamaqla və region dövlətlərinin maraqlarını nəzərə almamaqla Ermənistan daha böyük təhlükəli yola çıxır, başqa ata minmək istəyir.
Azərbaycan isə sülh istəyir, region dövlətlərinin maraqlarına uyğun dincliyin bərqərar olmasını arzulayır. İrəvan başqa variantı seçirsə, özü bilər. Keçmişini unudanın gələcəyini topa tutarlar, deyiblər. Belə görünür, erməniləri gələcəkləri maraqlandırmır. Onları, daha doğrusu, Nikol Paşinyan və onun komandasını siyasi gələcək düşündürür. Amma İrəvan unutmamalıdır ki, Bakının hərbi gücü hər ötən gün artır və Azərbaycan milli maraqlarını sonadək müdafiə edəcək. Buna kimsənin şübhəsi olmasın!
M.SƏBUHİ
XQ