25 ailənin də Füzuli həsrəti bitdi

post-img

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. 

Dünən növbəti köç karvanı Bakı şəhərinin Qaradağ ra­yonundakı “Qobu Park-3” ya­şayış kompleksindən rayona yola salınıb. Bununla Füzuli şəhərinə daha 25 ailə – 102 nəfər köçürülüb.

Həmin gün ailələrə mənzillərin açarları təqdim edilib və onlar yenidən tikilən evlərdə məskunlaşıblar. Açarları Qarabağ İqtisadi Ra­yonuna daxil olan İşğaldan azad edilmiş əra­zilərdə Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov təqdim edib. İndiyə­dək Füzuli şəhərində 95 ailənin – 349 nəfərin daimi məskunlaşması təmin edilib.

Sürətlə bərpa edilən Füzuli şəhərinin ilk sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyeva­ya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər. On­lar bu yolda canlarından keçən şəhidlərimizin xatirəsini böyük ehtiramla yad ediblər.

XQ



Son xəbərlər