Ceyhun Bayramov Birləşmiş Krallığın dövlət naziri ilə görüşüb

post-img

Avqustun 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti ilə görüşüb.

Görüş zamanı Azərbaycan və Birləşmiş Krallıq arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi, bağlantılar, iqlim dəyişmələri və ətraf mühit, humanitar, təhsil sahələri üzrə əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Ölkəmizin enerji təhlükəsizliyi sahəsində təşəbbüskarı və əsas icraçısı olduğu nəhəng layihələrlə bu istiqamətdə etibarlı tərəfdaş olduğunu sübuta yetirdiyi qeyd edilib, ənənəvi enerji növləri üzrə əməkdaşlığın bu müsbət dinamikasının alternativ enerji mənbələrinin inkişafı istiqamətində davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb. Bu istiqamətdə, SOCAR və BP şirkətləri arasında bərpaolunan enerji üzrə əməkdaşlığın qurulmasının təqdirəlayiq olduğu vurğulanıb.

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində Birləşmiş Krallığın sessiyada Baş nazir və heyəti tərəfindən fəal iştirakı və töhfələri məmnunluqla qeyd edilib.

Təhsil sahəsi üzrə əməkdaşlıq çərçivəsində həyata keçirilən birgə təşəbbüslər, ali təhsil müəssisələri arasında yeni tərəfdaşlıqların qurulması, habelə dövlət proqramlarının əhəmiyyəti və bu sahədə işlərin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Avqustun 8-də keçirilmiş tarixi Vaşinqton görüşü çərçivəsində “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətninin paraflanması, habelə ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların bağlanması ilə əlaqədar birgə müraciətin ünvanlanmasının sülh prosesi çərçivəsində əldə olunmuş əhəmiyyətli nailiyyətlərdən biri olduğu vurğulanıb.

***

Həmin gün Azərbaycanın və Birləşmiş Krallığın xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr təşkil olunub. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Fariz Rzayev, Birləşmiş Krallıq tərəfindən isə Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti rəhbərlik edib.

 

 

Son xəbərlər