İslam İnkişaf Bankı ilə əməkdaşlıq genişlənir

post-img

Xəbər verildiyi kimi, Azərbaycanın fəal əməkdaşlıq etdiyi beynəlxalq maliyyə qurumlarından olan İslam İnkişaf Bankı qrupuna daxil olan İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının rəhbəri Oussama Kaissinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib. 

Səfər çərçivəsində qonaqlar Azər­baycan Respublikasının Energetika Na­zirliyində olublar. Energetika naziri Pərviz Şahbazovla keçirilən görüşdə Azərbay­canla İslam İnkişaf Bankı arasında uğur­lu və səmərəli əməkdaşlığın həyata ke­çirildiyi vurğulanıb, bankın ölkəmizdə müxtəlif sahələrdə, o cümlədən energe­tika sahəsində həyata keçirdiyi layihələrə verdiyi dəstək yüksək qiymətləndirilib.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən irə­li gələn strateji hədəflər, işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan layihələr və “yaşıl enerji” zonasının yaradılması, enerji səmərəliliyi, bərpaolunan enerji sahəsinin inkişafı istiqamətində görülən tədbirlər haqqında nümayəndə heyətinin üzvlərinə ətraflı məlumat verilib. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğu­ran digər məsələlər ətrafında fikir müba­diləsi aparılıb.

Xatırladaq ki, İslam İnkişaf Bankı 1973-cü ilin dekabrında Ciddədə keçi­rilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) daxil olan ölkələrin maliyyə nazirlərinin konfransında imzalanan Niyyət Bəyan­naməsinin nəticəsi olaraq təsis edilib. Bankın yaradılmasında əsas məqsəd yoxsulluğun azaldılması, davamlı iqtisadi artımın təşviq edilməsi və regional inteq­rasiyanın dəstəklənməsindən ibarət olub. Dünyanın aparıcı maliyyə-kredit qurum­larından biri olan İslam İnkişaf Bankının üzvləri müsəlman ölkələridir. 

Bankın qarşısında duran əsas vəzifə məhz maliyyələşdirməni İslam prinsinp­ləri əsasında aparmaqdır. Belə ki, bank üzv ölkələrin və fərdi müsəlman cəmiy­yətlərinin iqtisadi inkişafını və sosial tərəqqisini İslam hüququ əsasında təmin edir. Qurum iqtisadi və sosial inkişaf üçün layihələrin maliyyələşdirilməsi, müəs­sisələrin xüsusi kapitalında iştirak və ya investitsiya qoyuluşu, qrantların və ssu­daların verilməsi şəklində üzv dövlətlərə maliyyə yardımı ayırır. 

Qeyd edək ki, əhalisinin mütləq çox­luğunun və əksəriyyətinin müsəlmanlar­dan ibarət olduğu 56 ölkə İslam İnkişaf Bankının üzvüdür. Üzvlük üçün nəzərdə tutulan başlıca şərt isə iddiaçı qismində çıxış edən dövlətin İƏT-ə üzv olmasıdır. 

İslam İnkişaf Bankı ilə Azərbaycan arasındakı əməkdaşlığın əsası ötən əs­rin 90-cı illərinin əvvəllərində qoyulub. Belə ki, ölkəmiz tarixi müstəqilliyinə qo­vuşduqdan sonra beynəlxalq iqtisadi təş­kilatlara inteqrasiya istiqamətində ardıcıl siyasət aparmağa başlayıb. Həmin dövr­də İslam İnkişaf Bankı ilə də əməkdaşlıq etmək və ona üzv olmaq müstəqilliyini yenicə qazanmış respublikamızın xarici iqtisadi siyasəti üçün prioritet daşıyırdı. Nəhayət, 1992-ci il iyulun 4-də Azərbay­canın quruma üzv qəbul edilməsi bu bey­nəlxalq maliyyə qurumu ilə əməkdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanlar yaradıb. Hazırda ölkəmiz İslam İnkişaf Bankında 9,76 milyon ABŞ dolları (ümu­mi səhm kapitalının 0,13 faizi) pay sahibi olmaqla onun işində yaxından iştirak edir.

Son illər İslam İnkişaf Bankı ilə Azər­baycan arasında əlaqələr sürətlə inkişaf edir. Ötən müddətdə bu beynəlxalq ma­liyyyə qurumu ilə əməkdaşlıq çərçivəsin­də bankın prinsip və məqsədlərinə uyğun ölkəmizdə bir sıra layihələr icra olunub. Ekspertlərin fikrincə, uzun illərdir ki, Azərbaycan bu səmərəli əməkdaşlıqdan yüksək mənfəət götürür. Belə ki, uğurlu əməkdaşlığın nəticəsi olaraq bank Azər­baycanda həyata keçirilən bir sıra dövlət əhəmiyyətli layihələrə kreditlər ayırır, ki­çik qrantlar təqdim edir. 

Bankın Azərbaycanda maliyyələşdir­diyi mühüm layihələrə Bakı bərk məişət tullantılarının yandırılması zavodunun, Vəlvələçay-Taxtakörpü kanalının və Cə­nub İstilik Elektrik Stansiyasının tikinti­sini, eləcə də Yevlax-Gəncə avtomobil yolunun və Mingəçevir Su Elektrik Stan­siyasının yenidən qurulmasını misal çək­mək olar. Bütövlükdə isə, ötən müddətdə dövlət zəmanəti ilə bankdan 18 layihə üzrə kreditlər cəlb edilib və onların icrası uğurla başa çatdırılıb.

Əvvəlki dövrlərdə olduğu kimi, bu ilin ötən dövründə də Azərbaycanla İslam İnkişaf Bankı arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib, vacib görüşlər keçirilib. Xatırladaq ki, Prezident İlham Əliyevin fevralın 26-da ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı qrupu­nun prezidenti Məhəmməd Süleyman Əl-Casiri qəbul edərək Azərbaycanla İslam İnkişaf Bankı arasında həyata ke­çirilmiş uğurlu və səmərəli əməkdaşlığı yüksək qiymətləndirib.

Ölkəmizin həyata keçirdiyi layihələrə bankın verdiyi dəstəyə görə minnətdar­lığını bildirən dövlətimizin başçısı həm regional səviyyədə inkişaf prosesləri, həm də artıq ölkəmizdə icra olunmağa başlanan “Azərbaycan 2030: sosial-iqti­sadi inkişafa dair Milli Prioritetlər” baxı­mından əməkdaşlığın gələcək formatı­nın müəyyənləşdirilməsinin zəruriliyini vurğulayıb. 

İslam İnkişaf Bankının Azərbaycanın bu təşkilata üzvlüyündən qürur duydu­ğunu və ölkəmizin həmişə fəal iştirakçı olmaqla bu qurumun fəaliyyətinə böyük töhfə verdiyin bildirən Məhəmməd Sü­leyman Əl-Casir həyata keçirilən birgə layihələrin Azərbaycanda iqtisadiyyatın, o cümlədən infrastrukturun inkişafı baxı­mından önəmini qeyd edib.

Səudiyyə Ərəbistanı Krallığının Cid­də şəhərində İslam İnkişaf Bankının (İİB) Müdirlər Şurasının 48-ci illik top­lantısında ölkəmizi iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin başçılıq etdiyi nümayəndə heyəti İslam İnkişaf Bankının rəhbəri ilə görüşüb. Görüş zamanı E. Əliyev bankla tərəfdaşlığın genişləndirilməsi, işğaldan azad edil­miş ərazilərimizin bərpası və yenidən qurulmasında əməkdaşlıq, KOB-ların dəstəklənməsi, bankların maliyyələş­dirilməsi, enerji və ərzaq təhlükəsizliyi ilə bağlı fikirlərini bildirib. Məhəmməd Süleyman Əl-Casir Azərbaycanın ban­kın fəaliyyətinə böyük töhfə verdiyini, əməkdaşlığımızın uğurlu tarixə malik ol­duğunu bildirib. O, həyata keçirilən birgə layihələrin Azərbaycanda iqtisadiyyatın, o cümlədən infrastrukturun inkişafı baxı­mından önəmini qeyd edib, əməkdaşlı­ğın genişləndirilməsi, xüsusilə ölkəmizin işğaldan azad edilmiş ərazilərində həya­ta keçiriləcək layihələrdə bankın maraqlı olduğunu bildirib. 

Bununla yanaşı, ilə ərzində keçirilmiş bu qəbildən olan digər görüşlərdə İslam İnkişaf Bankı ilə ölkəmiz arasında əmək­daşlığın mövcud vəziyyəti və gələcək perspektivləri barədə geniş fikir müba­diləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib. 

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat