I MƏQALƏ
Geosiyasət
İndi “geosiyasət” termininə çox tez-tez rast gəlinir və adi səslənir. Onun mənasına varanda isə çox maraqlı incəlikləri görmək olur. Yunan mənşəli “ge” – torpaq, yer, coğrafi məkan anlamlarını verir. “Politike” isə “dövləti idarəetmə məharəti” deməkdir. Bu iki anlayışın ortaq semantik mənası “dövləti yer faktorunu (yəni coğrafi məkanı, relyefi, müxtəlif təbii resursları və s.) nəzərə alaraq məharətlə idarə etmək”dən ibarətdir.
Deməli, sadə ifadə etsək, geosiyasət elə siyasi tədqiqatlar istiqamətidir ki, siyasətlə məkan faktorlarını – coğrafi, iqtisadi, mədəni, kommunikativ, demoqrafik, sosial və s. sferaların qarşılıqlı əlaqəsini ölkə maraqları kontekstində tədqiq edir. Belə alınır ki, geosiyasət nəzəri konstruksiya kimi sintetik (yəni müxtəlif fənləri birləşdirən) xarakterli tədqiqat sahəsidir. Bu keyfiyyətdə o, coğrafiyanın, tarixin, politologiyanın, sosiologiyanın, demoqrafiyanın, etnologiyanın, iqtisadiyyatın və digər fənlərin elementlərini özündə ehtiva edir. Geosiyasətdə başlıca elmi məqsəd dövlətin tarixi-coğrafi dinamikasını araşdırmaqdır.
Buradan məntiqi olaraq alınır ki, hər hansı geosiyasi xarakterli anlayış özündə, birincisi, dövlətin dinamikasını nəzərdə tutmalıdır, ikincisi, həmin dinamikanı tarixi-coğrafi aspektdə əks etdirməlidir. O halda uğurlu geosiyasət konkret dövlətin tərəqqi etmək dinamikasına xidmət edən və bu zaman tarixi və coğrafi faktorların vəhdətini ifadə edən kursu həyata keçirmək anlamına gəlir. Hər bir dövlətin özəlliyini nəzərə alanda bu istiqamətdə siyasi fəaliyyətin nə dərəcədə mürəkkəb olduğuna şübhə yeri qalmır. Ümumi halda hər bir ölkənin lideri və dövlətin başçısı çoxlu sayda müxtəlif xarakterli faktorları vahid məntiqi sahədə uyğunlaşdıraraq, yekunda dövlətin davamlı və uğurlu transformasiyalarını təmin edən xətti müəyyən etməlidir.
Bu məqsədə çatmaq üçün liderin (həm də dövlət başçısının) yüksək nəzəri-siyasi hazırlığı ilə praktiki sahədə praqmatik diplomatik məharəti bir-birini tamamlamalı, ahəngdarlıq təşkil etməlidirlər.
Problemin qoyuluşu
Biz “geosiyasətdə “Əliyev üçbucağı” ifadəsini bütün bunları nəzərə alaraq daxil edirik. Bu ifadənin məna yükü də məsələnin bu cür qoyuluşundan qaynaqlanır. “Əliyev üçbucağı” ciddi nəzəri məna yükü olan və praktiki-tətbiqi müstəvidə dəqiq məzmuna və məqsədə malik müasir geosiyasi anlayış kimi qəbul edilməlidir.
Bu anlayışın artıq geosiyasi nəzəriyyəyə daxil edilməsi zamanının çatması ilə bağlı səbəblər vardır. Həmin səbəblər hər şeydən öncə, Azərbaycan Prezidenti İlham Əliyevin 2003-cü ildən başlayaraq davamlı surətdə dövlətlərarası əməkdaşlıq platformaları təşəbbüslərini irəli sürməsi və eyni zamanda, onların hamısının uğurla reallaşması prosesində ehtiva olunur. Yəni biz məsələni liderin həm nəzəri olaraq müəyyən etdiyi kriteriyalara, həm də təşəbbüsün praktiki reallaşması sayəsində alınan nəticələrə görə elmi-tədqiqi gündəmə gətiririk.
Bununla yanaşı, AMEA rəhbərliyi dövlət başçısının müəyyən etdiyi strateji inkişaf kursunun mahiyyəti, məzmunu və strateji hədəflərinin azərbaycançılıq fonunda daha ətralı və dərindən dərk edilməsini özünü yeniləşdirmə kursunun mərkəzi məqamı olaraq müəyyənləşdirmişdir. Bu da hər bir sosio-humanitar sferada tədqiqat aparan Azərbaycan aliminin üzərinə ciddi məsuliyyət qoyur. Biz bu məsuliyyəti dərk etməli və elmi fəaliyyətdə vurğulanan məqamı əsaslı surətdə nəzərə almalıyıq.
Qeyd edilən tədqiqatçı məsuliyyəti kontekstində Prezident İlham Əliyevin dövlət başçısı və lider kimi fəaliyyətinin yeni tarixi mərhələdə xüsusiyyətlərinin fəlsəfi, elmi, siyasi-nəzəri və geosiyasi araşdırmalarını dərinləşdirməli və bütöv sistemli tədqiqat halına gətirməliyik. Bunun üçün tam əsas vardır, çünki İlham Əliyev həqiqi mənada nəinki Azərbaycan və Cənubi Qafqaz miqyasında, həm də dünya səviyyəsində böyük nəzəri, siyasi, geosiyasi və praktiki-tətbiqi töhfələri olan fəaliyyət göstərir. Azərbaycan Prezidentinin irəli sürdüyü təşəbbüslərdə ideya zənginliyi mövcuddur. Artıq bu ideyalardan hər kəsin bəhrələnməsi bir zərurət halına gəlmişdir!
–Nəhayət, bir məqamı vurğulamaq gərəkdir. “Əliyev üçbucağı” anlayışı Prezident İlham Əliyevin üçtərəfli əməkdaşlıq platforması çərçivəsində irəli sürdüyü təşəbbüslərin ümumi nəzəri ifadəsidir. Yəni, birincisi, burada söhbət yalnız üçtərəfli əməkdaşlıq formatından gedir, ikincisi, “ücbucaq” termininin həndəsi anlamı ancaq rəmzi olaraq qəbul edilir. “Ücbucaq” əməkdaşlıqda həndəsi mənada üç bucağı deyil, onda iştirak edən dövlətlərin sayının məcazi elmi obrazlaşdırma özəlliyini əks etdirir. Bu izahın səbəbi İlham Əliyevin üç dövlətin əməkdaşlığına geosiyasi aspektdə verdiyi anlamla bağlıdır və kifayət qədər dərin elmi mənaya malikdir.
Həmin bağlılıqda tədqiq edilən məsələnin bir özəl cəhətini mütləq vurğulamaq lazımdır.
İlham Əliyevin konseptual yeniliyi
Geosiyasi təlimlərdə ümumi nəzəri və metodoloji göstərişlər kifayət qədərdir. Ancaq konkret dövlətin geosiyasi uğuru, xüsusilə bu mürəkkəb və ziddiyyətli tarixi mərhələdə davamlı nəticəverici fəaliyyəti liderin ciddi yaradıcı münasibətini tələb edir. XXI əsrin təcrübəsi göstərir ki, hətta yüksək inkişaf etmiş dövlətlərin başçıları belə bir sıra hallarda bu vəzifənin öhdəsindən gələ bilmirlər. Nümunə olaraq ABŞ kimi qüdrətli dövlətin artıq bir neçə on ildir ki, ölkənin davamlı uğurlar əldə etməsinə yararlı olan siyasi kursu axtardığını göstərmək olar. Demokratlar respublikaçıları, onlar da birinciləri kəskin ittiham edirlər, uğursuzluğu konsepsiyalarda və konkret liderin fəaliyyətində deyil, başqalarının üzərinə atmaqla izah etməyə çalışırlar.
Böyük Britaniyada da bu istiqamətdə axtarışlar davam edir. B.Consonun siyasi kursunu London bəyənmədi və onu əvəz etdilər. İndiki iqtidarın yeritdiyi siyasətin də hər hansı parlaq və ciddi uğuru gözə dəymir. Almaniyada A.Merkeldən sonra Avropa və dünya miqyasında dövlətin davamlı uğurlar qazandığını deyən yoxdur. Sanki bir zamanlar çox qüdrətli görünən Almaniya “başının milçəyini güclə qoruyan dövlət” halına gəlmişdir. İndiki kanslerin də hər hansı əsaslı yeniliyindən bəhs etmirlər.
Fransadan ayrıca danışmaq olar. Böyük Fransanın indi kiçik uğurlarını belə vurğulayan yoxdur. Prezident E.Makronun irəli sürdüyü təşəbbüslər “beşiyində ölür”. Lakin Afrikadan və başqa yerlərdən fransız hərbçilərinin çıxması haqqında informasiyalar artır, Parisə etirazlar çoxalır.
Bütün bunların səbəbi nədir? Çoxlu səbəblər ola bilər, lakin bizcə, onların təməlində yeni yanaşma, yeni ideya və konsepsiya yoxsulluğu dayanır. Yüksək inkişaf etmiş sayılan ölkələrin siyasi isteblişmenti yeni səviyyəyə yüksəlməyin dayanıqlı və əsaslı konseptini müəyyən edə bilmirlər. Onlar köhnə yanaşmaların qapalı dairəsində fırlanmaqdadırlar. Yeri gəlmişkən, Qərbdə liderlik çatışmazlığı haqqında filosoflar, politoloqlar və strateqlər çoxdandır ki, ciddi surətdə bəhs edirlər.
Bütün bunların fonunda İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa və suverenliyini tam təmin etməsi, bu prosesin ölkənin davamlı inkişafı fonunda baş verməsinə nail olması fövqəladə əhəmiyyətli nəticədir. Burada, təbii ki, enerji strategiyasını, müxtəlif layihələri, siyasi-diplomatik və liderlik məharətlərini vurğulamaq gərəkdir. Bütün bunlarla yanaşı, bir təməl geosiyasi-nəzəri faktor mövcuddur ki, onun işığında Azərbaycan rəhbərinin fəaliyyətinə baxanda mənzərəni daha dolğun görə bilirik.
Həmin təməl faktor İlham Əliyevin XXI əsrdə Azərbaycanın ölkə olaraq coğrafi paramterləri ilə dövlət kimi geosiyasi məqsədlərə çatmanın optimal kursunu müəyyən edə bilməsi ilə bağlıdır. Bu proses 2003-cü ildə bir forma aldı, 2008-ci il qlobal maliyyə krizisi, Rusiya-Gürcüstan hərbi toqquşması və 2013-2014-cü il Rusiya-Ukrayna enerji böhranı mərhələsində yeni məna çalarları meydana gəldi, 2015-ci ildən Avropa İttifaqının xarici siyasətdə yeni konsepsiyaya keçməsi ilə Cənubi Qafqazda baş verən geosiyasi proseslərin qarşılıqlı təsiri sayəsində bir qədər fərqli məzmuna malik oldu və nəhayət, 2020-ci il II Qarabağ müharibəsinin nəticələri fonunda tamamilə yeni səviyyədə məzmunlaşdı. 2023-cü il antiterror tədbirlərinin nəticəsi də bu prosesə yeni sürət və dinamika verdi.
Deməli, İlham Əliyevin XXI əsrin tələbləri və çağırışları fonunda Azərbaycan Respublikasının coğrafi parametrləri ilə onun geosiyasi özəlliklərini reallığa uyğun sintez edə bilməsi davamlı səmərəli fəaliyyətin kökündə dayanır. Konkret olaraq, Azərbaycan Respublikasının coğrafi parametrlərinin hansı aspektlərini Prezident İlham Əliyev geosiyasi kontekstdə əsas kimi götürmüşdür?
İlham Əliyevin coğrafi determinizminin geosiyasi konteksti
Azərbaycan Pezidenti coğrafi determinizmi yumşaq formada, lakin geosiyasi kontekstdə fəaliyyət proqramlarına daxil etmişdir. İlham Əliyev Azərbaycan Respublikasının indiki mərhələdə 86 min kvadratkilometrlik ərazidə bərqərar olmasının tarixi-siyasi aspektlərini zamanın xronologiyasında nəzərə alaraq, həmin gerçəklikdən çıxış edərək dövlət qarşısında strateji hədəfləri müəyyən etmişdir. Bu zaman İlham Əliyev ölkənin təbii resurslarından maksimum yararlanmaq xəttini rasional surətdə gözləmişdir. Azərbaycanın geosiyasi gücünün əsas parametrlərini və onun başqa dövlətlərlə münasibətinin məntiqi və siyasi sərhədlərini həmin təməl üzərində müəyyən etmişdir. Praktika göstərdi ki, Azərbaycanın dövlət başçısı bu işin öhdəsindən son dərəcə uğurla gəlmişdir.
Birincisi, Azərbaycan müstəqil dövlət kimi daxili və regional reallıqları nəzərə alaraq həmişə real həyata keçə bilən vəzifələr qoymuşdur. Bu prosesdə hər hansı şirnikdirici tendensiyaya qapılmamışdır. İlham Əliyev realpolitikanın şərtləri daxilində real addımlar atmışdır.
İkincisi, Azərbaycan lideri ölkənin təbii resurslarının geosiyasi kontekstdə maksimum faydalı olması üçün ciddi surətdə Heydər Əliyevin enerji strategiyasının şərtləri çərçivəsində yaradıcı çalışmışdır. Bu o deməkdir ki, hər bir yeni situasiyada İlham Əliyev ölkənin coğrafi parametrlərinin imkanları ilə realpolitikanın harmoniyasına nail ola bilmişdir.
Üçüncüsü, İlham Əliyev Avrasiya məkanında nadir siyasətçilərdəndir ki, bütün situasiyalar üçün əməkdaşlıq, sülh, sabitlik, ədalətlilik, təhlükəsizlik və ümumi rifah faktorlarını ön sırada görmüşdür. Bu, olduqca mühüm məsələdir və bütövlükdə dövlətin xarici siyasətinin humanitar aspektini ifadə edir.
Dördüncüsü, üçüncü müddəadan avtomatik olaraq İlham Əliyevin dövlətlərarası əlaqələrə yanaşmasının özəlliyi alınır. Burada Prezidentin coğrafi parametrlərlə mövcud geosiyasi reallığın harmoniyasını tam olaraq əməkdaşlığa, sülhün təmininə və birgə inkişafa yönəltməsi xəttini aydın görə bilirik.
Deməli, Azərbaycanın tarixi olaraq coğrafi determinantlarının dəyişmə dinamikasının real qiymətləndirilməsi dövlət başçısı üçün əhəmiyyətli məqamdır. Bu baza üzərində indiki mərhələdə dövlət üçün müxtəlif əməkdaşlıq platformalarının qarşılıqlı əlaqəsi əsasında birgə inkişafa nail olmaq İlham Əliyevin siyasi kursunun mühüm cəhətlərindən biridir. Həmin tezisdən əməkdaşlıq platformalarının Azərbaycan Respublikasının siyasətinin əsaslarını təşkil edən faktorlar sırasına daxil olduğu nəticəsi alınır.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru