Xarici dövlət borcunun 2023-cü ildə azalmasını dövlət başçısı İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və genişmiqyaslı sosial-iqtisadi islahatlar, kompleks tədbirlər nəticəsində yaranan, eyni zamanda, getdikcə möhkəmlənən makroiqtisadi və maliyyə sabitliyi şərtləndirib. Bu fikri konkret rəqəmlərlə ifadə etsək, deyə bilərik ki, hesabat dövründə maliyyə sabitliyinin əsasında 123 milyard manatlıq və ya 2022-ci illə müqayisədə real ifadədə 1,1 faiz çox ümumi daxili məhsul (ÜDM) dayanıb, iqtisadiyyatın qeyri-neft-qaz sektorunda həmin göstərici 3,7 faiz, qeyri-neft-qaz sənayesində isə 8 faiz təşkil edib.
Əlbəttə, bu məsələdə 2023-cü ildə xarici ticarət dövriyyəmizin, təxminən, 45 milyard dollara çatması, müsbət ticarət saldosunun 10,3 milyard dollar səviyyəsinə yüksəlməsi, qeyri-neft ixracının 9, 8 faiz artaraq 3,3 milyard dolları üstələməsi də maliyyə sabitliyinə öz müsbət təsirini göstərib.
Xatırladaq ki, 2023-cü ildə ölkəmizin strateji valyuta ehtiyatlarının 17 faiz, başqa sözlə, 10 milyard dollar artaraq 68,5 milyard dollar olması və bu göstəricinin ÜDM-in 95 faiz səviyyəsinə yüksələrək xarici dövlət borcunu 10 dəfədən çox üstələməsi Azərbaycanın iqtisadi strategiyasının uğurla həyata keçirilməsinin təsdiqinə çevrilib. Yeri gəlmişkən, 2023-cü ilin sonuna Azərbaycanın xarici dövlət borcu 3,5 faiz azalaraq 6,46 milyard dollar (ÜDM-in 8,9 faizi) olub.
Burada bir məqam da xüsusi vurğulanmalıdır. Hesabat ilində makroiqtisadi və maliyyə sabitliyinin daha da möhkəmlənməsi fonunda ortamüddətli dövr üçün qeyri-neft-qaz ÜDM-nin artım tempi sürətlənib, bununla da gələcəkdə neft-qaz sektorunda azalmanın kompensasiya edilməsinin mümkünlüyü və iqtisadi artımın sürətlənməsinə töhfə veriləcəyi proqnozlaşdırılıb.
Xarici dövlət borcunun azalmasında büdcə gəlirlərinin yüksək icrası da mühüm önəm daşıyıb. Bununla bağlı Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyətinə dair hesabatda qeyd edilib: “2023-cü il ərzində büdcə gəlirlərinin yüksək icrası şəraitində hesabat dövrünün dövlət büdcəsinin xərcləri dürüstləşmə zamanı 3,3 milyard manat artırılıb ki, bu da ötən il müvafiq strategiyada nəzərdə tutulan hədəflərə çatmağa imkan verib.
Beləliklə, 2023-cü ildə dövlət büdcəsinin gəlirləri, təxminən, 35,6 milyard manata yüksəlib ki, bu da 2022-ci illə müqayisədə 4,9 milyard manat (16 faiz), xərcləri isə 36,5 milyard manat (99,5 faiz) səviyyəsində icra olunub. Bu isə 2022-ci illə müqayisədə 4,4 milyard manat (13,7 faiz) çoxdur”.
Xarici dövlət borcunun davamlı azalmasını şərtləndirən əsas amillərdən danışarkən xatırladaq ki, bu məsələdə dövlətimizin başçısının 22 iyul 2022 -ci il tarixli müvafiq sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” böyük əhəmiyyətə malikdir. Strategiyada 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 30 faizini, o cümlədən xarici dövlət borcunun 10 milyard dolları üstələməməsi qarşıya mühüm vəzifə kimi qoyulur.
Yeri gəlmişkən, adı çəkilən sənəd imzalanana qədər xarici dövlət borcunun azalması probleminin həllində dövlət başçısı tərəfindən 2018-ci il 24 avqust tarixli sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” mühüm rol oynayıb. Lakin ötən dövr ərzində dünyada baş verən müəyyən hadisələr, məsələn, koronavirus pandemiyası ölkəmizin makroiqtisadi sabitliyinə, məşğulluq və sahibkarlıq subyektlərinin fəaliyyəti məsələlərinə mənfi təsir göstərib. Daha sonra isə işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və yenidən qurulması zərurətindən irəli gələn yeni sosial-iqtisadi çağırışlar meydana gəlib. Bütün bunlar isə “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da müəyyən düzəlişlər aparılması ilə nəticələnib.
Bu məqamda “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ifadə olunan bir məsələni də xatırlatmaq yerinə düşərdi. Belə ki, adı çəkilən milli prioritetlərdə bildirilir ki, daxili borcun idarə edilməsi ölkədə maliyyə bazarlarının inkişafını dəstəkləməli, xarici dövlət borcunun dayanıqlı səviyyəsi qorunmalı, dövlət şirkətlərinin borclanmalarına nəzarət gücləndirilməli və bu əsaslarda dövlət borcunun idarəedilməsi təşkil olunmalıdır.
Bax, elə bütün bunlara görə də hazırda istər daxili, istərsə də xarici borcun qarşılanması makroiqtisadi sabitliyin əsas meyarı olan qiymətlərin aşağı və sabit olmasının gerçəkləşdirilməsi, idarəetmənin institusional çərçivəsinin təkmilləşdirilməsi və maliyyə bazarlarının səmərəli fəaliyyət göstərmələri diqqətdə saxlanılır. Nəticə isə xarici dövlət borcunun azalmasını əks etdirən müsbət dinamika ilə müşahidə olunur.
Nəhayət, sonda qeyd edək ki, rəsmi proqnozlarda respublikamızın 2024–2027-ci illərdə xarici dövlət borcunun 8 milyard 898 milyon manat (5 milyard 234 milyon dollar) və ya ÜDM-in 7,5 faizi həcmində, daxili dövlət borcunun isə 2024-cü ilin sonuna 18 milyard 779 milyon manat və ya ÜDM-in 15,9 faizi həcmində olacağı gözlənilir. Cari ilin sonuna isə Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləği 27 milyard 678 milyon manat səviyyəsində olacağı və 118 milyard 383 milyon manat məbləğində gözlənilən ÜDM-in 23,4 faizini təşkil edəcəyi proqnozlaşdırılır.
Beləliklə, ümumilikdə, yeni çağırışlarla əlaqədar yaranan əlavə maliyyə tələbatının təmin edilməsi üçün icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisinin hədəflənən yuxarı həddinin 2024-cü ilin sonuna 24 faiz müəyyənləşdirilməsi, ortamüddətli dövrün sonuna (2027-ci il) 17,5 faiz, dövlət borcunun ÜDM-ə nisbət göstəricisi üzrə isə 2027-ci ilin sonuna hədəflənən yuxarı həddinin 30 faiz səviyyəsində olması zərurət yarandığı bildirilir.
Vaqif BAYRAMOV
XQ