Gümrüdə “siyasi zəlzələ”

post-img

Merin həbsindən sonra keçmiş oliqarxiya rejiminə bağlı fiqurların cinayət əməlləri də ifşa olunur

Ermənistanda siyasi gündəm bir daha qalmaqallı hadisələrlə silkələnir. Keçmişin qalığı olan bəzi mafioz-odioz fiqurların siyasi səhnəyə qayıtmaq cəhdləri ölkədə sabitliyin pozulması təhlükəsini artırır. Hakimiyyətlə müxalifət arasında uzun müddətdir davam edən gərginlik artıq fərdi qarşıdurmalar səviyyəsinə enib. Maraqlıdır ki, bu qarşıdurmada şəxsi ambisiyalar onların hər zaman ağızdolusu danışdıqları erməni xalqının və dövlətinin milli maraqlarını kölgədə qoyur. Son aylarda Ermənistanda yaranan siyasi mənzərə göstərir ki, bəzi dairələr üçün dövlət idarəçiliyi deyil, hakimiyyət uğrunda şəxsi savaş prioritetə çevrilib.

İctimai rəydə etimadın azaldığı, sosial narazılığın artdığı bir vaxtda bəzi müxalif siyasətçilər bu vəziyyətdən siyasi fürsət kimi istifadə etməyə cəhd göstərirlər. 1988-ci ildən başlayaraq 2018-ci ilədək ölkəni çapıb-talayan tanış adlar yenidən siyasi səhnədə görünməyə başlayıblar. Ancaq onlar hakimiyyətə deyil, sabitliyə meydan oxuyurlar. Bu şəxslərdən bəziləri artıq illərdir öz şəxsi maraqlarını “xalqın mübarizəsi” pərdəsi altında gizlətməyə çalışır, amma hər dəfə nəticə fəlakətli olur. İllərdir müxtəlif üsullarla ölkədə sabitliyi sarsıtmağa çalışan şəxslərdən biri də ölkənin ikinci böyük şəhəri olan Gümrünün meri, müxalif düşərgənin ən qalmaqallı adlarından biri sayılan Vardan Qukasyandır.

Oktyabrın 20-də səhər saatlarında hüquq-mühafizə orqanları əməkdaşları Gümrü şəhər meriyasında axtarışlar aparıb. Daha sonra V.Qukasyan və daha 7 nəfərin rüşvət almaqda ittiham olunaraq saxlanıldığı bildirilib. Hüquq-mühafizə orqanları əməkdaşları əməliyyat apararkən Qukasyanın tərəfdarları binanı mühasirəyə alıblar. Əraziyə xüsusi təyinatlı polis dəstələri də yerləşdirilib və polislə izdiham arasında saatlarla davam edən qarşıdurma zamanı mübahisə və toqquşmalar baş verib. Lakin sonda Gümrü meri binadan çıxarılaraq məhkəməyə aparılıb.

İstintaqın məlumatına görə, mer və meriyanın baş memarı Qaregin Njde küçəsində təxminən 1500 kvadratmetr olan qanunsuz tikilinin sökülməməsi barədə razılığa gəlib, sahibindən təxminən 10 min dollar tələb edib və alıblar. “Sputnik Ermənistan”ın məlumatına görə, söhbət “Fabrika” mağazalar şəbəkəsinin sahibi, biznesmen Sevak Qomtsyandan gedir.

Ermənistan İstintaq Komitəsi Qukasyana dəstək aksiyasının bəzi iştirakçılarına qarşı “kütləvi iğtişaşlarda iştirak etmə” maddəsi ilə cinayət iş açıb. 30-dan çox etirazçı saxlanılıb. Günün sonunda ölkənin Antikorrupsiya Məhkəməsinin V.Qukasyan barəsində iki aylıq həbs-qətimkan tədbiri seçdiyi məlum olub. Bu barədə onun vəkili Zarui Postancyan jurnalistlərə məlumat verib. Qərarı çıxaran hakim Vardqes Sarkisyan, həmçinin Qukasyanın ailə üzvlərindən başqa hamı ilə görüşlərini məhdudlaşdırıb.

Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan V.Qukasyanı “korrupsioner əclaf” adlandırıb. O, sosial şəbəkə hesabında yazıb: “Hazırda korrupsioner əclafı artıq quldurun adından Gümrü kilsəsinin zənglərini çalan Arman Tatoyan, “Daşnaksütyun”, Andranik Tevanyan və Ktriç Nersisyanın qüvvələri qoruyur. Gəlin, digər riyakarları da gözləyək”.

Ermənistan parlamentinin müdafiə komissiyasının sədri, hakim fraksiyanın deputatı Andranik Koçaryan isə güc strukturlarının Gümrü meriyasındakı hərəkətlərini əsaslı və qanunauyğun hesab etdiyini bildirib. Koçaryanın sözlərinə görə, N.Paşinyanın Qukasyanın mer seçilməsi ilə bağlı “anlaşılmazlığı düzəltmək” barədə bəyanatı hüquq-mühafizə orqanlarının işinə təsir etməyib. Deputat vurğulayıb ki, mer və onun yaxın ətrafı ilə bağlı hələ indiki hadisələrdən əvvəl də araşdırmalar aparılırdı.

Qeyd edək ki, oktyabrın 1-də N.Paşinyan parlamentdə çıxış edərkən V.Qukasyanı 30 mart seçkilərində səsləri satın almaqda ittiham edib və onun mer seçilməsini “anlaşılmazlıq” adlandırıb. O, bu vəziyyəti düzəltmək niyyətini də vurğulayıb.

***

Vardan Qukasyanın adı Ermənistan ictimaiyyətinə uzun illərdir tanışdır. Onun rəhbərliyi dövründə Gümrü şəhərində korrupsiya, ailə-tayfa idarəçiliyi və qeyri-leqal sövdələşmələr barədə çoxsaylı iddialar səslənib. Hətta 2016-cı ildə baş vermiş silahlı insident zamanı Qukasyanın yaxın çevrəsinə bağlı şəxslərin iştirakı barədə də məlumat yayılmışdı. O dövrdə bu faktlar siyasi himayə sayəsində ört-basdır olunsa da, indi vəziyyət fərqlidir. Paşinyan hakimiyyəti son aylarda xüsusilə regional strukturlarda antikorrupsiya əməliyyatlarını genişləndirib. Bu baxımdan Qukasyanın həbsi həm simvolik, həm də mesaj xarakteri daşıyır. Çünki Gümrü təkcə Ermənistanın ikinci böyük şəhəri deyil, həm də “keçmiş elita”nın sosial dayaqlarından biri hesab olunur. Bu dayağın sarsılması müxalif düşərgə üçün ciddi zərbədir.

Müxalifət düşərgəsində Qukasyanın həbsi birmənalı qarşılanmayıb. Bəzi qüvvələr bunu “hakimiyyətin siyasi intiqamı” kimi qiymətləndirir, digərləri isə onun artıq yükə çevrildiyini düşünür. Xüsusən də “Hayastan” blokuna yaxın çevrələrdə Qukasyanın davranışlarının müxalifətin bütövlükdə imicinə zərbə vurduğu etiraf olunur. Bu parçalanma Paşinyan üçün istənilən ssenaridə üstünlük yaradır – çünki müxalifət daxilindəki panika və qarşılıqlı ittihamlar onun nəzarət imkanlarını genişləndirir.

Qukasyanın həbsi həm də Nikol Paşinyan üçün ictimai etimadı bərpa etməyə hesablanmış taktiki addım kimi görünür. Son aylarda sosial narazılığın artdığı, iqtisadi göstəricilərin zəiflədiyi bir dövrdə antikorrupsiya kampaniyası hakimiyyətin legitimlik resursunu yeniləmək üçün effektiv vasitəyə çevrilib. Baş nazir dəfələrlə bəyan edib ki, köhnə sistemin qalıqları tam təmizlənməlidir. Qukasyan isə həmin sistemin simvollarından biridir.

Digər tərəfdən, Ermənistanın beynəlxalq imicinə də ciddi zərbə vuran korrupsiya faktlarının ictimailəşməsi, hökumətin Qərb donorlarına və beynəlxalq təşkilatlara qarşı islahatçı imici formalaşdırmaq cəhdlərini gücləndirir. Bu baxımdan, Gümrü merinin həbsi həm daxili, həm də xarici auditoriyaya hesablanmış ikiqat mesajdır: hakimiyyət korrupsiyaya qarşı güzəştsizdir və heç kim toxunulmaz deyil.

Erməni cəmiyyətinin Qukasyanın həbsi ilə bağlı reaksiyası da maraqlıdır. Sosial şəbəkələrdə yayılan rəylər göstərir ki, əhalinin əksər hissəsi bu hadisəni müsbət qarşılayır. İnsanlar uzun müddətdir Gümrüdə hökm sürən özbaşınalıqdan, idarəetmədə şəffaflığın olmamasından bezib. Hətta bəzi müxalif tərəfdarlar da açıq şəkildə etiraf edirlər ki, Qukasyan kimi fiqurların siyasətdə qalması erməni cəmiyyətində dəyişiklik istəklərinə kölgə salır.

Digər bir maraqlı məqam isə hüquq-mühafizə orqanlarının bu dəfə hadisələrə daha sistemli və koordinasiyalı şəkildə yanaşmasıdır. Əgər əvvəllər bu cür əməliyyatlar qısa müddətdə sönürdüsə, indi proseslər açıq və hüquqi məcrada davam etdirilir. Bu, Ermənistanın hüquqi sistemində nisbi sabitliyin formalaşmağa başladığını göstərir.

Politoloq Ramiyə Məmmədova XQ-yə açıqlamasında bildirdi ki, Vardan Qukasyanın həbsi təkcə korrupsiya ilə mübarizə aksiyası deyil, həm də Ermənistanın siyasi sistemində “köhnə nəsil siyasətçilərin” sıradan çıxarılması mərhələsidir. Onun sözlərinə görə, Qukasyan kimi fiqurların fəaliyyəti postsovet dövründə formalaşmış korrupsiya şəbəkələrinin və yerli oliqarx strukturlarının simvoludur: “Bu gün Paşinyan hökuməti həm daxildə, həm də beynəlxalq müstəvidə ciddi təzyiqlərlə üz-üzədir. Belə şəraitdə Qukasyan kimi şəxslərin həbs edilməsi, ilk növbədə, ictimai rəyə yönəlik addımdır. Hakimiyyət bu yolla göstərmək istəyir ki, o, köhnə sistemin daşıyıcılarını aradan qaldırır. Lakin bu, həm də siyasi risk daşıyır. Çünki Qukasyanın müəyyən sosial bazası var və onun tərəfdarlarının küçələrə çıxması Ermənistanın regionlarında gərginliyi artıra bilər”.

R.Məmmədovanın fikrincə, hadisənin başqa bir tərəfi də var: “Bu proses Paşinyan üçün ikiqat sınaqdır. Əgər Qukasyanın işi şəffaf və hüquqi əsasda aparılarsa, bu, hökumətin reytinqinə müsbət təsir göstərəcək. Amma əgər istintaq siyasi məqsədlərlə manipulyasiya edilərsə, nəticə əks effekt doğura bilər. Ermənistan cəmiyyəti artıq “siyasi qisas” ritorikasına inanmır, o, real ədalət tələb edir”.

Ekspert hesab edir ki, Gümrü merinin həbsi gələcəkdə digər regional rəhbərlərə də siqnal rolunu oynayacaq: “Ermənistanda hakimiyyət dəyişsə belə, bu fiqurların siyasi sistemdən tam təmizlənməsi uzun prosesdir. Qukasyanın həbsi bu prosesin başlanğıcı kimi dəyərləndirilə bilər.

Nəticə olaraq qeyd edə bilərik ki, Qukasyanın saxlanılması təkcə bir korrupsiya qalmaqalı deyil. Bu hadisə Ermənistanın siyasi mübarizə tarixində yeni səhifə açır. Köhnə fiqurların təsir dairəsi daralır, amma hələ tam sıradan çıxmayıb. Müxalifət bu hadisəni siyasi intiqam kimi təqdim etməyə çalışsa da, cəmiyyətin böyük hissəsi artıq fərqi görür: bu dəfə məsələ şəxsi deyil, sistemlidir”.

Səxavət HƏMİD
XQ



Siyasət