Qlobal Təkrar Emal Günü
Ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili”nin elan olunması və COP29 kimi mötəbər tədbirin keçirilməsi çərçivəsində “Təmiz şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub.
İctimai fəalların, bloger, influenser və media nümayəndələrinin iştirak etdikləri turda ASC-nin fəaliyyəti, Bakı şəhərində bərk məişət tullantılarının idarə edilməsi və təkrar emal prosesi ilə bağlı ətraflı məlumat verilib.
Bildirilib ki, 2017-ci ildə ölkə başçısının iştirakı ilə açılışı olan Balaxanı Sənaye Parkı təkrar emal sahəsini inkişaf etdirmək məqsədilə yaradılıb. Müasir texnoloji yeniliklər tətbiq edilməklə dayanıqlı inkişaf prinsiplərinə və ətraf mühitin mühafizəsi standartlarına uyğun fəaliyyət göstərən Balaxanı Sənaye Parkı tullantıların təkrar emalı ilə məşğul olmaq istəyənlər üçün əlverişli məkandır. Sahibkarlar istehsal sahəsinə 52 milyon manat investisiya qoyub. Sənaye parkının fəaliyyəti dövründə 229 milyon manatlıq məhsulun 23 milyon manatlığı xarici ölkələrə ixrac edilib. 25 rezidentin qeydiyyatdan keçdiyi Balaxanı Sənaye Parkında 1126 yeni iş yeri yaradılıb.
Tur çərçivəsində qonaqlar Bakı bərk məişət tullantılarının yandırılması zavodunda da olublar. Məlumat verilib ki, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən açılışı olan zavod dördüncü nəsil (4G) texnologiyaların tətbiqi ilə qurulub və ətraf mühitin mühafizəsi sahəsində normativlərə tam cavab verir. İllik gücü 500 min ton olan zavodda tullantıların yandırılması nəticəsində il ərzində 200 milyon kilovat saata qədər elektrik enerjisi əldə olunur. Bu isə 100 min ev təsərrüfatını elektrik enerjisi ilə təmin etməyə imkan verir.
Sonda tur iştirakçılarına “Təmiz Şəhər” ASC-nin fəaliyyətini əks etdirən broşürlər paylanılıb, onları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.
XQ