Xəzər üzərindən qardaşlıq körpüsü

post-img

Ölkəmizin Qazaxıstanla sıx əməkdaşlığı Türk birliyini daha da gücləndirir

Prezident İlham Əliyevin oktyabrın 21-də Qazaxıstana dövlət səfəri çərçivəsində bu ölkə lideri Kasım-Jomart Tokayevlə mətbuata bəyanatları iki dövlət arasında münasibətlərin təkcə regional səviyyədə deyil, həm də qlobal miqyasda yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirdi. Səfər bir tərəfdən, Azərbaycan – Qazaxıstan əlaqələrinin tarixi və strateji əsaslarını möhkəmləndirir, digər tərəfdən, Avrasiya məkanında formalaşan yeni nəqliyyat, enerji və iqtisadi inteqrasiya proseslərinin mərkəzində bu əməkdaşlığın rolunu ön plana çıxarır.

Dövlətimizin başçısı bəyanatında səsləndirdiyi “Azərbaycan və Qazaxıstanın fəal qarşılıqlı fəaliyyəti ciddi geosiyasi əhəmiyyət daşıyır” fikri bu günün reallığını dolğun əks etdirir. Müasir dövrdə dünya iqtisadiyyatının və logistik sistemlərinin əsas xətti artıq Avrasiya qitəsi boyunca çəkilir. Qlobal ticarət marşrutlarında yaranan dəyişikliklər, xüsusilə Qara dəniz və Baltik istiqamətlərindəki geosiyasi gərginliklər Orta Dəhliz kimi alternativ xətlərin strateji çəkisini artırır.

Bu baxımdan Azərbaycan və Qazaxıstanın qarşılıqlı fəaliyyəti iki dövlətin milli maraqlarına xidmət etməklə bərabər, eyni zamanda, regionda sabitlik, təhlükəsizlik və dayanıqlı inkişaf üçün mühüm zəmin yaradır. Prezident İlham Əliyevin sözləri ilə desək, Qafqaz və Mərkəzi Asiya arasında əlaqələr inkişaf etdikcə və vahid coğrafi məkan çərçivəsində fəaliyyət göstərdikcə bu inteqrasiya həm də Avrasiyanın siyasi xəritəsini yenidən formalaşdırır.

Səfər çərçivəsində hər iki liderin iştirakı ilə təqdim edilən “Orta Dəhlizin inkişafı” layihəsi regional əməkdaşlığın konkret və uzunmüddətli nəticələrə yönəldiyini göstərdi. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu artıq təkcə iqtisadi deyil, həm də strateji konsepsiya kimi qəbul edilir. Çin və Orta Asiya ölkələrini Azərbaycan üzərindən Avropa bazarlarına birləşdirən bu xətt, eyni zamanda, enerji və logistika təhlükəsizliyinin gerçəkləşməsində mühüm vasitə kimi dəyərləndirilir.

Hazırda Çindən Azərbaycana daşımaların həcmi ilbəil artır. Proqnozlara əsasən, 2030-cu ilədək bu həcmin 3 dəfə artacağı gözlənilir. Bu, təkcə yük axınının böyüməsi demək deyil, həm də Orta Dəhlizin rəqabət qabiliyyətinin Avrasiya məkanında üstün mövqe qazanacağına işarədir. Dəhlizin inkişafı Bakı və Astananın strateji məqsədlərinin davamlı şəkildə reallaşdırılması nəticəsində Avropa ilə Asiya arasında yeni nəqliyyat mərkəzinin formalaşmasına gətirib çıxarır.

Prezident İlham Əliyevin bəyanatında xüsusi vurğulanan Zəngəzur dəhlizi layihəsi bu məsələdə xüsusi yer tutur. Dövlət başçısının sözlərinə görə, Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq, bu isə Zəngəzur dəhlizinin regionu vahid iqtisadi və nəqliyyat məkanına çevirməsini təmin edəcək.

Azərbaycan tərəfindən bu infrastrukturun yüksək sürətlə reallaşdırılması ölkəmizin tranzit imkanlarını genişləndirməklə bərabər, həm də Orta Dəhlizin gücünü ikiqat edəcək. Zəngəzur dəhlizi açıldıqdan sonra Mərkəzi Asiyadan gələn yüklərin Avropa istiqamətinə daha qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli marşrutla daşınması mümkün olacaq. Prezident İlham Əliyevin proqnozuna əsasən, bu dəhlizin 2028-ci ilin sonuna qədər tam fəaliyyətə başlaması gözlənilir və bu, bütövlükdə Avrasiyada yeni geoiqtisadi reallıq yaradacaq.

Prezident İlham Əliyev bəyanatında Vaşinqtonda keçirilən sammitin nəticələrindən biri olan TRIPP layihəsinə də toxundu. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə adlandırılan bu layihə Orta Dəhliz çərçivəsində yeni bir marşrutun formalaşmasına şərait yaradır. 15 milyon ton yük dövriyyəsini nəzərdə tutan bu xətt Zəngəzur dəhlizi ilə paralel şəkildə fəaliyyət göstərməklə Azərbaycan və Qazaxıstanın logistik əhəmiyyətini daha da artıracaq.

TRIPP layihəsinin həyata keçirilməsi, eyni zamanda, region ölkələrinin nəqliyyat infrastrukturunu beynəlxalq standartlara uyğunlaşdırmaq baxımından mühüm addımdır. Azərbaycan bu istiqamətdə artıq qabaqcıl təcrübəyə malikdir. Bakı Limanı, Ələt Azad İqtisadi Zonası, Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələr bu sistemin əsas dayaqlarıdır.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin bəyanatında səsləndirdiyi ikitərəfli ticarət dövriyyəsini iki dəfə artırmaq və onu 1 milyard dollara çatdırmaq hədəfi real iqtisadi potensiala əsaslanır. Hər iki ölkə enerji, kənd təsərrüfatı, nəqliyyat-logistika və sənaye sahələrində bir-birini tamamlayan iqtisadi struktura malikdir.

Azərbaycanın Qazaxıstandan neft, taxıl və metal idxalı, Qazaxıstanın isə Azərbaycanın nəqliyyat infrastrukturundan istifadə etməklə Avropa bazarlarına çıxışı qarşılıqlı iqtisadi asılılığı daha da dərinləşdirir. Bununla yanaşı, iki ölkənin milli valyuta sistemlərinin qarşılıqlı inteqrasiyası və elektron ticarət platformalarının birləşdirilməsi üzrə planlaşdırılan addımlar da regional rəqəmsal iqtisadiyyatın inkişafına təkan verəcək.

Azərbaycan və Qazaxıstan həm də enerji sahəsində qarşılıqlı maraqları bölüşür. Xəzər dənizi hövzəsində neft və qaz hasilatında təcrübə mübadiləsi, eləcə də “yaşıl enerji” istiqamətində birgə layihələrin hazırlanması qarşıdakı illərdə əməkdaşlığın əsas istiqamətlərindən biri olacaq.

Xüsusilə bərpaolunan enerji mənbələrindən istifadə, günəş və külək enerjisi layihələrinin inkişafı, həmçinin “yaşıl dəhlizlər” konsepsiyası iki ölkənin 2050-ci ilədək karbon neytrallığı məqsədinə töhfə verə bilər. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda yaratdığı “yaşıl enerji zonası” təcrübəsi də Qazaxıstan üçün diqqətçəkən modeldir.

Azərbaycan və Qazaxıstan xalqlarını birləşdirən dəyərlər ortaq türk kimliyi və tarixi irslə möhkəmlənib. Türk Dövlətləri Təşkilatının fəal üzvləri kimi hər iki ölkə mədəni diplomatiya və humanitar əməkdaşlıq sahəsində nümunəvi addımlar atır. Bu kontekstdə iki dövlət başçısının siyasi iradəsi həm də ortaq mənəvi dəyərlərin qorunmasına yönəlib.

Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri və bu səfər çərçivəsində imzalanan sənədlər göstərdi ki, Azərbaycan və Qazaxıstan Avrasiya məkanında iqtisadi və nəqliyyat inteqrasiyasının əsas hərəkətverici qüvvəsinə çevrilir. Hər iki ölkə balanslaşdırılmış xarici siyasət yürütməklə həm regiondaxili sabitliyi reallaşdırır, həm də beynəlxalq əməkdaşlığın etibarlı tərəfdaşları kimi çıxış edir. Orta Dəhliz, Zəngəzur dəhlizi və TRIPP kimi layihələr Azərbaycanın geoiqtisadi gücünü artırmaqla yanaşı, Mərkəzi Asiya və Qafqaz regionunu birləşdirən strateji mərkəz kimi respublikamızın rolunu da getdikcə möhkəmləndirir. Qazaxıstanla əməkdaşlıq bu prosesin təbii və davamlı əsasını təşkil edir. Beləliklə, Azərbaycan və Qazaxıstanın ortaq gələcəyi artıq təkcə iqtisadi maraqların deyil, ortaq tarixi, strateji və mədəni dəyərlərin də təcəssümüdür. Bu isə müasir Avrasiyanın sabitliyi, inkişafı və inteqrasiyası üçün etibarlı zəmin yaradır.

XQ

Siyasət