Separatçılar yeni “qlavar” axtarırlar

post-img

Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan və 1990-cı illərin əvvəllərində ölkəmizdə mərkəzi hakimiyyətin zəifliyindən istifadə edərək separatçı rejim yaradan şəxslər ciddi vurnuxma və çaşqınlıq içərisindədirlər. 

Obrazlı şəkildə onlar başlarını iti­riblər, desək, yəqin ki, səhv etmərik. Bunun ən bariz nümunəsi qondarma rejimin “qlavar”ı Arayik Arutyunyanın sentyabrın 1-də “istefa” verməsi oldu. Onun “istefa”sı Azərbaycanın 44 gün­lük Vətən müharibəsində qazandığı Zəfərlə, müharibədən sonrakı dövrdə əldə etdiyi hərbi-siyasi uğurlarla bir­mənalı şəkildə bağlıdır. Təkcə bunu qeyd etmək lazımdır ki, separatçı reji­min mövcud olduğu 32 il ərzində onun başçılarından heç biri “istefa” vermə­mişdilər. İstər Robert Koçaryan, istər Arkadi Qukasyan, istərsə də Bako Saakyanın bioqrafiyasında “istefa”nın izi-tozu da yoxdur. A.Arutyunyanın “istefa”sı isə Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallıqların ifadəsidir.

Qarabağ separatçıları vəziyyətdən çıxış yolu tapmaq üçün, demək olar ki, hər gün hansısa yeni bir təşəbbüslə çıxış edirlər. Belə təşəbbüslərdən birini səsləndirən Qarabağ separatçılarının əldəqayırma parlamentində “ikinci bö­yük siyasi qüvvə” olan “Vahid vətən” partiyasının rəhbəri Samvel Babayan Bakıya təkliflər verdiyini təsdiqləyib. Ancaq o, Qarabağdakı “humanitar böh­ran”ın həlli üçün təklifləri kimə, hansı kanallara verdiyini və nə cavab aldığını açıqlamayıb. Qarabağdakı separatçı rejimin keçmiş müdafiə naziri, indi­ki “hakimiyyət”in tənqidçisi Babayan “Azadlıq radiosu”nun erməni xidmətinə deyib ki, onda həll variantları var və pa­ket Bakıya göndərilib. Dediyinə görə, bəzi cavablar da var, müzakirələr gedir. Bir masa arxasında əyləşib məsələləri müzakirə etmək planı da var. Babayan öz təklifini ümumi şəkildə belə təsvir edib: “Azərbaycanlılarla qarşılıqlı ina­ma nail olmaq, daha sonra siyasi həllə keçmək lazımdır”.

Azərbaycanla hansı yolla ünsiy­yət qurduğunu açıqlamayan Babayan bildirib ki, onda Qarabağ rejiminin də Bakı ilə əlaqə saxlaması (?), hətta bunu gündəlik etməsinə dair informa­siya var. Ancaq separatçı rejim belə bir informasiya verməyib.

Qeyd edək ki, Azərbaycan Xankən­didəki rejimin təmsilçisi ilə sonuncu dəfə martın 1-də təmas qurduğunu açıqlayıb. Belə ki, Milli Məclisin depu­tatı Ramin Məmmədov Qarabağda ya­şayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs kimi müəyyən olunub. Mar­tın 1-də Xocalıda ilkin təmaslar aparı­lıb. Təəssüf ki, bu təmaslardan sonra erməni sakinlərin nümayəndələrinin arzuolunmaz açıqlamalarının şahidi olduq.

Onu da bildirək ki, sentyabrın 8-də qondarma parlament rejimə yeni baş­çı “seçməlidir”. Bu postu avqust ayın­dan bəri “parlament”ə rəhbərlik edən “Daşnaksütyun” partiyasının təmsilçisi David İşxanyanın tutacağı gözlənilir. İşxanyan hazırda “artsax prezidenti” vəzifəsini icra edir. Dünən onun ça­ğırdığı məsləhətləşmə zamanı “parla­mentdə” yeni “qlavar”ın kim olacağı ilə bağlı məsələlər müzakirə olunub.

Bu təyinata son günlər pisləşən Rusiya–Ermənistan münasibətləri kon­tekstində də baxmaq mümkündür. Belə ki, İşxanyan məhz Koçaryana, Sarkis­yana yaxın, eləcə də Rusiya meyilli şəxs hesab olunur.

***

Bu arada Ermənistan baş naziri Nikol Paşinyan hökumətin dünən keçi­rilən iclasında Azərbaycanın yeni təxri­batlara hazırlaşdığını iddia edib. Deyib ki, son həftə ərzində regionumuzda hərbi-siyasi vəziyyət xeyli pisləşib. Səbəb isə guya, Azərbaycanın neçə gündür Qarabağın təmas xəttində və Ermənistan–Azərbaycan sərhədi bo­yunca qoşun toplamasıdır.

Paşinyana Azərbaycan Xarici İşlər Nazirliyinin cavabı özünü çox gözlət­məyib. Nazirlik bildirib ki, Ermənistan baş nazirinin sentyabrın 7-də hökumə­tin iclası zamanı Azərbaycanı bölgədə hərbi-siyasi vəziyyəti gərginləşdirmək­də təqsirləndirməsi, guya, Azərbayca­nın ərazidə qüvvələr cəmləşdirməsi iddiaları irəli sürməsi İrəvanın növbəti saxta siyasi manipulyasiyasının tərkib hissəsidir. Qeyd olunub ki, bölgədə təhlükəsizliyə əsl hədənin Ermənistan tərəfindən hərbi-siyasi təxribatların davam etməsi, Azərbaycanın ərazi bü­tövlüyü və suverenliyinə qarşı baş na­zir daxil olmaqla Ermənistan tərəfinin davam edən iddiaları, öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən hələ də çıxarılmayan erməni silahlı qüvvələ­ri olduğu hər kəsə məlumdur. “Bölgədə sülh və təhlükəsizliyin bərqərar olması üçün Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli, hərbi və siyasi təxribatlara son qoyma­lı, sülh müqaviləsi danışıqlar prosesi­nin uğurla nəticələnməsi istiqamətində törədilən maneçilikləri dayandırmalı­dır”, – deyə XİN-in açıqlamasında bil­dirilib.

Paşinyanın səsləndirdiyi iddialar­la bağlı Qərbi Azərbaycan İcması da məlumat yayıb. Məlumatda deyilir: “Ermənistan baş naziri Nikol Paşin­yanın 2023-cü il sentyabrın 7-də ver­diyi açıqlamalar bir daha onu göstərir ki, rəsmi İrəvanın Azərbaycanla sülh müqaviləsini imzalamaq, Azərbaycana qarşı ərazi iddiasına son qoymaq niy­yəti yoxdur. Ermənistan yalnız sözdə Azərbaycanın ərazi bütövlüyünü tanı­yıb. Ermənistanın mövqeyi, əslində, aşağıdakı kimidir: “Ermənistan Azər­baycanın suverenliyini və ərazi bütöv­lüyünü o halda tanıyır ki, beynəlxalq mexanizm çərçivəsində Bakı-Xankən­di danışıqları vasitəsilə Qarabağ er­mənilərinin hüquq və təhlükəsizliyi təmin edilsin”. Hər dəfə “beynəlxalq mexanizm” kimi utopik fikirləri təkrar etməklə Ermənistanın baş naziri faktiki olaraq Azərbaycana şərt qoyur. Tarix Nikol Paşinyanın 2020-ci il Tovuz dö­yüşlərindən sonra Azərbaycana qarşı “7 şərt”lə çıxış etməsini, onun və ölkə­sinin sonrakı aqibətini yaxşı xatırlayır. Təəssüf ki, Ermənistan baş naziri sülh müqaviləsini imzalamamaqla yana­şı, həm də bölgədə vəziyyəti daha da kəskinləşdirir. Bir daha vurğulayırıq ki, N.Paşinyan bu günlərdə qondarma qurumun “müstəqilliyinin ildönümü”nə dair müraciəti ilə danışıqlar prosesini məhv edib”.

Qərbi Azərbaycan İcması qeyd edib ki, Ermənistan öz ordusunun qalıqları­nı tam olaraq Azərbaycanın suveren ərazilərindən çıxarmalı, Azərbaycanın daxili işlərinə kobud müdaxilədən əl çəkməlidir. Qarabağda yaşayan ermə­ni sakinlərə dialoq təklifi ünvanlayan Azərbaycandan ibrət götürərək bizim öz dədə-baba yurdlarımıza qayıdışı­mızla bağlı Qərbi Azərbaycan İcması ilə təmaslara başlamalıdır.

Həm separatçı rejimdə cərəyan edən prosesləri, həm də Ermənistan­dan səslənən bəyanatları təhlil etdikdə bu qənaətə gəlmək olur ki, haylar sülh müqaviləsi imzalamaqdan hələ xeyli uzaqdırlar. Görünür, ermənilələrin real­lığı bir daha dərk etmələri üçün “dəmir yumruğa” ehtiyacı var.

ZAUR MƏMMƏDOV,
Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq

– Qarabağın ermənilər yaşayan hissəsindəki rejim bundan sonra öz ömrünü uzun müddət davam etdirə bilməyəcək. Əgər kimsə oradakı ermənilərin bütün məsuliyyətini öz üzərinə götürmək istəyirsə, başa düşməlidir ki, Azərbaycan cəmiyyə­tinə reinteqrasiya labüddür və heç bir digər məsələdən söhbət gedə bilməz.

Bugünlərdə Xarici işlər naziri Cey­hun Bayramov da müsahibə zamanı bildirib ki, dialoqdan imtina edənlər, onlara mesaj göndərə biləcək və hər hansı vədlər verəcək üçüncü güclə­rin əllərində girov olmaqdan qurtul­malıdır. Onlar keçmişə nəzər salmalı və nə əldə etdiklərini düşünməlidir. Nazir qeyd edib ki, yeganə yol dialoq və Azərbaycanın tərkibində öz gələ­cəyini müzakirə etməkdir. Başqa yol yoxdur, çünki qalan bütün variantlar qeyri-legitimdir. Bu, bizim qırmızı xəttimizdir.

Bundan sonra Azərbaycanın əra­zisində heç bir boz zona olmayacaq. Artıq bunu beynəlxalq ictimaiyyət də bilir. Təsadüfi deyil ki, beynəlxalq ictimaiyyətin reaksiyası həm Ermə­nistanı, həm də separatçıları qane etmir. Onlar beynəlxalq ictimaiyyət­dən Azərbaycana münasibətdə fərqli mövqe nümayiş etdirməyi xahiş edir­lər. Lakin başa düşməlidirlər ki, Qa­rabağın Azərbaycan ərazisi olması reallığı ilə hamı barışıb, bunu hər kəs qəbul edir və separatçıların köhnə istəkləri artıq baş tutmayacaq. Ermə­nistandan fərqli olaraq, Azərbaycan öz mövqeyində sabitdir.

Səxavət NAZİMOĞLU
XQ



Siyasət