Ermənistan vəziyyəti gərginləşdirir

post-img

İrəvan–Afina hərbi əməkdaşlığı yeni təxribatlara yol açır

Son vaxtlar Ermənistandan səslənən bəzi bəyanatlar bu ölkənin 44 günlük Vətən müharibəsindən dərs almadığını göstərir. Əgər əvvəllər təcavüzkar ölkədə Qarabağ klanı, daşnaklar və digər marginal qruplar radikal-revanşist bəyanatlar verirdilərsə, hazırda baş nazir Nikol Paşinyan da onların sırasına qoşulub.

Güman etmək olar ki, N.Paşinyan bunu özbaşına etmir. Onu revanşist bəyanatlar verməyə təhrik edən bir sıra dövlətlər və qüvvələr var. Fikir versək, görərik ki, son vaxtlar Paşinyanın çıxış­larının tonunda, üslubunda xeyli dəyi­şiklik var. Əgər Paşinyan cari il mayın 23-də keçirdiyi mətbuat konfransında Azərbaycanın 86,6 min kvadratkilo­metrlik ərazi bütövlüyünü tanıdığını, bura Qarabağın da daxil olduğunu bə­yan etmişdisə, bugünlərdə fikrinə re­daktələr eləyir. Sentyabrın 2-də Azər­baycan torpaqlarında qondarma “dqr”in yaradılmasnın 32-ci ildönümü münasi­bətilə yaydığı müraciətdə Hayastan baş naziri deyib: “Bir daha qeyd etmək istər­dim ki, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının müdafiəsi məsələləri dönməz şəkildə həll olunma­yana qədər, Dağlıq Qarabağın ərazi qu­rumu kimi mövcud olmaması və Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bü­tün bəyanatlar əsassızdır”. Göründüyü kimi, Paşinyanın bu bəyanatı əvvəlkilər­dən köklü şəkildə fərqlənir. O, bununla regional sabitliyə xələl gətirən, populist siyasətçiyə xas yanaşma sərgiləyir. Yeri gəlmişkən, Paşinyanın müraciətinin adının bir il ərzində xeyli dəyişməsi də diqqətdən yayınmır. Belə ki, onun builki müraciəti “Dağlıq Qarabağın müstəqillik bəyannaməsinin qəbul edilməsi müna­sibətilə” adlanıb. 2022-ci il sentyabrın 2-də isə Paşinyanın təbriki “Artsax res­publikasının elan edilməsinin 31-ci ildö­nümü münasibətilə” başlıqlı idi.

Bundan əlavə, Ermənistan son vaxtlar müxtəlif yaxın-uzaq ölkələrlə hərbi və hərbi-texniki əməkdaşlığı ge­nişləndirir. Bu sırada xüsusilə Fransa­nın, Hindistanın, Yunanıstanın, Kipr Respublikasının (Cənubi Kipr) və İra­nın adlarını çəkmək lazımdır. Ermənis­tanın media məkanında, demək olar ki, hər gün adları çəkilən ölkələrlə hərbi və hərbi-texniki əməkdaşlığın inkişafı ilə bağlı informasiyalar yayımlanır. Ölkələ­rin müdafiə sahəsinə məsul şəxslərin səfərlərinin intensivləşməsi də diqqət­dən yayınmır.

Bu istiqamətdə yayılan sonuncu məlumat Ermənistan və Yunanıstanın hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalamağı planlaşdırması ilə bağlıdır. “Armenpress”in məlumatına görə, sazişin təsdiq edilməsi məsələsi Ermənistan hökumətinin iclasının gün­dəliyinə daxil edilib.

Sazişin təsdiq olunması ilə bağlı la­yihənin əsaslandırmasında qeyd edilir ki, Ermənistanla Yunanıstan arasında dostluq qədim dövrlərdən (?) ümumi dəyərlərə və möhkəm tarixi bağlara əsaslanır. Bildirilir ki, erməni-yunan əlaqələri ənənəvi olaraq isti və dostluq xarakteri daşıması ilə fərqlənir, eləcə də müasir dövrdə iki ölkə arasında sıx əlaqələr mövcuddur. Əməkdaşlıq və tərəfdaşlıq, demək olar ki, bütün sahələri əhatə edir.

“Ermənistan-Yunanıstan siyasi di­aloqunun yüksək səviyyəsi, eləcə də ikitərəfli və çoxtərəfli platformalar üzrə qarşılıqlı fəaliyyət müdafiə sahəsində daha sıx və səmərəli əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Buna görə Er­mənistan da əməkdaşlığın genişləndi­rilməsinə və dərinləşdirilməsinə yönəl­miş səylərə böyük əhəmiyyət verir”, – deyə layihənin əsaslandırmasında bildirilir. Eyni zamanda, qeyd olunur ki, İrəvan sazişin imzalanmasına Ermə­nistan və NATO arasında vacib körpü, eləcə də Şimali Atlantika Təşkilatı üzv ölkələri ilə əlaqələrin inkişafı konteks­tində tərəfdaşlığın dərinləşdirilməsi va­sitəsi kimi yanaşır.

Sazişin müddəaları tərəflər arasın­da əməkdaşlığın istiqamətlərini, xü­susən müdafiə qabiliyyətini gücləndir­mək məqsədilə yeni texnologiyalar və hərbi təyinatlı məhsullar üzrə tədqiqat­ların stimullaşdırılmasını, milli qanun­vericiliyə uyğun olaraq inkişaf və isteh­sal sahələrində əməkdaşlığı müəyyən edir. Sənəd hərbi-texniki əməkdaşlığın formaları, o cümlədən texniki kadrların hazırlanması, üçüncü ölkələrdə isteh­sal olunan hərbi təyinatlı məhsulların təmiri və istismarı ilə bağlı xidmətlə­rin göstərilməsinə dair müddəaları da nəzərdə tutur.

Bildirilir ki, iki ölkənin müdafiə nazir­lərinin qarşılıqlı səfərləri, o cümlədən müdafiə sahəsində indiyədək imzalan­mış bir sıra hüquqi müqavilələr hər iki tərəfin mövcud əlaqələri daha yüksək səviyyəyə qaldırmaq istəyindən xəbər verir.

Əlbəttə, hansısa ölkənin digəri ilə hərbi əməkdaşlığı inkişaf etdirməsi onun suveren hüququdur. Ancaq bu­rada tərəflərdən birinin Azərbaycan ərazilərin 30 ilə yaxın işğal altında saxlayan, bu gün də Qarabağdakı se­paratçı rejimi dəstəkləyən Ermənistan, digərinin isə Azərbaycanın ən yaxın strateji müttəfiqi Türkiyə ilə ciddi prob­lemlər yaşayan Yunanıstan olduğu nəzərdən qaçmamalıdır. Aydın olur ki, erməni-yunan hərbi əməkdaşlığı, əs­lində, Azərbaycan-Türkiyə tandeminə qarşı yönəlib. Belə olan təqdirdə bu məsələyə münasibət bildirməyə zə­rurət yaranır.

***

Qeyd etdiyimiz kimi, Hayastan tək­cə Yunanıstanla yox, digər ölkələrlə, o cümlədən yer üzündəki ikinci yu­nan dövləti olan Cənubi Kiplə də hərbi əməkdaşlığı genişləndirir. Sentyabrın 7-də Ermənistanın müdafiə naziri Su­ren Papikyanla Cənibi Kiprin müdafiə naziri Mixalis Yorqallas arasında te­lefon danışığı olub. Papikyan öz “Fa­cebook” səhifəsində telefon danışığı zamanı Ermənistan və Kipr ətrafında təhlükəsizliklə ilə bağlı məsələlərin müzakirə edildiyini yazıb. “Mən həm­karıma son günlər Ermənistan–Azər­baycan sərhədindəki vəziyyəti təqdim etdim. Həmçinin, müdafiə sahəsində ikitərəfli əməkdaşlığın gedişi müzakirə olundu. Biz əməkdaşlığın hazırkı sə­viyyəsindən məmnunluğumuzu ifadə etdik və onun daha da genişləndirilmə­sinə hazır olduğumuzu vurğuladıq”, – deyə Papikyan bildirib.

Onu da qeyd edək ki, 2023-cü il ap­relin 20-də İrəvanda Ermənistan, İran və Hindistan xarici işlər nazirlikləri ara­sında üçtərəfli formatda ilk siyasi məs­ləhətləşmələr keçirilmişdi. İyulun 5-də isə Nikosiyada Ermənistan–Yunanıs­tan–Kipr üçtərəfli müdafiə məsləhət­ləşmələri keçirilib. Ermənistan müdafiə nazirliyi o vaxt bildirmişdi ki, tərəflər üç ölkənin müdafiə qabiliyyətinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsi üçün birgə addımlar atmağa hazır ol­duqlarını təsdiqləyiblər. Müzakirələr nəticəsində Ermənistan, Yunanıstan və Kiprdə bir sıra tədbirlərin keçirilmə­sini özündə əks etdirən üçtərəfli hərbi əməkdaşlığa dair illik proqram imza­lanmışdı.

Göründüyü kimi, Ermənistan hö­kuməti bölgədə destruktiv siyasətini davam etdirir. Buna rəğmən hayların baş naziri dünən Azərbaycanın yeni təxribatlara hazırlaşdığını iddia edib. Paşinyan hökumətin iclasında deyib ki, son həftə ərzində regionumuzda hər­bi-siyasi vəziyyət xeyli pisləşib: “Sə­bəb odur ki, Azərbaycan neçə gündür Qarabağın təmas xəttində və Ermə­nistan–Azərbaycan sərhədi boyunca qoşun toplayır. Qarabağda “humanitar böhran” pik həddə çatıb. Aydındır ki, Azərbaycan bu hərəkətləri ilə Qara­bağa və Ermənistana qarşı yeni hərbi təxribat törətmək niyyətində olduğunu nümayiş etdirir”. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət, BMT Təhlükə­sizlik Şurasının üzvü olan dövlətlər re­gionumuzda yeni partlayışın qarşısını almaq üçün ciddi tədbirlər görməlidir­lər.

Ermənistan baş naziri bölgədə təhlükəsizlik mühitinə xələl gətirən ad­dımlarına, yeni təxribatlar üçün digər ölkələrlə hərbi əməkdaşlığı genişlən­diməsinə rəğmən, Azərbaycanı itti­ham etməsi heç bir ölçüyə sığmayan hərəkətdir. Ancaq biz hayların xislətinə bələd olduğumuz üçün baş nazirin açıqlamasına görə də təəccüblənmirik. Sadəcə onu deməyi özümüzə borc bi­lirik ki, bölgədə baş verə biləcək bütün təxribatların məsuliyyəti tam şəkildə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.

Alparslan İMAMQULU,
ehtiyatda olan polkovnik-leytenant

– İrəvanın Afina ilə uzun illər­dən, demək olar ki, Ermənistanın müstəqillik əldə etməsindən bəri hərbi əməkdaşlığı mövcuddur. Er­mənistanın hərbi kadrlarının bir çoxu bu ölkədə yetişib və yetişməkdədir­lər. Necə ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq var və bu əməkdaşlıq çərçivəsində bizim bir çox zabitlərimiz Türkiyənin ali hərbi məktəblərində, akademiyalarında təhsil alıblar. Eyni proses Ermənis­tanla Yunanıstan arasında da baş verir. Sadəcə, fərq ondadır ki, Azər­baycan–Türkiyə hərbi əməkdaşlığı bölgədə sülhə, əmin-amanlığa xid­mət edirsə, Ermənistan–Yunanıstan hərbi əməkdaşlığı hərbi təxribatların baş verməsinə, dağıdıcılığa, işğalçı niyyətlərə yönəlib.

Bilirsiniz ki, Yunanıstanla Tür­kiyə arasında problemlər var. Həm­çinin Hindistanın hazırda Ermənis­tana müxtəlif istiqamətlərdə dəstək verməsi Pakistanla Azərbaycanın müttəfiqliyi ilə əlaqədardır. Amma Cənubi Qafqazda Rusiyanın dəstəyi və ya icazəsi olmadan heç bir ölkə Ermənistana dəstək ola bilməz. Burada Rusiyanın proksi fəaliyyəti var. Rusiyanın adını çəkən yoxdur. Amma şimal qonşumuzun göstərdiyi istiqamətlərdə Hindistan, Yunanıs­tan, İran kimi dövlətlər bu gün Ermə­nistana müttəfiqlik etməkdə və ona dəstək verməkdədirlər.

Ermənistan–Yunanıstan hər­bi-texniki əməkdaşlıq sazişinin imza­lanması Hayastan ordusuna dolayısı ilə verilən dəstəkdir, onun hazırlıq səviyyəsini yüksəltməkdir.

Səxavət HƏMİD
XQ





Siyasət