Ölkəmiz regional nəqliyyat qovşağıdır

post-img

Bakıda keçiriləcək beynəlxalq logistik forum bu gerçəkdən qaynaqlanır

Bu il sentyabr ayının 20-21-də Bakıda “Black and Caspian Freight” forumu keçiriləcək. Belə bir mühüm tədbirin reallaşması isə, şübhəsiz ki, Azərbaycanın regionda beynəlxalq nəqliyyat dəhlizləri üzərində mühüm ticarət, tranzit mərkəzinə çevrilməsini bir daha təsdiqləyir.

Ölkəmiz hazırda Avrasiya məkanının mühüm logistik mərkəzlərindən biri kimi tanınaraq yeni təşəbbüslər irəli sürmək­də davam edir. Eyni zamanda, İpək Yolu üzərində geniş iqtisadi zolağın yaradıl­masının fəal iştirakçısı olan Azərbaycan gerçəkləşdirdiyi genişhəcmli layihələrin nəticəsi olaraq müxtəlif istiqamətlərə tranzit daşımaların səmərəli təşkilinə eti­barlı təminat verir.

Forumun baş partnyoru olan “Black and Caspian Freight” şirkətinin direktoru Rəşad Şəkərov mediaya müsahibəsində tədbirin böyük əhəmiyyət daşıdığını vur­ğulayaraq Azərbaycanın açıq dənizlərə, okeanlara çıxışı olmaması səbəbindən ölkəmizin bütün beynəlxalq nəqliyyat, enerji, kommunikasiya xətlərinin digər dövlətlərin ərazisindən keçdiyini, bunun­la bağlı, ilk növbədə, Ermənistan istisna olmaqla, qonşu və digər ölkələrlə sıx dostluq münasibətləri yaradıldığını bildi­rib. Bu da respublikamızın tranzit daşı­maları sahəsində uğurlar qazanmasını şərtləndirib və bunun sayəsində bir sıra beynəlxalq layihələr gerçəkləşdirilib. Bu forumda da həmin təşəbbüslərin davamı olacaq yeni beynəlxalq layihələrin müza­kirəsi nəzərdə tutulub. 

Xatırladaq ki, sözügedən forum keçən il sentyabrın 21-də Türkiyənin İstanbul şəhə­rində keçirilib. Həmin tədbirdə Xəzər və Qara dəniz ölkələrinin ərazisindən keçən nəqliyyat dəhlizləri və marşrutlarının, logis­tika infrastrukturunun inkişaf etdirilməsi, gömrük rəsmiləşdirilməsinin və ticarətinin sadələşdirilməsi, rəqəmsallaşdırılması, “Bir pəncərə” mexanizminin yaradılması və s. kimi mövzular müzakirə edilib. Ötən bir il ərzində sadalanan istiqamətlər üzrə müəyyən layihələr gerçəkləşdirilib və belə təşəbbüslərin bundan sonra da həyata ke­çirilməsi nəzərdə tutulub. 

Bütün bunlarla bağlı bəzi məqamla­ra diqqət yetirək. Əvvəlcə onu deyək ki, Avropa və Asiya dəmir yolu şəbəkələ­rinin birləşdirilməsində önəmli rol oy­nayan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu 2017-ci ildə istifadəyə verilib. Res­publikamızın təşəbbüsü ilə inşa edilən bu dəmir yolu vasitəsilə bölgəmizdə və bütövlükdə Avrasiyada yeni nəqliyyat xə­ritəsi yaradılıb, Azərbaycanın tərəfdaşları tərəfindən ötən müddətdə BTQ dəmir yo­lundan səmərəli istifadə edilib. Respubli­kamızın ərazisindən keçən yolların çox­şaxəli olması isə ölkəmizin imkanlarını böyük dərəcədə artırıb. 

Şərq–Qərb nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Bakı–Tbilisi–Qars dəmir yolu nəqliyyatı bu gün yüklərin Avropaya və əks istiqamətə daşınmasın­da böyük əhəmiyyətə malikdir. Bu polad magistralın fəaliyyəti nəticəsində yol bo­yunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu getdikcə artır, yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşir. BTQ 3 dövləti əlaqələndirməklə yanaşı, həm də onlarca xalq və ölkə üçün körpü rolunu oynayır.

Ötən il ilk dəfə olaraq BTQ vasitəsilə ixrac yüklərinin nəqlinə də başlanılıb. Belə ki, Azərbaycanda istehsal olunan metal konstruksiyalar Türkiyəyə ixrac olunub. 2017-ci ildə BTQ dəmir yolu ilə 5 min 674 ton yük daşındığı halda, ötən il bu rəqəm 483 min 290 ton, bu ilin ilk 5 ayında isə 182 min 413 ton təşkil edib. Ümumiyyətlə, BTQ dəmiryol marşrutu ilə yük daşımala­rı magistralın bütün fəaliyyət müddətində 2,4 milyon tondan çox olub.

Bakı Beynəlxalq Dəniz Ticarət Li­manı da İpək Yolu layihəsi çərçivəsində reallaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tərkib hissəsi kimi mühüm önəm daşıyır. Cari ilin 7 ayı ər­zində bu liman vasitəsilə təkcə Qazaxıs­tan üzərindən yükdaşımaların həcminin 1 milyon tondan çox artması, belə bir rəqəmin isə 2021-ci ilin analoji dövrünün göstəricisindən 219,1 faiz çox olması bu­nun bariz ifadəsidir. 

Hazırda Qazaxıstan istiqaməti üzrə vaqon aşırılmasının artım tempi 3 dəfəyə yaxınlaşıb. Eyni zamanda, artım tempi bu ölkə marşrutu ilə hərəkət edən TIR aşırılmasında da iki dəfə artıb. 

Qazaxıstan istiqamətində 2021-ci ilin 4 ayında təqribən 5 min TEU konteyner aşırılmışdısa, 2022-ci ilin 4 ayında kon­teyner aşırılması 10 mini keçib. Ekspert­lər tərəfindən bu, geosiyasi vəziyyətin dəyişməsinin ilkin simptomlarının nəticə­si kimi dəyərləndirilib. 

Bakı Limanı Ələtdə iki əsas nəqliyyat dəhlizinin – Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşir. Li­manın inkişafı 2 mərhələ üzrədir. 2019-cu ildə birinci mərhələnin inkişafı başa çatdırılıb və sonra bu limanda ümumi yükaşırma imkanı artaraq 15 milyon ton ümumi yük və 100 min TEU-ya qədər konteyner olub. 

İkinci mərhələdə isə liman komplek­sinin tikintisinin ikinci mərhələsinin başa çatdırılması ilə Bakı Limanının ümumi yükaşırma imkanı artaraq 25 milyon ton ümumi yük və 500 min TEU-ya qədər konteyner olacaq.

Beynəlxalq yükdaşımaların inkişafı ilə bağlı həyata keçirilən layihələr dəniz nəqliyyatında da əlverişli şərait yaradıb. Məhz bunun nəticəsidir ki, cari ilin ilk 6 ayında Azərbaycanda dəniz nəqliyyatı ilə 930 milyon dollar dəyərində 1,4 mil­yon ton yük daşınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq ola­raq 94,1 faiz və 4 dəfə çoxdur. Hesabat dövründə dəniz nəqliyyatı ilə ixrac olunan yüklərin dəyəri 83 milyon 45 min dollara bərabər olub, 847 milyon dollarlıq yük isə idxal olunub. Son bir ildə ixrac olunan yüklərin həcmi 3,2 dəfə artıb.

“Bakı Beynəlxalq Dəniz Ticarət Li­manı” Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, limanda bu ilin I yarısında 3 milyon 539 min tondan çox yük aşırılıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz çoxdur.

Vəkil HÜSEYNOV
iqtisadçı-ekspert

Prezident İlham Əliyevin ölkəmizin logistika sisteminin inkişafına diqqət və qayğısının nəticəsidir ki, bu gün Azərbaycanın beynəlxalq yükdaşıma­larda fəaliyyəti getdikcə genişlənir. Bu, müxtəlif istiqamətlərdə hərəkət edən nəqliyyat vasitələrinin sayının getdik­cə artması, mövcud sahədə bazarın şəffaflaşması nəticəsində “kölgə”də işləyən daşıyıcıların qeydiyyata alın­ması, onların bəzilərinin fəaliyyətinin bərpa edilməsi, bəzilərinin isə daxili bazardan beynəlxalq bazara keçidi­nin reallaşması ilə bağlıdır. Bundan savayı, yükdaşımalarda qanunverici­liyin təkmilləşdirilməsi də daim diqqət mərkəzində saxlanılır.

Bütün bunların nəticəsidir ki, ta­rixən İpək Yolunun keçdiyi Azərbay­can ərazisi Avropa və Asiya ölkələrini birləşdirir, strateji iqtisadi-ticari dəhliz­lərin qovuşduğu məkan kimi tanınır. Bu coğrafiyada yerləşən respublika­mızın nəqliyyat infrastrukturunun ye­nilənməsi daim diqqətdə saxlanılır, sö­zügedən istiqamətə böyük məbləğdə investisiyalar yatırılır. Bütün bunlar isə nəqliyyat dəhlizlərinin əsas marşrutla­rının kəsişmə qovşaqlarında yerləşən Azərbaycanın logistika baxımından əhəmiyyətini daha da yüksəldir. 

Ümumiyyətlə, beynəlxalq və regi­onal nəqliyyat dəhlizlərinin inkişafı da iqtisadiyyatımızın səmərəliliyinin artı­rılmasına müsbət təsir göstərir. Eyni zamanda, nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr dövlətimizin iqtisadi imkanlarını geniş­ləndirir, əhəmiyyətini artırır.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, son 10 il ər­zində nəqliyyat sektorunda orta illik artım tempi 3,5 faiz təşkil edib, yeni in­frastruktur qurulub, özəl investisiyalar artıb. Ölkə regional əhəmiyyətli nəqliy­yat-logistika və ticarət qovşağına çev­rilib və əsas ticarət marşrutlarından bəhrələnməyin əsası qoyulub. TRA­SEKA, Şimal–Cənub kimi iri nəqliyyat dəhlizlərinin reallaşdırılması istiqamə­tində nəhəng infrastruktur layihələri gerçəkləşdirilib.

Vaqif BAYRAMOV
XQ



İqtisadiyyat