Laçında keçirilən “MDB ölkələrinin Gənclər Düşərgəsi” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə avqustun 26-da şəhərdəki "Yurd Gallery"də tanınmış rəssam Yusif Mirzənin “31 il sonra” adlı fərdi sərgisinin açılışı olub.
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev və başqaları çıxış edərək rəssama doğma yurdunda keçirilən sərgisi münasibətilə təbriklərini çatdırıblar.
XQ xəbər verir ki, sərgi təkcə bir incəsənət hadisəsi deyil, həm də Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbənin və bu yolda canından keçən şəhidlərimizin əziz xatirəsinə ehtiramın təcəssümüdür.
Bildirilib ki, sərgidə təqdim olunan əsərlər rəssamın “Laçın etüdləri” ilə başlayan, uzun illər Vətən həsrəti ilə davam edən və bu gün azad olunmuş torpaqların dirçəlişindən ilhamlanan sənət yolunu əks etdirir.
Ekspozisiya ziyarətçilərə Laçının təbiətini, incəsənətini və Qarabağ ruhunu yaxından hiss etmək imkanı yaradır. Müəllifin əsərləri keçmişlə bu günümüz arasında rənglərin dili ilə bir körpü qurur.
Rəssam Yusif Mirzə sərginin təşkilinə görə Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib, iştirakçılara təşəkkür edib.
Qeyd edək ki, Yusif Mirzə 1959-cu ildə Laçın rayonunun Sadınlar kəndində anadan olub. 1981-ci ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Rəssamlıq fakültəsini bitirib. 1981-1985-ci illərdə Laçın Xalq Teatrında rəssam işləyib.
Rəssam Azəbaycanla yanaşı, BƏƏ, Türkiyə, Norveç, Fransa və digər ölkələrdə sərgilərdə iştirak edib. Müəllifin əl işləri ABŞ, İngiltərə, Almaniya, Finlandiya, Norveç, İsveç, Türkiyə, İran, Latviya və s. ölkələrdə şəxsi kolleksiyalarda yer alır.
Xatırladaq ki, “MDB ölkələrinin Gənclər Düşərgəsi” 26 avqust - Laçın Şəhəri Günü çərçivəsində Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, MDB üzrə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) birgə təşkilatçılığı ilə gerçəkləşir.