ABŞ hazırda Çinlə ticarət müharibəsindədir. Bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərin iki ölkə arasında ticarət əlaqələri və tarif siyasəti ilə bağlı suallarını cavablandırarkən deyib.
Məlumatı “Anadolu” verib.
“Biz artıq oradayıq. Tariflərimiz olmasaydı, müdafiəmiz olmazdı”, - deyə Amerika lideri bildirib. Onun sözlərinə görə, bir neçə həftəyə planlaşdırılan Çin prezidenti Si Cinpinlə gözlənilən görüşdə razılıq əldə edilmədiyi təqdirdə Çinlə mümkün uzunmüddətli ticarət müharibəsi olacaq.
Trampın fikrincə, tariflər ABŞ-ın milli təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün əsas vasitədir.
Ağ Ev rəhbəri qeyd edib ki, əvvəlki administrasiyalar bu vasitədən tam istifadə etməyiblər. Prezident əlavə edib ki, tariflər təkcə Amerika iqtisadiyyatı üçün trilyonlarla dollar qazandırmır, həm də “sülhün qorunmasına” töhfə verir və hərbi münaqişələrə son qoyulmasında həlledici rol oynayıb: “Tariflər olmasaydı, bütün dünyada müharibələr davam edərdi. Onların sayəsində Rusiya istisna olmaqla, artıq müharibələr yoxdur”.
P.Əmircanov
XQ