Mehribanlıqla yazılan tarix: Gəncənin qəlbində bir iz - Mehriban xanım Əliyevanın izləri

post-img

Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın doğum günü münasibətilə…

Azərbaycan tarixində elə şəxsiyyətlər var ki, zamanın yaddaşına tək adları ilə deyil, gördükləri işlər, qəlblərdə oyatdıqları sevgi və vəfa ilə həkk olunurlar. Mehriban Əliyeva - elə bu şəxsiyyətlərdəndir. Onun mənəviyyatla zəngin, dərin düşüncəli fəaliyyəti təkcə Bakı ilə məhdudlaşmır. Vətənimizin hər bir bölgəsində onun izləri var. Ancaq qədim Gəncə torpağında bu izlər daha görünən, daha mənalı, daha yaşardır.

Bu səbəbdəndir ki, AMEA-nın Gəncə Bölməsi Mehriban xanım Əliyevanın Gəncə şəhərinə olan sevgisini, səfərlərini və bölgədə həyata keçirdiyi dəyərli layihələri əbədiləşdirmək üçün sanballı bir nəşrə imza atıb. Akademik Fuad Əliyevin rəhbərliyi ilə ərsəyə gətirilən bu 344 səhifəlik kitab həm elmi, həm ictimai-siyasi baxımdan önəmli bir töhfədir. Kitabda Mehriban xanımın Gəncə şəhərinə etdiyi saysız-hesabsız səfərlər, mədəni və dini irsin qorunması, təhsil, səhiyyə və mədəniyyət sahələrinə göstərdiyi diqqət və dəstək geniş işıqlandırılıb.

Akademik Fuad Əliyev belə deyir:

“Mehriban xanım Əliyeva təkcə birinci xanım deyil - o, Azərbaycanın milli-mənəvi dəyərlərinin qoruyucusudur. Xüsusilə Gəncə kimi qədim, müqəddəs bir şəhərdə onun gördüyü işlər tarixə çevrilib. Bu kitab, həm də xalqın minnətdarlığının yazılı ifadəsidir.”

Gəncə - qəhrəmanlıqla müqəddəslik arasında ucalan bir şəhərdir. Minilliklər boyu elm, mədəniyyət və mənəviyyatın beşiyi olmuş bu şəhər bugün də öz kimliyini qoruyursa, bunda Mehriban xanım Əliyevanın xüsusi rolu danılmazdır. O, Gəncənin abidələrinə, ziyarətgahlarına, türbələrinə bir tarix kimi yox, bir ruh kimi baxır. Onun təşəbbüsü ilə bu torpaqda ucalan məbədlər, bərpa olunan dini ocaqlar milli kimliyimizin mühüm sütunları kimi yenidən xalqın xidmətinə verilib.

Bu gün Gəncəyə səfər edən hər bir insan Comərd Qəssab türbəsini, Şah Abbas məscid-mədrəsəsini, Həzrəti Zeynəb məscidini görəndə təkcə daşları, kərpicləri deyil - bir millətin yaddaşını, bir qadının böyük missiyasını görür.

Sovet dövründə baxımsız qalan, unutdurulmağa məhkum edilmiş bu abidələr, Heydər Əliyev Fondunun və şəxsən Mehriban xanımın diqqəti sayəsində yenidən dirçəldi, nəfəs aldı. Bu, sadəcə memarlıq deyil - bu, milli ruhun dirçəlişidir.

Akademik Fuad Əliyev daha sonra əlavə edir:

“Tarix sübut edir ki, bir xalqın müstəqilliyini əlindən almaq üçün əvvəlcə onun yaddaşını əlindən almaq lazımdır. Mehriban xanım isə xalqın yaddaşını qoruyur. O, həm tarixi abidələri, həm mənəvi irsi, həm də milli ruhu yaşadan şəxsiyyətdir.”

Gəncə sakinləri Mehriban xanımı təkcə yüksək vəzifəli bir dövlət xadimi kimi deyil, dəyərli bir övlad kimi sevir. Onun bu şəhərə olan sevgisi qarşılıqlıdır. Gəncə - qədim mədəniyyətin beşiyi olaraq, bu gün Mehriban xanımın simasında özünə etibarlı bir hami və xilaskar tapmışdır.

Çünki Gəncənin hər küçəsində, hər məhəlləsində, minarələrində və mədrəsələrində onun əllərinin izi var. Bu izlər tarixə möhür vurur. Və bu tarix - mehribanlıqla yazılır.

P.S. Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, xalqımız üçün gördüyü işlərdə uğurlar və milli-mənəvi dirçəliş yolunda sonsuz güc arzulayırıq. Gəncə sizi sevir, Gəncə sizi tanıyır və bu sevgi min illər də davam edəcək.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri

Sosial həyat