Bakı Şəhər İcra Hakimiyyətinin məlumatına əsasən, paytaxtın Nərimanov rayonunda yeni park salınır. Bildirilir ki, parkın ərazisi 30 hektar olacaq və Vaqif prospektinin, həmçinin Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov, Nəsib bəy Yusifbəyli küçələrinin bir hissəsini (Azərbaycan Diplomatik Akademiyası ilə üzbəüz ərazi, Gənclik metrosunun yaxınlığı) əhatə edəcək. Park mövcud ağaclara maksimum toxunmamaq şərti ilə relyeflə uyğun salınacaq.
Yeni parkın salınması çərçivəsində Ceyhun Hacıbəyli küçəsinin Nəsib bəy Yusifbəyli küçəsi ilə kəsişməsindən Hənifə Ələsgərov küçəsinə kimi mövcud olmuş tikinti materialları bazarı, həmçinin onun yaxınlığındakı azmərtəbəli yaşayış binaları və yardımçı tikililər artıq sökülüb.
Yeni salınan parkla “Dədə Qorqud” parkı arasında əlaqə yaratmaq üçün ərazidə yeraltı piyada tunelinin tikintisinə başlanılıb. Bu məqsədlə Vaqif prospektinin bir hissəsi hasarlanıb.
XQ