Oktyabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 7-ci Beynəlxalq Avrasiya Risk Konfransının açılış mərasimi olub. “İnfrastruktur sistemlərinin riskyönümlü dizaynı və işləməsi: davamlılıq paradiqması” mövzusuna həsr olunmuş məclis mühəndislik, energetika, ekosistemlərin idarə olunması, texnoloji risklər və davamlı inkişaf sahəsində aparıcı beynəlxalq mütəxəssisləri bir araya gətirib.
“AMİR Technical Services” şirkəti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, ABŞ-ın Qnedenko Forumu – Dayanıqlılıq üzrə Beynəlxalq Qrup, Beynəlxalq Suvarma və Drenaj Komissiyası (ICID) və İtaliyanın Milan Politexnik Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransın açılışında ADNSU-nun rektoru, dosent Rüfət Əzizov sürətlə dəyişən müasir dünyada infrastruktur sistemlərinin təhlükəsiz və dayanıqlı idarə olunmasının qlobal əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O qeyd edib ki, bu istiqamətdə elmi əməkdaşlığın və bilik mübadiləsinin gücləndirilməsi, xüsusilə, süni intellekt texnologiyalarının tətbiqi ilə risklərin idarə edilməsinə yeni baxışların formalaşdırılması gələcək nəsil mühəndislərin hazırlığında mühüm rol oynayır. “RİSK-2025” konfransı təkcə elmi araşdırmaların mübadiləsi üçün deyil, həm də regional və beynəlxalq tərəfdaşlıqların möhkəmlənməsi baxımından mühüm platforma rolunu oynayır.
Konfransın ümumi sədri, professor Vüqar Əliyev qeyd edib ki, builki toplantı risk mühəndisliyinin yeni istiqamətlərini, texnoloji dəyişikliklərin ekosistemlərə təsirini və insan amilinin rolunu müxtəlif aspektlərdən araşdırır. Proqram komitəsinin həmsədri, Rusiya Elmlər Akademiyasının Ural Federal Universitetinin Elm və Mühəndislik Mərkəzinin rəhbəri, Nobel Sülh Mükafatı laureatı, professor Svyatoslav Timaşev “İnfrastrukturların risk əsaslı dizaynında və istismarında süni intellekt: təhlükələr və imkanlar” mövzusunda məruzəsində süni intellektin sənaye sistemlərində tətbiqinin potensial təhlükələri və mühüm imkanları barədə elmi arqumentlər irəli sürüb. Alim qeyd edib ki, risk yalnız təhlükə deyil, eyni zamanda inkişafın zəruri mərhələsidir. O, infrastruktur layihələrinin dizaynında süni intellekt alqoritmlərinin etik və təhlükəsizlik aspektlərinin daha dərindən araşdırılmasının vacibliyini söyləyib.
London Universitet Kollecinin Risk və Fəlakətlərin Azaldılması Departamentinin rəhbəri, professor İlan Kelman “Seçim nəticəsində fəlakət: təbii fəlakətlər niyə nadir hallarda baş verir” mövzusunda çıxış edərək insan qərarlarının fəlakətlərin qarşısının alınmasında əsas amil olduğunu vurğulayıb. Siti Universitetinin Qabaqcıl Tədqiqatlar İnstitutunun direktoru, professor Uey Kuo “Təmiz enerji və davamlılıq” mövzusunda açıqlamasında enerji sistemlərinin gələcək inkişafında alternativ mənbələrin və texnoloji innovasiyaların rolunu təhlil edib. Hanoy Vyetnam Milli Universitetinin Siyasət və İdarəetmə İnstitutunun direktoru, professor Bax Tan SİNH “Vyetnamın Mekonq Deltasında daşqınlarla yaşamaq siyasəti” mövzusunda təqdimatında iqlim dəyişikliklərinin Asiya regionunda yaratdığı sosial-iqtisadi təhdidlərdən söz açıb.
İtaliyanın Beynəlxalq İrriqasiya və Drenaj Komissiyasının prezidenti, professor Marko Arcieri “İtaliyada böyük bəndlərin riskyönümlü istismarı” məruzəsində iri infrastruktur obyektlərinin təhlükəsizliyinin qiymətləndirilməsində müasir monitorinq və idarəetmə mexanizmlərinin tətbiq təcrübəsini təqdim edib.
Konfrans çərçivəsində ilk gün riskyönümlü qərar qəbuletmə, ərzaq təhlükəsizliyi və torpaq meliorasiyasında yeni texnologiyalar, həmçinin fəlakət riskləri mövzularında panel və poster sessiyalar da təşkil olunub. 3 gün davam edəcək elmi məclisin ikinci günündə “Davamlılıq paradiqmasında insan amili”, “Risk və şəhər təhlükəsizliyinin kompleks yanaşması”, “Neft və qaz sənayesində risk və dayanıqlılıq”, eləcə də “Texnoloji risklər və davamlı inkişaf” mövzularında müzakirələr aparılacaq.
XQ